Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Fransanın Lill Universitetinin müəllim və professor heyətinin Qarabağa qanunsuz səfəri ilə bağlı etiraz bəyanatı yayıb.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından daxil olan bəyanatda bildirilir ki, Dağlıq Qarabağdakı qondarma rejimin yaratdığı “Azad Vətən” adlı “partiya”nın təşkilatçılığı ilə Fransanın Lill Universitetinin bir qrup müəllim və professor heyəti Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə qanunsuz səfər edib: "Ermənistan mediasının verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibində müxtəlif sahələr üzrə elm adamları yer alıb. Qanunsuz səfər zamanı Lill Universitetinin əməkdaşları “Şuşa Texnologiya Universitetin”də olub, gələcək “əlaqələrə” dair fikirlər səsləndiriblər.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bildirir ki, qədim ənənələri olan Lill Universitetinin müəllim və professorlarının Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etməsini ciddi məsuliyyətsizlik və beynəlxalq hüquqa hörmətsizlik kimi qəbul edir. Həmçinin, bu “səfər” dünyada elektronika və nanotexnologiyalar sahəsində elmi kəşflərə imza atan bir universitetin nüfuzuna ciddi şəkildə xələl gətirir. Necə ola bilər ki, belə bir universitetin müəllim və professor heyəti hansı ərazilərə gətirildiklərindən xəbərsiz olsunlar? Görəsən, bir dəfə də olsun bu insanlar internetdə Dağlıq Qarabağın tarixi, Ermənistanın bu əraziləri necə işğal etməsi haqqında bilgi toplamağa çalışıblarmı? Ən əsası, Lill Universitetinin müəllim və professorlarının Fransanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyindən və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğundan xəbəri varmı? Əgər yoxdursa, bu elm adamları üçün həqiqətən utanc gətirən bir məsələdir. Yox, əgər Lill Unversitetinin professorları Fransanın mövqeyini bilə-bilə Dağlıq Qarabağa qanunsuz səfər edirlərsə, deməli bu həm də Fransanın rəsmi mövqeyinə hörmətsizlikdir".
Bəyanatda qeyd edilir ki, digər tərəfdən, Fransa ATƏT-in Minsk Qrupunda həmsədr ölkə kimi Ermənistanla Azərbaycan arasında vasitəçilik missiyası həyata keçirir: "Belə olan halda Lill Unversitetinin müəllim və professorlarının Dağlıq Qarabağa qanunsuz səfər etmələri həm də bu ölkənin danışıqlarda tərəfsiz vasitəçi nüfuzunu şübhə altında qoyur.
Biz, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması etirazımızı Fransanın Lill Universitetinin rəhbərliyinə də çatdırırıq. Hesab edirik ki, sözügedən universitetin rəhbərliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən qovulmuş azərbaycanlı sakinlərin təbii insan hüquqlarına təhqir hesab edilən bu qanunsuz səfərlə bağlı ciddi tədbirlər görəcək və bu kimi halların təkrarlanmasına yol verməyəcək".