• 27 Oktyabr 2021
logo
Siyasi partiyaların təmsilçiləri Bakıda Türk şəhidliyini ziyarət edib

Siyasi partiyaların təmsilçiləri Bakıda Türk şəhidliyini ziyarət edib

Azərbaycanda bir qrup siyasi partiyaların nümayəndələri Bakının işğaldan azad olunmasının 103-cü ildönümü münasibətilə Türk şəhidliyini ziyarət ediblər.
Ziyarətdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Yeni Azərbaycan Partiyasının sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova, REAL Partiyasının üzvləri Erkin Qədirli və Natiq Cəfərli, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev iştirak ediblər.
Ziyarətçilər sırasında partiyaların rəhbər şəxsləri ilə yanaşı, digər üzvləri də olub.
Onlar abidənin önünə gül düzüb, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.
Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 15 sentyabrın əlamətdar bir gün olduğimi bildirib və qeyd edib ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixi köklərə əsaslanır: "Bakının işğaldan azad edilməsi zamanı 5 mindən çox türk əsgəri öz canını qurban verib. Bu hadisələr Azərbaycan xalqının yaddaşına həkk olunub. Azərbaycan xalqı hər zaman türk şəhidlərinin xatirəsini əziz tutur. Bakı Türk Şəhidliyi abidəsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının bir rəmzidir. Bura xalqımızın ehtiramla yad etdiyi məkana çevrilib”.
YAP sədrinin müavini bildirib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir: “Bizim ortaq mədəniyyətimiz, dilimiz, dinimiz var. İki ölkə arasında dünyada analoqu olmayan münasibətlər sistemi qurulub. Bizim dostluq və qardaşlıq münasibətimiz 102 ildən sonra da təkrar olunub. Azərbaycanın haqq savaşında Türkiyə mənəvi və siyasi dəstək göstərib. Türkiyə Vətən müharibəsində Azərbaycanla bir olduğunu bütün dünyaya nümayiş etdirib. Bu gün Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik zirvəsinə ucalıb. Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri, qardaşlığı bütün sahələrdə əməkdaşlığa, görülən işlərə öz töhfəsini verməkdədir. Hər iki ölkə başçısının iştirakı ilə imzalanan Şuşa Bəyannaməsindən sonra da görülən işlər göz qabağındadır”.
Tahir Budaqov qeyd edib ki, artıq Azərbaycanın güclü və müzəffər ordusu var: “Ölkəmizdə ordu quruculuğu davam edir. Bu işdə də Türkiyə Azərbaycanla birlikdədir. Son zamanlar həyata keçirilən birgə hərbi təlimlər də bunu bir daha nümayiş etdirir. Şuşa Bəyannaməsindən sonra Azərbaycan və Türkiyə Qafqazda yeni reallıqlar yaradıb. Mən bir daha bütün Azərbaycan xalqını bu əlamətdar hadisə münasibətilə təbrik edirəm”.
Böyük Azərbaycan Partiyasının sədri (BAP) Elşad Musayev jurnalistlərə açıqlamasında deyib ki, 100 il bundan əvvəl də millətimizin ağır günündə qardaş türklər bizim köməyimizə gəlib: "Bakısız Azərbaycanın müstəqilliyini təsəvvür etmək çətin idi. Belə bir gündə xalqımız ayağa qalxdı və qardaş türk Azərbaycana yardım etdi. Biz Nuru və Ənvər Paşanı minnətdarlıqla xatırlamalıyıq. İndi də çətin gündə Azərbaycan və Türkiyənin bir yerdə olduğu aydın görünür. 44 günlük Vətən müharibəsində də qardaş Türkiyənin hər cür dəstəyini gördük. Dünyanın belə keşməkeşli zamanında Azərbaycan tək deyil. Azərbaycan artıq şərt qəbul edən deyil, diqtə edən dövlətdir. Xoşbəxtik ki, Azərbaycanın Türkiyə kimi müttəfiqi və qardaşı var".
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, 103 il əvvəl Azərbaycan fəlakətlər yaşadığı bir vaxtda qardaş ölkənin Qafqaz İslam ordusu Azərbaycanın yenicə yaradılmış ordusu ilə birgə çox böyük çətinliklərlə üzləşmələrinə baxmayaraq, bolveşik-daşnaq dəstələrini darmadağın edib Bakıya daxil oldu".
O qeyd edib ki, bununla Azərbaycanın müstəqilliyi üçün geniş imkan açılıb: "Azərbaycan yeni dövrə qədəm qoydu. Bu, ən çətin zaman kəsiyində Türkiyə-Azərbaycan münasibətlərinin bizə verdiyi tarixi qürurdur. 102 il sonra sentyabr ayında Azərbaycanın ermənilər və onların arxalarında duranlara qarşı Vətən müharibəsi başlayanda yenə qardaş Türkiyə bizimlə bərabər oldu. Bu dəfə həm siyasi, həm də mənəvi dəstək verdi. Qürurluyuq ki, biz türkük və bu gün çox sevincli anlar yaşayırıq".
FəzailAğamalı qeyd edib ki, artıq Azərbaycan Türkiyə ilə müttəfiqlik müqaviləsi içərisindədir: "Şuşa Bəyannaməsi Azərbaycana geniş imkanlar açır. Bu gün Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimləri keçirilir. Azərbaycan güclü üçlüyün içərisində Qafqazda parlamaqdadır. Biz bu gün üçün hər bir türk şəhidinə tarix boyu minnətdarıq".