• 19 Aprel 2024
logo
Azərbaycan Prezidenti: “Ermənistan 3+3 təşəbbüsünə mövqe bildirməyib

Azərbaycan Prezidenti: “Ermənistan 3+3 təşəbbüsünə mövqe bildirməyib

“Mənim fikrimcə, hazırda region ölkələrində müzakirə olunan təşəbbüslər müsbət istiqamətə - əməkdaşlığa yönəlib. Bilirsiniz, 3+3 təşəbbüsü var. Bu təşəbbüs Rusiya, İran, Türkiyə və Azərbaycan tərəfindən dəstəklənib. Gürcüstanın etirazı var, Ermənistan isə öz mövqeyini bildirməyib. Nə hə deyib, nə yox. Yenə mövqe yoxdur”.
Bunu Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində “Cənubi Qafqazda perspektivlər, vəziyyət barədə nə deyərdiniz” sualına cavabında deyib.
Dövlət başçısı bildirib ki, əgər bu müsbət mövqe olsa, bu istiqamətdə işə başlamaq olar: “Bu isə öz növbəsində həm regionda sabitləşməyə və təhlükəsizlik risklərini minimallaşdırmağa kömək edəcək, həm də şərait yaradacaq ki, region ölkələrinin qarşılıqlı fəaliyyətini onlar özləri müəyyən etsinlər, necə yaşayacaqlarını özləri həll etsinlər. Region hansısa kənar təsirdən xilas olacaq. Bizim mövqeyimiz belədir. Biz onu nümayiş etdiririk və təkcə nümayiş etdirmirik, biz bu istiqamətdə iş aparırıq. Ermənistan istisna olmaqla bütün qonşularımızla yaxşı, demək olar ki, yaxın dostluq münasibətlərimiz var, biz bu münasibətləri qiymətləndiririk. Buna görə, əgər Ermənistan bu formata qoşulsa, hamının xeyrinə olacaq. Biz bu əzmdəyik. Lakin ola bilsin, onlara vaxt lazımdır. Ola bilsin, onların keçirdiyi psixoloji şok hələlik onların mühüm addımlar atmasına imkan vermir. Çünki onların bütün ideologiyası ekspansionizm, işğalçılıq, saxta tarix əsasında qurulub. Onlar özlərini inandırıblar ki, haqlıdırlar. Onların faciəsi budur. İndi onlar yeni tərzdə yaşamalıdırlar. Tamamilə başqa reallıqlarda yaşamalı və başa düşməlidirlər ki, olub keçənlər daha heç vaxt olmayacaq. Onlar qüvvələr nisbətini, geosiyasi şəraiti, qüvvələr nisbətinin perspektivini sayıq qiymətləndirməlidirlər. Yenə illüziyalara, hansısa mifoloji təmsillərə uymamalı, vəziyyəti sayıq qiymətləndirməlidirlər. Lakin hələlik bunu görmürük. Görmürük. Yəqin ki, hələ vaxt yetişməyib. Necə deyərlər, sonuncu ölən ümid olur. Gəlin, ümid edək”.