• 24 Aprel 2024
logo
Ceyhun Bayramov: “Beynəlxalq ictimaiyyət revanşist yanaşmalardan əl çəkməsi üçün Ermənistana təzyiq etməlidir”

Ceyhun Bayramov: “Beynəlxalq ictimaiyyət revanşist yanaşmalardan əl çəkməsi üçün Ermənistana təzyiq etməlidir”

"Azad edilmiş ərazilərin mina ilə kütləvi çirklənməsi Azərbaycan Hökumətinin başladığı genişmiqyaslı bərpa və yenidənqurma planlarının həyata keçirilməsinə ciddi şəkildə mane olur. Ən əsası, bu, yüz minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə geri dönmək hüququnun həyata keçirilməsinə təsir göstərir".
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında çıxışı zamanı deyib.
"Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət Ermənistana revanşist yanaşmalardan əl çəkmək üçün təzyiq göstərməlidir ki, Ermənistan bunun əvəzinə davamlı sülh və inkişaf üçün unikal imkandan istifadə etsin. Üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsinin, müharibənin bütün nəticələrini aradan qaldırmaq və bölgədəki bütün ölkələr və onların xalqları üçün firavan bir gələcək qurmaq yolunda alternativi yoxdur", - deyə C. Bayramov vurğulayıb.
Nazir qeyd edib ki, beynəlxalq hüququn tətbiqi sülh, təhlükəsizlik və inkişaf üçün bir şərtdir: "Təəssüf ki, GUAM-a üzv dövlətlərin ərazilərində həlli uzanmış münaqişələr sülh və təhlükəsizliyə təhdid yaratmağa davam edir və bu münaqişələr suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməlidir".