Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin təqdimatı keçirilib.
Trend-in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev SƏLİS barədə ətraflı məlumat verib.
A.Quliyev bildirib ki, SƏLİS vətəndaş cəmiyyətinin inkişafında yeni keyfiyyət mərhələsinin əsasını qoyan innovativ tətbiqdir: "SƏLİS-i yaratmaqda məqsəd qeyri-hökumət təşkilatlarına dövlət dəstəyini müasir dövrün tələblərinə uyğun şəkildə təşkil etmək, QHT - dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırmaq, Şuranın fəaliyyətində şəffaflığı, hesabatlılığı və səmərəliliyi daha da artırmaq, mümkün neqativ halları və subyektiv amilləri sıfıra endirmək, ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı, həmçinin dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamlarını rəhbər tutaraq QHT məmnunluğunu təmin etmək üçün 2019-cu ildə 20 yeni elektron xidmət istifadəyə verilib. Bununla da Şura elektron hökumətə keçidi tam olaraq başa çatdırıb. Bu xidmətlər SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi adı altında elektron bazada birləşdirilib”.
Şura sədri qeyd edib ki, artıq müsabiqə qaydalarında dəyişiklik etmək tələb olunur: “Qrant müsabiqələrində qalibləri birgə müəyyən etməyə ixtisaslaşmış sahələr üzrə dövlət qurumlarını da dəvət edəcəyik. Hesab edirəm ki, bu, gələcəkdə müxtəlif sahələr üzrə problemlərin həllinə böyük töhfə verəcək. Təklif edirik ki, yaxın dövrdə İnternet bankçılıq sistemi yaradılsın. Artıq banklarla danışmışıq, QHT layihələri üzrə bütün əməliyyatlar elektron formada həyata keçiriləcək. Qrant müqavilələri və bildirişlərdən tutmuş sənədlərlə bağlı əməliyyatlar ağıllı telefonlar vasitəsi ilə həyata keçiriləcək”.
Sonra Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin fəaliyyətinə dair videoçarx nümayiş olunub.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan dövlətinin inkişafının təməl prinsiplərini ulu öndər Heydər Əliyev müəyyən edib: "1993-2003-cü illər dövlət quruculuğu baxımından çox əhəmiyyətli dövr idi. Bu dövrdə bir sıra qlobal layihələr reallaşdırıldı, beynəlxalq əlaqələrin qurulması baxımından əhəmiyyətli addımlar atıldı. 2003-2006-cı illər Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin modernləşdirilməsi dövrü, yeni trendlərlə zəngin tarixi dönəmdir. Həmin dövrdə vətəndaş məmnunluğu ən ümdə dövlət prioritetlərindən biri olub. 2007-2008-ci illərdə Prezident İlham Əliyev iki mühüm konsepsiya qəbul etdi. Bunlardan birincisi vətəndaş məmnunluğunun təmin edilməsi, digəri isə KİV-ə dövlət dəstəyi konsepsiyası idi. Hər iki konsepsiya üzrə müvafiq dövlət qurumları yaradıldı.
2018-ci il prezident seçkilərindən sonra Prezident İlham Əliyev islahatlar kursuna başlayıb. Bu kursun əsasını şəffaflaşma təşkil edir. Hələ də kölgə iqtisadiyyatı var və buna qarşı mütəşəkkil mübarizə aparılır. Şəffaflaşmaya qarşı çıxanlar isə qanunvericiliyə uyğun olaraq cəzalandırılacaq. Bu gün şəffaflaşma elə bir mərhələyə qədəm qoyub ki, hər bir vətəndaş bu prosesdə iştirak edir”.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev isə QHT-lərə Dövlət Dəstəyi Şurasının xidmətlərini vahid elektron idarəetmə sistemi formasında həyata keçirməsinin təqdirəlayiq olduğunu bildirib: "ASAN Xidmət" olaraq həvəslə çalışdıq ki, bizə verilən texniki tapşırıq əsasında bu sistemi faydalı iş sisteminə çevirə bilək. Təqdimatdan da şahidi olduq ki, bütün proseslər tam avtomatlaşdırılıb. Tamamilə avtomatlaşdırılmış sistem vətəndaş cəmiyyəti institutlarına, dövlətə mühüm töhfə verir. Burada şəffaflıq tamamilə təmin olunur. Sistemdən istifadə etməyən vətəndaşlar, araşdırmaçı jurnalistlər belə bu sistemə daxil olub vətəndaş platforması vasitəsi ilə bütün prosesi izləyə bilər. Şura bu sistem vasitəsi ilə nəticə yönümlü və data əsaslı idarəetməni təmin edə bilir. Bu gün idarəetmə data yönəlik və data əsaslı olur. Bu idarə edən tərəfə imkan verir ki, fəaliyyətinin nəticəsini qabaqcadan izləyə bilsin, riskləri düzgün müəyyən etsin və ona uyğun adaptiv idarəetmətini tətbiq edə bilsin.
SƏLİS müasir idarəetməyə uyğun sistemdir".
Ü.Mehdiyev deyib ki, SƏLİS əlçatanlılığı təmin edir: “Sistem müasir idarəetməyə tam uyğundur. SƏLİS həm də şəffaflığı təmir edir”.
Milli Məclisin sədr müavini Bahar Muradova söyləyib ki, insan cəmiyyəti hər zaman inkişafa meyllidir: "Bunun üçün müasir standartlar, təcrübələr var. Azərbaycan qədim demokratiya ənənəsinə sahib olan ölkə kimi belə nümunələri öz həyatında daha şəffaf şəkildə tətbiq imkanına malik olduğunu göstərir. SƏLİS layihəsinin başlanmasından keçən müddətdə proseslə yaxından tanış olmuşam. QHT-lərin fəaliyyətində müəyyən narahatlıqlar var idi ki, bu problemin aradan qaldırılması üçün mükəmməl elektron xidmət ortaya qoyulub. Burada elektron vətəndaş və elektron apelyasiya xidmətini xüsusi qeyd etmək istəyirəm".
B.Muradova qeyd edib ki, ölkəmizdə vətəndaş cəmiyyətinin yüksək səviyyədə fəaliyyəti üçün Prezidentin siyasi iradəsi, dövlətin maliyyəsi ortadadır: "QHT Şurasının SƏLİS layihəsi vasitəsilə bütün donor təşkilatları cəlb edilərək ideyaların irəli sürülməsi, layihələrin yazılması, maliyyənin ayrılması, xərclənməsi, apelyasiyadan keçməsi məsələləri vətəndaşların diqqət və nəzarəti altında olacaq. Məni razı salan məsələlərdən biri apelyasiya prosesidir. Burada heç nə gizli qalmır və proses bütün narahatlıqlara son qoyur. Layihənin həyata keçirilməsində dəstək göstərən hər kəsə təşəkkür edirəm. Hesab edirəm ki, bu layihənin beynəlxalq təşkilatlarda və xarici ölkələrdə təqdimatı keçirilməlidir. Layihənin, xüsusilə ATƏT-də təqdimatının keçirilməsini təklif edirəm".
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai deyib ki, təmsil etdiyi qurum Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinin inkişafı üçün atdığı bütün addımları alqışlayır: “SƏLİS və bu tipli digər layihələrə dəstək verməyə hazırıq. Ümid edirik ki, SƏLİS qarşıdakı 1 il müddətində özünü doğruldacaq”.