“Artıq Rusiyanın Cənubi Qafqazla bağlı siyasətinin iç üzü açılır. Bir neçə gün öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə hər iki nazirin Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıqlamalar və baş verən proseslər onu deməyə əsas verir ki, Rusiyanın Cənubi Qafqazla bağlı siyasəti Azərbaycanın milli maraqlarına tamamilə ziddir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Samir Hümmətov deyib. O, bildirib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında bildirdi ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı hansısa danışıqlar getmir: “Bu isə Ermənistanın niyyətini açıq şəkildə ortaya qoydu. Həmin mətbuat konfransında Rusiya Sergey Lavrov isə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamədən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə soxularkən tutulmuş diversantlarının "hərbi əsir" adı ilə geri qaytarılmasını bildirdi.
Digər tərəfdən isə Rusiya Müdafiə Naziri Sergey Şoyqu Ermənistana silah tədarükünün başladığını bildirdi.
Bugün isə Ermənistan parlamentinin 3 fraksiyasını təmsil edən 20 deputat qondarma rejmin yaranmasının 30 illiyi ilə əlaqədar olaraq rus "sülhməramlıları"nın müvəqqəti nəzarət etdiyi Xankəndiyə gəlib.
Bütün bu proseslər onu göstərir ki, Azərbaycana qarşı məkirli niyyət təkcə Ermənistan tərəfindən deyil, eyni zamanda ona dəstək verən Rusiya tərəfindən də aparılır.
Hesab edirəm ki, Azərbaycana qarşı aparılan bu çirkin planı aradan qaldırmaq üçün Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi vacib məsələyə çevrilib”.
Əli