• 25 Aprel 2024
logo
Gürcüstanın Baş naziri: "Azərbaycan dövləti və azərbaycanlılar bizim qardaşlarımızdır"

Gürcüstanın Baş naziri: "Azərbaycan dövləti və azərbaycanlılar bizim qardaşlarımızdır"

Azərbaycan və azərbaycanlılar bizim üçün sadəcə, qonşu deyil, bizim əla dostluq və qardaşlıq əlaqələrimiz var.
Bunu Gürcüstanın Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində SOCAR-ın dəstəyi ilə inşa edilmiş idman kompleksinin açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
Baş nazir bildirib ki, həyata keçirilən birgə layihələr iki ölkə arasında əməkdaşlığın səviyyəsini yaxşı nümayiş etdirir: "3 milyon lari dəyərindəki bu layihə bizim qardaşlığımız, dostluğumuz və əməkdaşlığımıza dair çox yaxşı nümunədir. Azərbaycanlı qardaşlarımız və Azərbaycan dövləti bizim üçün sadəcə, qonşu deyil. Mən hər zaman deyirəm ki, Azərbaycan dövləti və azərbaycanlılar bizim qardaşlarımızdır, bizim əla əlaqələrimiz var. Biz strateji tərəfdaşlarıq, vacib layihələr həyata keçiririk. SOCAR ilə birlikdə hökümət ölkə ərazisində misligörünməmiş miqyasda qazlaşdırma işləri aparır. Bizim əməkdaşlığımız olduqca məhsuldardır".
İ.Qaribaşvili SOCAR-ın Gürcüstanın ən böyük investorlarından biri olduğunu, onun ölkədəki fəaliyyətinin və yüz milyonlarla dollar həcmindəki investisiyalarının Gürcüstan üçün çox vacib olduğunu vurğulayıb.