• 3 İyul 2020
logo
Politoloq: Radikal müxalifət satqınlıq və digər yad ideyaları özünə istiqamət seçərək vətənə xəyanət edir

Politoloq: Radikal müxalifət satqınlıq və digər yad ideyaları özünə istiqamət seçərək vətənə xəyanət edir

Azərbaycanda özünü müxalifət adlandıran qüvvələrin əsas məqsədi nəyin bahasına olursa-olsun, guya müxalif bir güc kimi mövcud olmalarını göstərməkdir. Konkret tələblərini ortaya qoymadan, sadəcə olaraq, bir sıra əzbərlənmiş şüarlarla özlərini göstərməyə çalışırlar.
Bunu politoloq Arzu Nağıyev deyib. Politoloq bildirib ki, radikal müxalifət bir problem kimi daim məmur və vətəndaş münasibətlərini misal olaraq göstərməyə çalışır: “Ancaq əsl siyasətçilər ümumi dövlət maraqlarından da çıxış etməlidirlər. Təsəvvür edin, ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma “erməni soyqırımı” ilə bağlı qərar qəbul edir, ancaq bununla bağlı radikal müxalifət kəsiminin heç bir nümayəndəsi münasibət də bildirmir. Taleyüklü məsələlərə heç bir münasibət bildirməyən bu müxalifət nəyin bahasına olursa-olsun iqtidara qarşı çirkin mübarizə yolunu seçib. Təbii ki, bu, mübarizə yolu deyil, belə məsələlər hay-küylə, qışqırtılarla olmur”.
A.Nağıyev vurğulayıb ki, son mitinqlər bir daha göstərdi ki, istər Avropa dövlətləri olsun, istər Amerika Birləşmiş Ştatları, istər də digər dövlətlərin drijorluğu və diqtəsi ilə müəyyən addımlar atmaq heç radikalların özlərinə də şərəf gətirmir:
“Azərbaycan vətəndaşı başa düşür ki, bu, onların ideyası deyil, sadəcə olaraq Azərbaycanda gedən islahatlara kölgə salmaq, eyni zamanda, nəticəsini görməmək kimi prinsiplərdən çıxış edirlər. Düşünürəm ki, özünü müxalifət adlandıran qüvvələr ayrı-ayrılıqda şəxsi ambisiyalarını kənara qoymalıdırlar. Təəssüf ki, onlar özlərinin mənafeyindən başqa heç bir məsələ barədə fikirləşmirlər. Təsəvvür edin, ölkədə bu qədər forumlar, mühüm beynəlxalq tədbirlər keçirilir. Lakin istər regional, istər beynəlxalq problemlərin həllinə müsbət töhfələr verən və Azərbaycanın gələcəyini həll edə biləcək tədbirlərə bunların laqeyd münasibət bəsləməsi, müsbət istiqamətdə açıqlama verməməsi bir daha göstərir ki, onları düşündürən ancaq özləridir, özlərinin həm maddi, həm siyasi mənafeləridir və bu məsələlərdən istifadə edərək sahibləri qarşısında hesabat verməkdir.
Siz həqiqətən də müxalif qüvvələrsinizsə, Azərbaycanın bütün problemlərinin həllində öndə getməlisiniz. Yoxsa, satqınlıq və digər yad ideyaları özünə istiqamət seçərək hərəkət etməklə vətənə xəyanət edirsiniz".