• 3 Dekabr 2021
logo
“Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib”

“Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib”

Samir Hümmətov: “Bundan sonra da bu tendensiya davam edəcək”

“Son dövürlər mediada ən çox rast gəlinən "Ukraynanın təşkil etdiyi "Krım Platforması"nda Azərbaycan niyə iştirak etmədi və yaxud niyə bu platformaya dəstək vermədi?" kimi suallardı.
Öncə onu qeyd etmək istərdim ki, Azərbaycan və Ukrayna arasında sıx siyasi, iqtisadi və mədəni əlaqələr mövcuddur. Təbii ki, bu əlaqələrin kökü 1 əsrə yaxındır. Yəni həm Azərbaycan, həm də Ukrayna 70 ildən artıq SSRİ tərkibində müttəfiq respublikalar olduğu kimi SSRİ dağıldıqdan sonra da bu münasibətləri daima davam etdirblər və bugün bu münasibətlər davam edir”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Samir Hümmətov deyib. O, bildirib ki, 2020-ci ilin statistikasına baxdıqda Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin həcminin 771 milyon dollardan artıq olduğunu görə bilərik: “Bu isə hər iki dövlət arasında olduqca yüksək göstərici kimi qəbul edilə bilər”.
Politoloq deyib ki, həm Azərbaycan, həm də Ukrayna istər ikitərəfli əlaqələrdə, istər regional təşkilatlar səviyyəsində (GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və s.), istərsə də beynəlxalq təşkilatlar səviyyəsində daima bir-birinin ərazi bütövlüyün dəstəkləyib və indi də dəstəkləməkdədir: “Hətta onu da qeyd etmək olar ki, II Qarabağ savaşında da Ukrayna Azərbaycana açıq siyasi dəstəyini nümayiş etdirdi.
O zaman sual oluna bilər ki, sözügedən "Krım Platforması"nda iştirak etməmək Azərbaycan-Ukrayna əlaqələrinə ciddi təsir edə bilərmi?
Şübhəsiz ki, siyasət ağıl və məntiq oyunudur. Burada hissə qapılmaqla doğru nəticə əldə etmək çətin məsələdir. Həmin oyun həm də Azərbaycan və Ukrayna məsələsində də öz təsirini göstərə bilər.
Məlum məsələdir ki, 10 noyabr 2020-ci ildə imzalanmış müqaviləyə əsasən Rusiya "sülhməramlıları" Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti dislokasiya olunub. Bu "sülhməramlılar" demək olar ki, orada sülhün təmin olunmasından daha çox bölgənin erməni əhalisinə qulluq edirlər. Görünən odur ki, Rusiya "sülhməramlıları" əsas məqsədi bütün gücü ilə çalışıb bölgədə provakasiyalar yaratmaq və yarana biləcək qeyri-stabilliyi bəhanə edərək hələ uzun müddət regionda qala bilməkdir. Azərbaycan tərəfi Rusiyanın bu məkirli planından xəbərdar olduğu üçün sözügedən platformada iştirak etməmək qərarı aldı. Fikrimcə, Azərbaycan bu qərarla regionda yarana biləcək hansısa xoşagəlməz hadisələrin qarşısını almış oldu.
Hesab edirəm ki, Ukrayna ərazi bütövlüyü məsələsində Azərbaycanın tutduğu mövqeyi yaxşı başa düşür. Belə xırda məsələlər Azərbaycan-Ukrayna əlaqələrinə hansısa formada ciddi təsir göstərə bilməz. Azərbaycan beynəlxalq təşkilatlar səviyyəsində istər Krım, istər Donetsk və Luqansk məsələsində hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və fikrimcə bundan sonra da bu tendensiya davam edəcək. Hər iki ölkə arasında mövcud olan bütün sahələrdə əlaqələrin daima qarşılıqlı şəkildə inkişaf etmək imkanları daima mövcuddur”.