İqdırda keçirilən Beynəlxalq Qarabağ Qurultayında iştirak edən Türkiyənin Azərbaycandakı sabiq səfiri, “Bir millətin səfiri” olaraq tanıdığımız Azərbaycan sevdalısı Hulusi Kılıç ali mərasimdəki çıxışı zamanı deyib...
“Mən 5 il Azərbaycanda səfir oldum, hələ də özümü bu millətin səfiri sayıram”. Bunu İqdırda keçirilən Beynəlxalq Qarabağ Qurultayında iştirak edən Türkiyənin Azərbaycandakı sabiq səfiri, “Bir millətin səfiri” olaraq tanıdığımız Azərbaycan sevdalısı Hulusi Kılıç ali mərasimdəki çıxışı zamanı söyləyib.
Diplomat belə gözəl və yüksək səviyyəli tədbir üçün təşkilatçılara – QAT-ın sədri Akif Nağı və Qarabağ Forumunun Türkiyə təmsilçisi Ziya Zakir Acara təşəkkür edib, həmçinin İqdır valisinə verdikləri dəstəyə görə təşəkkürünü çatdırıb.
Çıxışı zamanı H.Kılıç Azərbaycan və Türkyənin son yüz ildəki birgəliyindən bəhs edərək Çanaqqalada Azərbaycan oğullarının göstərdiyi rəşadətdən, Nuru Paşanın komandanlığı ilə Türkiyə (Osmanlı) ordusunun qardaş ölkə uğrunda savaşıb şəhidlər verməsindən qürurla danışdı: “1993-cü ildə Kəlbəcərin işğalından sonra Türkiyə Ermənistanla sərhədlərini bağladı. Dünyada bunun ikinci nümunəsi yoxdur ki, bir ölkə digər ölkəyə görə sərhədini qapatsın!
Qarabağın işğalı ilə bağlı BMT qətnamələri uzun illər icra olunmadı. Erməni lobbisinin ən güclü olduğu ölkələr həmsədr oldu. Bunlar 28 il gəlib-getdilər, yeyib-içdilər, bir qarış torpağı qaytarmadılar bizə. İkili standartlar olduğu üçün dünya Xocalı soyqırımını tanımadı.
2020-ci ilin 27 sentyabrından başlayan İkinci Qarabağ Müharibəsinin ilk günündən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan nə istəyrsə, onu verməyə hazırıq” dedi və Türkiyə Azəbaycanın yanında durmağa davam etdi.
44 günlük haqq savaşı boyu Azərbaycan müasir ordusunun da gücünü göstərdi, işğal edilən torpaqlarını ay yarıma azad etdi.
Mən o müharibə günlərində Qarabağla bağlı yazılarımı, müsahibələrimi toplayaraq kitab halına saldım. Kitabın satışından əldə edilən vəsait Yaşat Fonduna köçürüldü, “Bizim də bir az qatqımız olsun” dedik.
Ermənilərə də səslənmək istəyirəm: “Kasıb bir evin vətəndaşı olmaqdansa, zəngin bir Azərbacanın vətəndaşı olun. Onsuz da gec-tez bu, olacaq! Prezidentlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Ermənistana əl uzatdı, “Artıq bu məsələlər bitsin” deyə. Deyirik: “Gəl, bu əlləri sıx, hətta öp! Çünki bu əlin içində çörək var, erməni, bunun qiymətini bil! Bu gün Ermənistan keçmişi, Azərbaycansa gələcəyi ilə yaşayır.
Şuşa Bəyannaməsi indiyədək bir konstitusiya qanunu kimidir, orda hər şey var. Biz kimsəyə qarşı deyilik. Azərbaycanın heç kəsin torpağında gözü yoxdur. Türkiyəyə qarşı ermənilərin iddiaları da tam saxtadır. Beynəlxalq cəmiyyət bilməlidir: “Xocalı soyqırmını törədənlər Birinci Dünya Müharibəsi zamanından nə “soyqırm” çıxarmaq istəyir?
Türkiyə və Azərbaycan arasında qardaşlığın növbəti örnəyini Türkiyədəki meşə yanğınlarında gördük.
Bu gün artq hər bir Azərbaycan vətəndaşı başı uca yeriyir. Bundan sonra daha gözəl olacaq.
Zəngəzur dəhlizinin açılması bölgəni böyük inkişafa aparacaq”.
Qarabağ Azərbaycan türkünün torpağdır. Bu, daim belə olacaq!
Gücümüz birliyimizdə, birliyimiz gücümüzdədir!”