• 8 Dekabr 2021
logo
Qazaxıstan parlamentinin sədri: "Qardaş Azərbaycan çox mühüm və etibarlı tərəfdaşdır"

Qazaxıstan parlamentinin sədri: "Qardaş Azərbaycan çox mühüm və etibarlı tərəfdaşdır"

Milli Məclisin sədri Sahibə Qafarova Avstriyada Parlament Sədrlərinin V Ümumdünya Konfransı çərçivəsində Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulinlə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin sədri Azərbaycanın dost və qardaş Qazaxıstanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.
O, Azərbaycan və Qazaxıstan arasında Ulu öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti - Elbası Nursultan Nazarbayev tərəfindən əsası qoyulan dostluq, qardaşlıq münasibətlərinin hazırda Azərbaycanın və Qazaxıstanın dövlət başçıları tərəfindən uğurla davam etdirildiyini bildirib.
Ölkələrimizin istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayan spiker TÜRK PA çərçivəsində əlaqələrin əhəmiyyətini xüsusi qeyd edib.
Sahibə Qafarova dövlətlərarası münasibətlərin inkişafında Azərbaycan və Qazaxıstan parlamentlərinin rolu haqqında da danışıb.
Spiker Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə haqqında qazaxıstanlı həmkarına məlumat verib.
Sahibə Qafarova həmçinin Ermənistanın regionda davamlı sülhün təmin olunmasına qarşı yönəlmiş təxribatçı hərəkətləri barədə də geniş məlumat verib. O, Ermənistanın minalanmış ərazilərin tam xəritəsini təqdim etməkdən imtina etdiyini, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq azad olunmuş ərazilərimizə terrorçu qruplar göndərdiyini, sərhəddə təxribatlar törətdiyini diqqətə çatdırıb.
Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulin qardaş Azərbaycanın Qazaxıstan üçün çox mühüm və etibarlı tərəfdaş olduğunu bildirib.
Nurlan Niqmatulin ikitərəfli əlaqələrin bütün sahələrdə dinamik inkişaf etdiyini, münasibətlərin daha da dərinləşməsi üçün geniş imkanlar olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, ali qanunvericilik orqanları arasında əlaqələrimizin inkişafı digər sahələrə də öz müsbət təsirini göstərir. Bu, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əhəmiyyətlidir.
N.Niqmatulin Azərbaycanın Türk PA-nın fəaliyyətinə çox mühüm töhfələr verdiyini də diqqətə çatdırıb.
Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfəri çərçivəsində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq və Latviya parlamentinin sədri İnara Murniyetse ilə də görüşüb. Milli Məclisin sədrinin səfər çərçivəsində görüşləri davam edir.