• 27 Noyabr 2020
logo
Hulusi Kılıç: Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü və Azərbaycanın bu təşkilata sədrliyə başlaması tarixi hadisədir

Hulusi Kılıç: Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü və Azərbaycanın bu təşkilata sədrliyə başlaması tarixi hadisədir

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşü və Azərbaycanın bu təşkilata sədrlik etməsi bütün türk dünyası üçün tarixi hadisədir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç bildirib.

Hulusi Kılıç deyib: “Bu barədə danışmazdan əvvəl qeyd etməliyəm ki, oktyabrın 15-də Azərbaycan Türk Şurası Dövlət Başçılarının VII Zirvə Görüşünə də böyük uğurla ev sahibliyi etdi. Hazırda dünyada ikinci bir dövlət yoxdur ki, bir ay içərisində ardıcıl olaraq iki belə böyük tədbirə ev sahibliyi etsin və onları yüksək təşkilatçılıqla keçirsin. Bundan başqa, Azərbaycan keçmiş Sovet İttifaqı məkanında yeganə ölkədir ki, dövlət müstəqilliyinin iyirminci ildönümündə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Azərbaycanın BMT Təhlükəsizlik Şurasında təmsil olunarkən fəallığı və qətiyyətli mövqeyi ilə dünya birliyinin rəğbətini qazandı. Əminliklə deyə bilərəm ki, Qoşulmama Hərəkatına sədrlik statusunun əldə edilməsində məhz BMT Təhlükəsizlik Şurasındakı uğurlu fəaliyyətin müstəsna rolu var. Bütün bunlar ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində baş verir. Burada həm dəqiq hədəflərə hesablanan xarici siyasət, həm də çevik diplomatiya var”.

Hulusi Kılıç bildirib ki, Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları Ermənistanın təcavüzkar ölkə olduğunu bir daha təsdiq etdilər və işğal faktını kəskin şəkildə pislədilər. Dağlıq Qarabağın və ətraf rayonların işğal altında saxlanılması Qoşulmama Hərəkatının prinsiplərinə (Bandunq prinsipləri) həqarətdir.

Səfir bildirib ki, Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan üç il müddətində beynəlxalq və regional problemlərin həllinə böyük töhfə vermək şansı qazanıb. Bu müddətdə Azərbaycan həm dünyada sülh, sabitlik və inkişaf tərəfdarı olduğunu nümayiş etdirəcək, həm də Qoşulmama Hərəkatına üzv ölkələrlə ikitərəfli münasibətlərini inkişaf etdirəcək. Azərbaycandakı mövcud idarəetmə, güclü siyasi iradə, xalqın dövlətə dəstəyi, çevik diplomatiya mexanizmi, günbəgün artan iqtisadi imkanlar və resurslar sədrlik missiyasının müvəffəqiyyət qazanmasının önəmli şərtləridir.

Hulusi Kılıç bütün bu uğurlar münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.