• 26 Aprel 2024
logo
Vətən Müharibəsinin bir ili: Azərbaycanın yaratdığı geosiyasi reallıqlar

Vətən Müharibəsinin bir ili: Azərbaycanın yaratdığı geosiyasi reallıqlar

Sentyabrın 27-si Vətən Müharibəsinin başlanmasından 1 il ötür. Müharibəyə aparan yollar, Azərbacan ordusunun qələbə əzmi və yaratdığımız yeni geosiyasi reallıqlar nədən ibarətdir? Ekspertlər bu məsələ ilə bağlı “Xalq Cəbhəsi”nə fikirlərini bölüşüblər.
Politoloq Taleh Əliyev bildirdi ki, hər şeydən öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övlatlarının əziz xatirəsini hörmət və ehtiramla anaraq bildirmək istəyirəm ki, bu gün yaşadığımız qalib millət adını ölməzlərimizə-şəhidlərimizə borcluyuq: “Ona görə də bizə qürur və iftixar hissi yaşadanlarımızı anmaq bizim borcumuzdur. Sizin də qeyd etdiyiniz kimi, bir neçə gündən sonra sentyabrın 27-də ikinci Qarabağ savaşının başlamasının bir ili tamam olur. Təbii, mənfur düşmən bilsəydi ki, növbəti təxribatının sonunda onu bu günə qədər yaşamadığı bir tarixi məğlubiyyət gözləyir yəqin ki, belə yaramazlığa yol verməzdi. Amma olan oldu. Düşmən gözləmədiyi anda gözləmədiyi zərbəni Azərbaycan ordusundan aldı. Tarixdə çox az sayda belə müharibələr olub ki, qısa müddətdə yeni geosiyasi reallıqlar yarada bilsin. İkinci Qarabağ savaşının iştirakçısı kimi deyə bilərəm ki, bu tarixi qələbənin əldə edilməsində Azərbaycan xalqının həqiqətən bir yumuruq kimi birləşməsi oldu”.
Onun sözlərinə görə, Azərbaycan ordusunun arsenalında ən müasir hərbi texnikanın olması çox vacib şərt idi: “Amma ondan da vacib və əhəmiyyətlisi ordunun döyüş ruhunun və mənəvi-psixoloji ruh yüksəliyinin olması idi. Saysız hesabsız qəhrəmanlıq nümunələri var ki, bu müharibədə məhz hərbçilərimizin yüksək döyüş əhval-ruhiyyəsi sayəsində bir-birindən qürurverici qələbələrlə yadda qaldı. Şübhəsiz ki, bu qəhrəmanlıqların ən qürurvericisi Şuşanı sıldırım qayaları aşaraq işğaldan azad edilməsi əməliyatıdır. Məhz bu əməliyyat mənəvi psixoloji cəhətdən darmadağın olan düşmənin havadarlarını vadar etdi ki, proseslərə müdaxilə etsinlər”.

Diqtə edən tərəf

Taleh Əliyev dedi ki, bax bu möhtəşəm döyüş səhnələri Azərbaycanı məğlub dövlətdən qalib dövlətə çevirdi: “İndi Azərbaycan diqtə olunan tərəf deyil diqtə edən tərəfdir. Buda Azərbaycanın güclənməsindən narahat olan bütün düşmənlərimizi hərəkətə gətirib. Amma vəziyyət heç vaxt əvvəlki kimi olmayacaq Azərbaycan və Türkiyənin təşəbbüsü ilə həyata keçrilən yeni regonal əməkdaşlıq müstəvilərinin yaranması təkcə erməniləri yox, onların bütün havadarlarını məyus edəcək”.

Düşənbə görüşü

Siyasi şərhçi Asif Nərimanlı bildirdi ki, münaqişənin həllində danışıqlar deyil, müharibə variantının önə çıxması 30 ilə yaxın dövrdə masada həll prosesinin heç bir nəticə verməməsi, dalana dirənməsi idi. Onun fikrincə, bu məsələdə işğalçı Ermənistan günahkar olduğu qədər, onu dəstəkləyən beynəlxalq güclər, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də günahkardır: “Masada proses tükənəndə müharibə variantı işə düşdü.
Müharibəyə aparan yollar Paşinyanın hakimiyyətə gəlişindən sonra daha da sürətləndi. Aprel müharibəsindən sonra danışıqlar faktiki dalana dirənmişdi və sonradan bəlli oldu ki, Sarkisyan aprel müharibəsindən sonra münaqişənin həlli ilə bağlı öhdəlik götürsə də, bunu yerinə yetirməyib. 2016-2018-ci illə arasında demək olar ki, Qarabağ məsələsi beynəlxalq ictimaiyyət üçün də arxa plana keçmişdi. Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə münaqişənin həllinə də ümidlər yenidən artdı. ABŞ prezidentinin müşaviri Con Boltonun bölgəyə səfəri zamanı İrəvanda səsləndirdiyi “Paşinyanın komandası seçkidə qalib gələrsə, münaqişənin həllinə töhfə verəcəyinə inanırıq” sözləri də kulis danışıqlarında razılaşmalardan xəbər verirdi. Paşinyan seçkidə qalib gəldi, ardınca İrəvan və Bakı arasında müəyyən təmaslar yaşandı. Ən ciddi təmas Düşənbədə “lift diplomatiyası” adlandırılan təmas idi. Prezident İlham Əliyevlə Nikol Paşinyan qısa müzakirələrdə cəbhədə gərginliyin azaldılması üzərində razılaşma əldə etmişdilər. Sonralar - artıq münaqişənin həllinə yaranmış ümidlər yenidən öləndə Prezident İlham Əliyev Paşinyanın hakimiyyətini möhkəmləndirmək üçün Düşənbədə ondan vaxt istədiyini açıqladı. Əslində Düşənbə görüşü Bakının strateji addımı idi və müharibə niyə 2018-ci ildə - İrəvanda daxili xaos yarandığı vaxt yox, iki il sonra baş verdi sualının cavabı da həmin görüşdədir”.

Geosiyasi şərtlər

Siyasi şərhçi əlavə etdi ki, birincisi, həmin vaxt geosiyasi şərtlər münaqişənin həlli üçün həlledici zərbənin vurulmasına imkan vermirdi: “İkincisi, Prezident İlham Əliyev Nikol Paşinyana hakimiyyətini gücləndirmək üçün vaxt verməklə, Azərbaycanın mövqeyini gücləndirmək, həlledici zərbənin vurulması üçün şərtləri yetişdirmək gedişi edirdi. Bura həm ölkə daxilində islahatların aparılması, həm də ordunun cəbhə boyu mövqelərinin gücləndirilməsi, belə demək mümkünsə, son yoxlanışı etmək və əskikləri tamamlamaq daxildir.
Azərbaycan danışıqlara sadiq idi, amma paralel olaraq, hərbi varianta zərurət yaranacağı təqdirdə, ordunu da hazır vəziyyətə gətirirdi. Düşənbədə İlham Əliyevdən vaxt istəyən Paşinyan hakimiyyətini gücləndirən kimi vədinə xilaf çıxdı və Bakıya qarşı açıq təxribatlara başladı. Xankəndidə Ermənistan Təhlükəsizlik Şurasının iclasının keçirilməsi, “Miatsum”un yenidən gündəmə gətirilməsi, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı müharibəni yetişdirirdi. Tovuz təxribatı səbr kasasının daşması üçün sonuncu damla oldu və Bakıda anladılar ki, İrəvanla masada anlaşmaq mümkün olmayacaq.
Burada həm də geosiyasi şərtlərin yetişməsi də gözardı edilməməlidir. Proseslər göstərir ki, Prezident İlham Əliyev hər şeyi incəliyinə qədər hesablayıb. 2020-ci ilin 27 sentyabrı Ermənistanın yenidən mülki əhaliyə hücumundan sonra Azərbaycan Ordusu əks-hücuma keçdi. 4 ilə işğal edilmiş torpaqlarımız cəmi 44 günə azad edildi. Burada həlledici amil təkcə Azərbaycan Ordusunun qüdrətinin artırılması istiqamətində aparılan dövlət siyasəti yox, həm də Azərbaycan əsgərinin illərlə bu günü gözləməsi, Ali Baş Komandanın “Vur” əmrinə hazırlaşması idi”.

Alt-üst edilən mif

Ekspert əlavə edib ki, ordumuz tarix yazdı, Ermənistanın 30 illik miflərini alt-üst etdi, işğal altındakı torpaqlarımızı azad etdi və bütün bunlarla yanaşı, həm də dünya hərb elminin istiqamətini dəyişdi: “44 günlük müharibədən sonra ABŞ, Almaniya kimi böyük dövlətlər də daxil olmaqla dünya ölkələrinin hərbi strategiyasına yenidən baxması, hərbi arsenalını yenidən gözdən keçirməsi Azərbaycan əsgərinin Qarabağda açdığı cığırın nəticəsidir.
Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə böyük Zəfər qazandı. Bu Zəfərin geosiyasi reallıqlara da təsiri var. Əslində müharibə niyə 2018-ci ildə - İrəvanda xaosun yaşandığı vaxt yox, iki il sonra baş verdi sualının digər cavabı da buradadır.

Həlledici coğrafiya

2020-ci ilin başlanğıcından etibarən dünyada yeni siyasi nizamın formalaşması prosesinə start verildi. Bu nizamda qlobal güc Qərbdən Şərqə keçir, yaxud artıq dünya təkqütblü sistemdən imtina edirdi. Qarabağ münaqişəsinin həlli ilə Azərbaycan, ümumilikdə Cənubi Qafqaz iki qütb arasında birləşdirici və həlledici coğrafiyaya çevrilir. Xüsusilə Avrasiyanın gələcəyini müəyyən edəcək nəhəng layihələrin əsas dəhlizləri Azərbaycanın üzərindən keçir və böyük ölkələrlə müqayisədə kiçik görünən Azərbaycan həm də böyük dövlətləri onunla hesablaşmağa məcbur edir. “Bir kəmər, bir yol” layihəsinin bütün dəhlizlərinin Azərbaycan üzərində hab kimi birləşməsi perspektivi bunun bariz nümunəsidir. Bununla yanaşı, Qarabağ münaqişəsinin həlli Bakı və Ankaranın yeni regional güc olaraq ortaya çıxması ilə nəticələndi. Prezident İlham Əliyevin dediyi kimi, bu regional güc qlobal gücə də çevrilə bilər.
Geosiyasətdə yeni reallıqları məhz Azərbaycan Ordusu 44 gün ərzində yazdığı dastanla yaratdı. Azərbaycanın yaratdığı yeni reallıqda bundan sonra da qalib tərəf Azərbaycan olacaq”.

Əli Zülfüqaroğlu