• 6 Dekabr 2021
logo
Siyasi nevrozdan şizofreniyaya...

Siyasi nevrozdan şizofreniyaya...

Yaxud qələbəmizlə barışmayanların dərdi nədir?

Müzəffər Ordumuzun işğalçı üzərində Qələbəsinin ildönümü yaxınlaşdıca, üzərimizə yürüməyə, regiondakı vəziyyəti gərginləşdirməyə, sülhün, təhlükəsizliyin təmin olunmasına maneə yaratmağa çalışanların sayı durmadan artır. Daha doğrusu, pusquda dayanan maraq ovçuları iyrənc niyyətlərini gerçəkləşdimək üçün sağa-sola vurnuxaraq, zəif nöqtəmizi tapmağa, canımız, qanımız bahasına bərqərar etdiyimiz ədaləti yenidən edam kötüyünə daşımağa cəhd göstərirlər.
Bu xüsusda nəzərə çarpan, əslində işartıları hər zaman görülən, lakin qələbəmizdən sonra daha qabarıq şəkildə göz önünə sərgilənən “yenilik” regionda və subregionda maraq savaşı aparan qüvvələrin postmünaqişə reallıqlarına münasibətdə aşırı əsəbilik nümayiş etdirmələridir. Sülhdən, əminamanlıqdan dəm vuran, uzunmüddətli və uğursuz vasitəçilik missiyası həyata keçirən, yaxud klassik Şərq hiyləgərliyi ilə, riyakarcasına, yeri gəldi-gəlmədi “vasitəçilik”dən dəm vurub işğalın davam etməsi üçün əlindən gələni əsirgəməyən, xəyanətin dibinə varanların əsəbləri tarıma çəkilib və birbaşa siyasi nevrozdan şizofreniyanın ən son həddinə adlamaqdadırlar.
Təbii ki, bu məqamda ortalığa ənənəvi bir sual çıxır: Nə üçün? Cavab isə sualın özü qədər sadədir. Çünki Azərbaycanı daim məğlub durumda görmək, bundan yararlanmaqla öz şərtlərini diqtə etmək, Azərbaycanla Ermənistan arasında ziddiyyətləri, barışmazlığı, münaqişəli vəziyyəti qoruyub saxlamaqla, stimullaşdırmaqla bölgənin daim kənar müdaxiləyə açıq durumda olmasını təmin etmək istəyirlər. Mövcud reallıqlar çərçivəsində ayrı-ayrı qütbləri qane etməyən səbəblərdən biri, nə qədər paradoksal görünsə də, Azərbaycanın qələbəsi sayəsində Ermənistanın da regionda münaqişə yaradan aktor rolundan xilas olmasıdır. Mahiyyət etibarilə, hazırda Azərbaycana qarşı gerçəkləşdirildiyi təəssüratını yaradan çeşidli qarayaxma kampaniyalarının hədəfində isə bütövlükdə Cənubi Qafqaz və bölgənin münaqişələrdən uzaq gələcəyi dayanır.
...Artıq bir ilə yaxındır ki, müharibə başa çatıb, işğala və münaqişəyə son qoyulub, amma bir sıra ölkələrin təmsilçiləri bu reallıqla barışmaq istəmirlər. Məsələn, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi fasilə vermədən münaqişənin həll olunmadığını, bu istiqamətlərdə səylər göstərilməsinin zəririlıiyini vurğulayır. Nədir bu səfirin və onu təlimatlandıranların dərdi? Əsas məqamlardan yuxarıda söhbət açdığım üçün təkrarlamayacağam. Amma başqa bir məqam da var. Bu da qalib gəldiyimiz halda bizdən məğlub kimi davranmağımızın istəniləməsi, Ermənistanın yenidən münaqişə yaratmağa təhrik edilməsidir.
ABŞ səfirinin ardıcıl şəkildə əsassız bəyanatlar verməsi onu göstərir ki, rəsmi Vaşinqton Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasında maraqlı deyil, münaqişənin yenidən alovlanmasına Ermənistanda revanşizm meyllərinin daha da güclənməsinə və daxili siyasi mübarizədə yenidən ultramillətçi ideoloji faktorların önə keçməsinə çalışır.
Bu gün Azərbaycanda Birləşmiş Ştatların həm BMT Təhlükəsizlik Şurasının daimi üzvü, həm də ATƏT-in Minsk Qrupunun həmsədri kimi 30 ilə yaxın bir zaman kəsiyində Azərbaycan torpaqlarının işağlına son qoyulması, münaqişənin həlli müstəvisində heç bir pozitiv addım atmadığını, əksinə münaqişəli vəziyyətin qorunub saxlanılması, işğalın davam etməsi üçün bütün mümkün siyasi, diplomatik mamevr imkanlarından istifadə etdiyini hər kəs xatırlayır. ABŞ işğalın davam etdiyi zaman kəsiyində nə BMT TŞ-nin müvafiq qətnamələrinin, nə də ATƏT-in sədri tərəfindən Minsk Qrupunun həmsədri kimi ona verilən mandatın müddəalarının yerinə yetirilıməsi üçün əlini “ən kiçicik daşın” altına da qoymayıb. Əksinə bu “əl” işğalçının başını tumarlamaqla onu işğalı davam etdirməyə sövq və təhrik edib.
Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərə, bir milyona yaxın insanın fundamental hüquqlarının pozulmasına, kütləvi qətliam və soyqırım aktlarına göz yuman bir ölkənin bu gün, hətta qəbul etmədiyi postmünaqişə dövründə belə regionda cərəyan edəcək proseslərdə yer almağa heç bir mənəvi haqqı yoxdur.
Azərbaycan Vaşinqtonda özünə iş yeri tapa bilməyən uğursuz diplomatların gün keçirəcəkləri, tirizm səfərlərinə gələcəkləri və hətta sərxoş təbəssümlə kameralar qarşısına keçib “poz verəcəkləri” məkan deyil.

Elçin Mirzəbəyli