• 20 Oktyabr 2021
logo
Aİ-nin xüsusi nümayəndəsi: “Müharibənin acı xatirələri hər zaman qalacaq, lakin biz gələcəyə baxmalıyıq”

Aİ-nin xüsusi nümayəndəsi: “Müharibənin acı xatirələri hər zaman qalacaq, lakin biz gələcəyə baxmalıyıq”

“Döyüşlərin, dağıntıların acı xatirələri hər zaman qalacaq, lakin əsas odur ki, biz gələcəyə doğru baxaq”.
Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdamda deyib.
Aİ rəsmisi bildirib ki, oxşar təcrübəni Avropa İkinci Dünya müharibəsində yaşayıb: “İkinci Dünya müharibəsindən sonra bizim liderlər bəyan etdilər ki, yeni yol tapmaq lazımdır, biz birgə yaşamağa və irəliyə doğru getməliyik. Düşünürəm ki, Avropa İttifaqının bu təcrübəsini Azərbaycanla, Ermənistanla və ümumilikdə Cənubi Qafqazla bölüşə bilərik.
İki dünya müharibəsinin çox acı irsinin, nəticələrinin öhdəsindən gəlmək təcrübəmiz bəlkə də burada irəliyə getmək üçün bir yoldur. Biz regionda fərqli gələcəyin qurulmasına kömək etmək üçün Azərbaycanla, Ermənistanla, Cənubi Qafqazla birlikdə çalışmaq istəyirik. Acı xatirələr var, amma biz gələcəyə baxmalıyıq".
T. Klaar əlavə edib ki, 30 illik acı münaqişə öz arxasında ağrı və yara izləri qoyub: “Biz də Avropada müharibə ilə üzləşəndə kilsələrimiz, məzarlıqlarımız, abidələrimiz dağıdılmışdı. Bunlar acı xatirələrdir. Lakin biz İkinci Dünya müharibəsindən sonra fərqli bir Avropa qurmağı qərara aldıq. Müharibə dəhşətli şeydir. Bu gün Prezidentin xüsusi nümayəndəsinin də qeyd etdiyi kimi, biz hamımız müharibənin dəhşətini hər zaman xatırlamalı, lakin eyni zamanda daha yaxşı gələcək üçün irəliyə baxmalıyıq. Biz Avropada bunu öyrənmişik, Avropa İttifaqı bunun nümunəsidir”.