Elxan Şahinoğlu: “Kreml məsələnin bitməsini istəmir”
“Rusiyalı jurnalistlərdən biri Moskvada ortaq mətbuat konfransı keçirən Ermənistanın və Rusiyanın xarici işlər nazirlərinə belə bir sual verib: “Rəsmi Bakının Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması tələbini necə qiymətləndirirsiniz?” Ermənistanın xarici işlər naziri Ararat Mirzəyan Azərbaycanla sülh sazişi ilə bağlı danışıqlar aparmadığını, İrəvan üçün “Dağlıq Qarabağın statusunun” əsas məsələ olduğu fikrini təkrarlayıb”. Bunu “Xalq Cəbhəsi”nə açiqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, göründüyü kimi, Paşinyan hökuməti Qarabağı Azərbaycan ərazisi kimi tanımaqdan imtina etməkdədir, hələ ki, müqavimət göstərir: “Bəs Sergey Lavrov rusiyalı jurnalistin sualına necə cavab verib? Rusiyanın xarici işlər naziri sadəcə cavabdan yayınıb, “bu məsələlər tərəflər arasında həll olunmalıdır” kimi qeyri-müəyyən fikir söyləyib. Halbuki, Lavrova və onun patronuna da bəllidir ki, Ermənistanla Azərbaycan bir-birlərinin ərazi bütövlüklərini qarşılıqlı olaraq tanısalar, məsələ bitəcək. Ancaq Kreml məsələnin bitməsini istəmir...”.
Politoloq həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında söylədiyi fikirləri də şərh edib. O, bildirib ki, Lavrov iki fərqli fikir söyləyib: “Lavrov əvvəlcə deyib ki, Rusiya müxtəlif səviyyələrdə rəsmi Bakıya siqnallar göndərir ki, Azərbaycanda saxlanılan erməni hərbçilər ilkin şərt irəli sürülmədən Ermənistana qaytarılsın. Lavrov bunun arınca da deyib ki, Azərbaycandakı erməni hərbçilər 9 noyabr bəyanatından sonra, noyabrın sonunda saxlanılıblar. Lavrov bu mövzuda fikrini belə yekunlaşdırıb: “Erməni hərbçilərin Ermənistana qaytarılması vacib humanitar addım olardı. Biz bu mövqedən çıxış etməyə davam edəcəyik. Əlbəttə ki, yekun qərar bizdən asılı deyil. Biz bütün qarşılıqlı inam tədbirlərini aktiv şəkildə dəstəkləyirik”.
Sergey Lavrov bunun qarşılığında birinci Qarabağ müharibəsində itkin düşən azərbaycanlılardan, minalanmış ərazilərin xəritəsindən və ya Azərbaycanla Ermənistanın qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüklərini tanıması gərəkliyindən bircə kəlmə də deməyib.
Bəlli idi ki, Rusiya rəsmiləri azərbaycanlı həmkarlarıyla qapalı görüşlərdə erməni həbrbçilərin azad olunmasını xahiş edirlər. Lavrov qapalı görüşlərdə səslənən və ermənilərə xoş gələn fikir bu dəfə mətbuat konfransında açıq şəkildə səsləndirib”.
Ekspert əlavə edib ki, erməni saytlarının tamamı dərhal “Lavrov erməni əsirlərin azad olunmasını tələb edib” kimi başlıqlar çıxarıb: “Fikrimcə, Lavrovun bu açıqlaması ziyanımıza deyil, rusiyalı rəsmilərin bölgədəki vəziyyət haqqında nə düşündüklərini açıq səsləndirmələri bizim üçün də faydalıdır. Biz də Rusiyanın siyasəti haqqında heç nəyi gizlətməməliyik. Prezident İlham Əliyev son müsahibəsində Rusiyanın vasitəçiliyi ilə Azərbaycana verilən mina xəritələrinin böyük hissəsinin saxta olduğunu vurğuladı. Digər tərəfdən Lavrov özü də etiraf edib ki, Azərbaycan həbsxanalarında saxlanılan erməni hərbçilər Azərbaycana 9 noyabrdan keçiblər. Bu halda Moskvaya sual ünvanlamalıyıq: Ermənistan niyə Rusiya prezidentinin vasitəçilçiliyi ilə 9 noyabrda imzalanan bəyanatı pozub və Azərbaycana diversant qruplar göndərib?
Lavrovun açıqlaması Azərbaycana təzyiq mənası daşıyır. Təzyiq qarşısında erməni diversantların sərbəst buraxılması doğru olmaz. Nə vaxt ki, Ermənistan hakimiyyəti Azərbaycanla sülh sazişi, o cümlədən sərhədlərin müəyyənləşməsi ilə bağlı sənəd imzalamağa hazır olarsa, erməni diversantları məsələsinə qayıdıla bilər.
Kreml Azərbaycanla Ermənistan arasında “balansı” ikincinin xeyrinə açıq şəkildə pozmaqdadır. Rusiya Müdafiə Nazirliyi son açıqlamalarının birində atəşkəsin Azərbaycan tərəfdən pozulduğuna eyham vurdu, Qarabağdakı hərbçiləri Azərbaycana mesaj anlamı daşıyan təlimlər keçirirlər və indi də Lavrov “erməni əsirlərin qeyd-şərtsiz sərbəst buraxılmasından” danışır. Xarici işlər naziri Ceyhun Bayramov və rəhbəri olduğu qurum susmamalı, Lavrovun cavabını vermək məcburiyyətindədir”.