• 19 Oktyabr 2021
logo
“GUAM əhəmiyyətli platformadır”

“GUAM əhəmiyyətli platformadır” - politoloq

“Xarici işlər naziri Ceyhun Bayramov BMT sessiyası çərçivəsində Nyu-Yorkda GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında çıxış edib. Bu COVID-19 pandemiyası ilə bağlı qapanmadan sonra GUAM Xarici İşlər Nazirləri Şurasının ilk toplantısı idi”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, birincisi, Ceyhun Bayramov deyib ki, GUAM regional təşkilat olaraq dayanıqlı sülhün və inkişafın təmin edilməsi üçün əhəmiyyətli platformadır: “İkincisi, Ceyhun Bayramov GUAM-İsrail Birgə Bəyannaməsini alqışlayıb. Azərbaycan kimi Gürcüstan, Ukrayna və Moldovanın da İsraillə tərəfdaşlıq münasibətləri var.
Üçüncüsü, Ceyhun Bayramov GUAM Parlament Assambleyasının (PA) 13-cü sessiyasının kommünikesi beynəlxalq və regional parlamentlərarası assosiasiyaları ilə əməkdaşlığı davam etdirmək niyyətini bir daha təsdiq edib.
Dördüncüsü, Ceyhun Bayramov GUAM-a üzv dövlətlərə müraciət edərək Azərbaycanın irəli sürdüyü minaların insan hüquqlarına təsiri ilə bağlı bəyanata qoşulmağa və bununla bağlı Cenevrədəki daimi nümayəndəliklərinə təlimat verməyə dəvət edib.
Beləliklə, Ceyhun Bayramov əməkdaşlıqla bağlı bəndləri sadalamaqla rəsmi Bakının GUAM-ın fəaliyyətində əvvəlkitək maraqlı olduğunu bildirib. Halbuki, Moldova, Ukrayna və Gürcüstan bu il ərzində öz aralarında birliyin inkişafına çalışıblar.
Bu ilin may ayında Kiyevdə 3 ölkənin xarici işlər nazirləri görüşüb. Nazirlər üçtərəfli görüş zamanı hər üç ölkənin Avropaya inteqrasiyasının sürətləndirilməsi məqsədi ilə birgə koordinasiya və əməkdaşlıq formatının təsis edilməsi barədə memorandum imzalayıblar. Memoranduma əsasən, hər üç ölkə Avropa İttifaqına üzvlüyü son məqsəd elan edib.
Ukrayna, Gürcüstan və Moldova prezidentləri iyulun 20-də Batumidə bir araya gələrək Avropa İttifaqı ilə daha dərin inteqrasiyasiyanı nəzərdə tutan bəyannamə imzalayıblar. 3 ölkənin məqsədi Avropa İttifaqına üzv olmaqdır. Bəyannamənin imzalanması mərasimində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də iştirak edib.
Gürcüstan, Moldova və Ukraynadan fərqli olaraq Azərbaycanın Avropa İttifaqına üzvlük hədəfi yoxdur. Azərbaycan 3 ölkədən fərqli olaraq Avropa İttifaqı ilə assosiativ saziş imzalamayıb. Bu səbəbdən Azərbaycan Batumi bəyannaməsinə qoşulmayıb. Buna baxmayaraq, rəsmi Bakı GUAM platformasından imtina etmək istəmir. Bunun bir neçə səbəbi var.
Birincisi, Azərbaycan GUAM platforması çərçivəsində tərəfdaşları və yeni üzvlərlə kollektiv dialoqu davam etdirmək istəyir.
İkincisi, Azərbaycanın Qərbin dəstək verdiyi GUAM platforması vasitəsilə Rusiya və Qərb arasında balanslaşdırılmış siyasətini davam etdirmək imkanı var.
Üçüncüsü, hər birində separatçı bölgə olan GUAM ölkələri bir-birlərinin ərazi bütövlüklərini birmənalı dəstəkləyirlər. Bu amil də Azərbaycan üçün əhəmiyyətlidir”.

Əli