• 17 Sentyabr 2021
logo
Yezidin uşaqları, yaxud iki şərin həmrəyliyi

Yezidin uşaqları, yaxud iki şərin həmrəyliyi

“İmam Quseyn xoroşiy,
Yezid bolşoy sukin sın,
Plov davay pobolşe,
Yezid bolşoy sukin sın.
Şaxsey, vaxsey...”

...Yeniyetməlik dövründə oxuduğum əsərdəndi. İndi adını xatırlamıram. Yanlışlığıa yol verməmək üçün təxmin etdiyim əsərlərin adlarını da çəkmək istəmirəm. Əsas mətləbdi. O zaman keçək mətləbə... İranda xidmət keçən ac-yalavac rus əsgərləri İmam Hüseyni tərifləyən, Yezid ibn Müaviyəni söyən hər kəsin ehsana dəvət olunduğunu gördükdən sonra ənənəvi marşlardan imtina edib, rus dilində “mərsiyə” deməyə başlayırlar. Buna “kreativliyin dibinə varmaq” da demək olardı. Amma Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərinə qanunsuz olaraq axışan İrana məxsus yük avtomobillərini görəndə, hər iki tərəfin satmağa, satılmağa tarixən meyl saldıqlarını müəyyənləşdirmək çətin olmur. Çünki sadiq qala biləcəkləri dəyər, sonuna qədər qoruyacaqları prinsip yoxdur. Çox bəsit maraqları naminə rus dilində “mərsiyə”, farsca “çastuşka” da oxuya bilərlər.
...Hər gün onlarla yük maşını müxtəlif təyinatlı məhsullarla İrandan, indi Rusiya sülhməramlılarının müşahidəsi altında olan ərazilərə daxil olur.
44 günlük müharibədən öncə isə işğal altında olan ərazilərimizə axışırdılar. Daşımızı, torpağımızı daşıyırdılar. Ermənilərin viran qoyduğu evlərin dam örtüklərini satın alıb aparırdılar. Sonra da ağız dolusu müsəlmanların həmrəyliyindən danışır, Qəzzadan vurub Qüdsdən çıxırdılar. Amma qonşuluqdakı müsəlman azərbaycanlıları öz evlərindən didərgin salan, etnik təmizləməyə məruz qoyan, məscidlərimizdə donuz saxlayan, ibadət ocaqlarımızı təhqir edən... ermənilərlə “ can” deyib “ciger” eşidirdilər.
Bu arada dəyərli oxuculara Güney Azərbaycanda məşhur olan bir hadisəni xatırlatmağın yerinə düşəcəyini düşünürəm. Belə bir hadisənin həqiqətən baş verdiyini, yaxud uydurulduğunu deyə bilmərəm. Amma mənim baxış bucağımdan həqiqətə daha çox bənzəyir. Deməli, İrana İngiltərədən kəllə qənd gətirən tacirlər Təbriz imam cüməsinin haqqını vermirlər. O da cümə günü minbərə çıxıb deyir ki, ay camaat, İrana İngilistandan gələn qənd haramdır, kafir əli toxunub. Camaat da imam cümənin, mollanın sözünə qulaq asıb qənd almır, çayı ərik, tut qurusu ilə içir. İrana İngiltərədən qənd gətirən tacirlər də ziyana düşdüklərini görüb mollanın ”haqqını" artıqlaması ilə çatdırırlar. Molla da cümələrdən birində yenə də minbərə çıxıb deyir ki, camaat, sən demə İngilistandan gələn qəndi yemək olar, amma dişləməzdən əvvəl çaya salıb qüsl eləmək lazımdır... Deyilənə görə, qəndin çaya salınıb “qüsl edilməsi” bu hadisə ilə bağlıdır.
Deyəsən İrandan qanunsuz yollarla Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərinə gələn yük maşınlarını da geriyə döndükdən sonra “qüsl edir”, günahlarını yuyurlar. Yoxsa müsəlmanlara divan tutan ermənilərə ərzaq, tikinti materialları, yanacaq daşıyan nəqliyyat vasitələri təkrar İran ərazisinə təkər basa bilməzlər. Çox güman ki, İran təmsilçiləri qaniçən erməni cəlladları ilə görüşüb öpüşəndə də dodaqlarını, yanaqlarını qüsl edibmişlər və eyni əməlləri hələ də təkrarlamaqdadırlar.
...Məhərrəm ayı hələ başa çatmayıb. Öz əqidəsi uğrunda ölümə meydan oxuyan İmam Hüseynin və tərəfdarlarının müsibətindən ideloji faktor kimi istifadə edənlər, bu müsibətin baş verdiyi ayda müsəlmanları qətlə yetirənlərə, yurd-yuvasından didərgin salanlara, şərə, zülmətə xidmət edənlərə, haqqa, ədalətə qılınc saplayanlara ərzaq, yanacaq daşıyır, hərtərəfli dəstək verirlər. O zaman kim olur bu naqis, insan və islam əxlaqından uzaq əməllərin sahibləri? Bunların Yezid ibn Müaviyədən, Xocalı canilərinin Kərbəla canilərindən fərqi nədir? Hər ikisi şərə xidmət edir və deməli hər ikisi şərin, Yezid ibn Müaviyənin uşaqlarıdır...

Elçin Mirzəbəyli