• 27 Oktyabr 2021
logo
Elin Süleymanov: “Azad olunmuş torpaqlarda Britaniya investisiyalarının artmasını istərdik”

Elin Süleymanov: “Azad olunmuş torpaqlarda Britaniya investisiyalarının artmasını istərdik” - MÜSAHİBƏ 

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiyadakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanovun APA-nın London müxbirinə müsahibəsi
- Erməni lobbisinin güclü olduğu Amerika Birləşmiş Ştatlarından Azərbaycana dost hesab olunan Britaniyaya səfir təyin olundunuz. Buradakı mühiti necə qiymətləndirirsiniz?
- Dünyada bu gün erməni lobbisi həmişə Azərbaycanın, Türkiyənin əleyhinə, əslində isə Ermənistanın gələcəyi əleyhinə çalışır və çalışmağa da davam edir. Ona görə ki, onlar öz xalqının gələcəyindən çox, öz siyasi maraqlarını düşünürlər. Bu şəxslər hər yerdə var, ABŞ-da da, burda da. Ancaq bu gün Azərbaycana dünyada münasibət ümumiyyətlə dəyişib. Azərbaycan xalqı müzəffər bir xalqdır. Azərbaycan öz haqqını almağa qədir olan xalqdır və bu xalq bütün dünyanın gözləri önündə özünü doğrultdu. Ona görə də, ümumiyyətlə Azərbaycana münasibət dünyada dəyişib və dəyişməkdə davam etməkdədir. Bu da Azərbaycan xalqının və cənab Ali Baş Komandanın böyük nailiyyətidir.
- Cənab səfir, Azərbaycan və Britaniya arasında əlaqələrin indiki vəziyyəti barədə nə deyə bilərsiniz?
- İki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Böyük Britaniya Azərbaycanın Avropada və dünyada strateji tərəfdaşlarından biridir. Britaniyanın mina təmizləmə layihələrində iştirakı, həm də bu yaxınlarda bu istiqamətdə yarım milyon funt sterlinq həcmində maliyyə vəsaiti ayırması da onu göstərir ki, əlaqələrimiz həqiqətən də çoxşaxəlidir, etibarlıdır və kifayət qədər inkişaf edib.
- Britaniyanın ən böyük şirkətlərindən olan BP Azərbaycanda uzun illərdir fəaliyyət göstərir. Hazırda Britaniya Azərbaycanın ən böyük xarici investorudur. Lakin bunlar, əsasən, neft-qaz sektoruna aiddir. Britaniyanın daha çox şirkətinin, qeyri-neft sektoruna aid qurumlarının Qarabağın bərpası prosesinə və regional kommunikasiyaların açılışı fəaliyyətlərinə cəlb olunmasını faydalı sayırsınızmı?
- Düşünürəm ki, azad olunmuş torpaqlarımızın minalardan təmizləmə layihələrində Britaniyanın iştirakı faktı çox vacibdir. “British Council”un Azərbaycandakı fəaliyyəti də təqdirə layiqdir.
Böyük Britaniyanın BP şirkətinin Cəbrayıl və Zəngilan rayonlarında yeni alternativ enerji layihələrini həyata keçirtməyə başlaması da çox vacib fraqmentdir. Bilirsiniz ki, bununla bağlı iyun ayında mühüm bir müqavilə imzalanıb. Azad olunmuş torpaqlarda biz Britaniya investisiyalarının artmasını görmək istəyərdik və düşünürəm ki, bunu görəcəyik.
Bundan əlavə, təhsil sahəsində Britaniya ilə əməkdaşlıq etmək də olduqca faydalıdır.
Biz ölkə olaraq regionumuzda davamlı sülhün bərqərar olmağını istəmişik. Britaniyanın sülhə, Azərbaycan və digər dövlətlərin müstəqilliyinə, suverenliyinə dəstəyi olduqca vacibdir. Bu baxımdan postkonflikt vəziyyətində Britaniyanın daha da fəal olması həm Britaniya həm də bizim üçün yaxşı olar.