• 18 Noyabr 2019
logo
add image
BAXCP bələdiyyə seçkilərinə qatıldı

BAXCP bələdiyyə seçkilərinə qatıldı

Partiyanın Ali Məclisi bununla bağlı qərar qəbul edib

Oktyabrın 26-da Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti iclası keçirilib.
Ənənəvi olaraq Azərbaycan dövlət himninin ifasından sonra iclası açan Ali Məclisin sədri Vaqif Abışov gündəlikdə duran məsələlərlə bağlı məlumat verdikdən sonra ölkədəki ictimai-siyasi vəziyyət, son günlər prezidentin kadr islahatı, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlərlə bağlı BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Məclis üzvləri qarşısında çıxış edib.
BAXCP sədri öncə ölkədə baş verən proseslərdə partiyanın yeri və rolu barədə danışıb. Bildirib ki, partiyanın hakimiyyətdən, hökumətdən əsas istədiyi bütün sahələrdə islahatların, dəyişikliklərin aparılmasıdır.
İslahatların isə yuxarıdan aparılmalı, dinc və təkamül yolu ilə baş verməli olduğunu deyən millət vəkili prosesin heç kəsə zor tətbiq etmədən həyata keçirilməsinin vacibliyini qeyd edib: “İnsanlar təhqirlərə, təqiblərə məruz qalmamalıdır. Bu, bizim seçdiyimiz yoldur. Cəmiyyətdə islahatların aparılmasını təbliğ etməliyik. Hakimiyyət də fərqlindədir ki, islahatsız heç bir yüksək və effektiv nəticəyə nail olmaq mümkün deyil. Bütün buraxılan səhvlərə, nöqsanlara baxmayaraq, cəmiyyətimiz 1993-cü ildən bu günədək inkişaf yolu qət edib. Əlbəttə, onu da söyləyirik ki, bu illər ərzində zamanında korrupsiyaya qarşı effektli mübarizə, iqtisadi islahatlar aparılsaydı, qanunun aliliyi qorunsaydı, biz daha güclü bir cəmiyyət qura bilərdik, daha güclü orduya sahiblənərdik”.
BAXCP sədri qeyd edib ki, neft vəsaiti hesabına sosial gərginlikləri aradan qaldırmaq bütün hökumətlərə xarakterik olan xüsusiyyətdir. Ona görə də neftin qiyməti yüksək olduğu bir zamanda hökumət bu islahatların aparılmasında maraqlı deyildi. Amma 2015-ci ildən bu yana neftin qiyməti birdən birə 149 dollardan 40-50 dollara düşdü: “Hökumət başa düşdü ki, valyuta ehtiyatı qısa zaman kəsiyində qurtaracaq. Mütləq islahatlar aparılmalır, qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır, yeni iş yerləri açılmalıdır, qanun aliliyinin qorunması ilə bağlı ciddi addımlar atılmalıdır. Biz uzun müddət hakimiyyətdən tələb edirdik ki, ölkədə kadr islahatı aparılmalıdır. Hökumətin tərkibində yaşlı kadrlar vardı, pis, yaxşı xidmət ediblər. Amma artıq zaman dəyişib, inkişaf gedir və bu inkişafa uyğun da dəyişiliklər aparılmalıdır. Hamımızın istədiyi bu dəyişikliyin yuxarıdan islahatlar yolu ilə həyata keçirilməsidir”.
Millət vəkili Azərbaycanda cəmiyyətin radikal dəyişikliyini istəyən müxalif qüvvələrin olduğuna da toxunub. Bildirib ki, onların bir çoxu zamanla görəndə ki, arzuladığımız məqsədlərə çatmaq mümkün deyil, ekstremizmə yuvarlanırlar. Həm xaricdəki, həm daxildəki mafioz qüvvələrin təsiri altına düşürlər. Ölkədə islahatlara doğru addımlar atılanda onlar daha da radikallaşır, sərtləşirlər. Barışmaz mövqeləri ilə bu islahatların aparılmasına kömək yox, onun gecikməsinə təsir göstərirlər.
Qüdrət Həsənquliyev islahatların aparılmasına hökumətin daxilində çox ciddi müqavimət göstərən qüvvələrin də olduğunu deyib: “Baxmayaraq ki, müxtəlif kadr dəyişiklikləri edilib. Dəyişdirilən o insanlar həmin islahatlara mane olan, sırf mafiya zəmnində qruplaşmış qüvvələrin hökumətdəki fəaliyyətinin dayandırılması demək deyil. Onların müqaviməti kifayət qədərdir, bu gün də onların proseslərə təsir imkanları böyükdür. Müxalifətin mitinqlərinin təşkili onların birbaşa təsiri və təkidi ilə baş verir. Məqsəd kadr islahatlarının qarşısını almaq, prezidenti islahatlardan çəkindirməkdir. Orada olan bir qrup insanlar var ki, sadə vətəndaşlarımızdırlar və onlar həqiqətən də islahatların aparılmasını istəyirlər. Sadəcə olaraq bu dəyişiklikləri istəyən qüvvələr kimi o proseslərə qatılıblar. O insanlar haqqında pis söz deyə bilmərik. Təəssüf ki, siyasi dələduzlar belə vətənpərvərlərdən məqsədləri üçün istifadə edirlər. Biz prezidentə dəstəyin vacibliyini deyəndə, çoxu irad bildirilir ki, müxalifət partiyası prezidentə necə dəstək ola bilər. Dünya tarixində belə hallar çox olub. Ölkədə keçid ərəfəsində əgər iqtidar yuxarıdan islahat aparmaq istəyirsə, bütün siyasi qüvvələr ona dəstək verməlidir ki, təki bu proses baş versin. Uğur varsa, ona şərik olmalıyıq, yanlış, səhv qərarlar qəbul olunursa, onların yaratdığı fəsadlardan doğan kütləvi narazılıqların başında olmaq lazımdır. Hətta islahatların aparılması prosesində ortaya çıxan səhvlər olarsa o zaman da iqtidar dəstəklənməlidir ki, yenə də özündə güc tapıb islahatları davam etdirsin”.
BAXCP sədrinin sözlərinə görə, məqsəd Azərbaycanda Qərb standartlarına cavab verən bir seçkilərin keçirməsinə, ölkədə qanunun aliliyi təmin olunmasına, ölkədə insan haqlarının qorunmasına, hakimiyyət bölgüsünə nail olmaqdır: “İslahatları ona görə tələb edirik ki, cəmiyyətdəki yaranan problemləri, nöqsanları aradan qaldıraq”.
Partiya sədri radikal müxalifətin noyabrın 2-nə təyin etdiyi aksiyadan da bəhs edib. Bildirib ki, bu dəfə oktyabrın 19-da keçirilən aksiyadan daha az adam qoşulacaq. Bununla da özlərini yenidən biabır edəcəklər: “Ona görə yox ki, xlaqımız islahat, digər problemlərin həll olunmasını istəmir. Təbii ki, istəyirlər, onlardan çox biz istəyirik. Bu gün həmin qüvvələr bu məsələlərlə bağlı susanda mən illər öncə parlamentdə onların həll olunması məsələlərini qaldırmışdım. Amma birdən-birə bu islahatların həyata keçirilməsi ölkədə idarəetmənin itirilməsinə, xaosa yol aça bilər. Bu proseslər tədricən həyata keçirilir və keçiriləcək. Şəxsən mən bunun alternativini görmürəm. Bu dəfə də bəyan edirəm ki, əgər bu islahatlar imitasiya xarakteri daşıyacaqsa, dərinləşməyəcəksə, ölkə iqtisadiyyatı yenidən qurulmayacaqsa, bir çox məsələlərə yenidən baxılmayacaqsa, korrpusiyanın səviyyəsi indiki halda yüksək səviyyədə qalacaqsa, rüşvətxorluğun qarşısı alınmayacaqsa, Azərbaycana investisiya qoyulacağından söhbət getməyəcək. Azərbaycanlılar burada qazandığı vəsaiti də xaricə daşıyacaqlar. Hökumətin fəaliyyəti ancaq təbii ehtiyatlardan əldə olunan pulu büdcəyə transfer etmək və oradan da xərcləməklə bitmiş olacaq. Ölkə iqtisadiyyatı üçün narahatlıq yaradan amillər vardı ki, hansıları bir vaxtlar biz dilə gətirmişdik, onları Prezidentmiz Mikayıl Cabbarov, Əli Əsədov, Şahin Mustafayevlə keçirdiyi görüşlərdə bir daha vurğulayıb. Prezidentin verdiyi mesajlar mövqeyi onu deməyə əsas verir ki, dövlət başçısı islahatların ciddi formada həyata keçirilməsini istəyir”.
Partiya sədri İlham Əliyevin prezidentlik dövrünün ən çətin sınaq zamanını yaşadığıı da deyib: “Ona görə ki, içəridən bəzi qüvvələr açıq şəkildə ona qarşı savaş açıb, o qüvvələr ölkə üçün ciddi təhlükə yaradırlar. Xaricdən və daxildən Azərbaycanda demokratik islahatların aparılmasını istəməyən qüvvələr var. Daxildəki qüvvələrin niyyəti aydındır. Qərb də ölkəmizdə demokratiyanın bərqərar olmasını ona görə istəmir ki, demokratiya, insan haqları kartından istifadə edib Azərbaycana təsir və təzyiq göstərsin”. Qüdrət Həsənquliyev Dağlıq Qarabağ münaqişəsinin həllinə, aparılan danışıqlar prosesinə və regional siyasi məsələlərə də toxunub. Bildirib ki, çoxu Ermənistanda demokrat Paşinyanın hakimiyyətə gəlişindən sonra bu məsələnin sülh yolu ilə həllinə diqqət yetirəcəyi ümidindəydi: “Halbuki mən demişdim ki, Qarabaq uğrunda əsl döyüş elə hər iki demokrat – Elçibəylə Ter Petrosyan arasında olub. Qarabağ uğrunda savaş hansısa rejimlərin savaşı deyil. Bu bir dövlətin başqa dövlətə qarşı ərazi iddiasıdır. Bu gün tərəflər arasında söz müharibəsi gedir - Paşinyan Xankəndində “Qarabağ Ermənistandır və irəli”, Prezidentimiz isə Soçidə “Qarabağ Azərbaycandır və nida” mesajını verib. Əgər hərbçilərimiz öz sözünü deməyibsə, bu söz savaşı davam edəcək”.
Partiya sədri qeyd edib ki, ermənilər Dağlıq Qarabağda və ona bitişik işağl olunan digər Azərbaycan rayonlarında məskunlaşma siyasəti aparırlar. Bu prosesə erməni diasporu da yaxından dəstək olur: “Zaman keçəndən sonra biz həmin məskunlaşdırılan əraziləri boşalda bilməyəcəyik, dünya birliyi buna imkan verməyəcək. Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə müəyyən gərginliklər var, amma Azərbaycan bu gərginlikdən istifadə edib hərbi əməliyyatlara başlaya bilmir. Çünki Minsk qrupunun digər iki həmsədr dövlətləri – ABŞ və Fransa bu prosesə maneə yaradırlar.
Ona görə, Azərbaycan əgər indikindən daha güclü ordu qurub və müəyyən riskləri də göz altına alıb hərəkət etməyəcəksə, bu məsələnin ədalətli yolu olmayacaq. Rusiyanın bu münaqişənin kimin xeyrinə həll olunsı maraqlandırmır. Kremlin marağında münaqişənin həll olunmamasıdır ki, bundan hər iki dövlətə təzyiq vasitəsi kimi istifadə etsin, hər kimi respublikanı özündən asılı vəziyyətə salsın. Bilirik ki, Ermənistan müstəqil dövlət deyil, Rusiyadan asılıdır, onun forpostudur. Bunu İrəvanda vaxtilə Dumanın sabiq sədri Qrızlov da açıq bəyan etmişdi, etiraz edən də olmamışdı. Ona görə də, əgər bu ölkə müstəqil deyilsə, o zaman Qarabağ məsələsi ilə bağlı Ermənistanla nədən danışıqlar aparmalıyıq. Danışıqları birbaşa Rusiya ilə aparmalıyıq və çalışmalıyıq ki, bu məsələdə Kremlə anlaşaq. Qərbin buna müdaxiləsi, üzələşəcəyimiz iqtisadi çətinliklərə baxmayaraq Qarabağın azad edilməsi istiqamətində hərəkətə keçməliyik. Əgər Rusiya bu məsələdə Bakıya dəstək verməzsə, o zaman Qərb yönümli bir siyasət yürütməliyik. İndiki balanslaşdırılan siyasət yalnız Qarabağda status-kvonun qorunub saxlanmasına xidmət edir. İndiki siyasətlə bundan artığına nail ola bilməyəcəyik. Xarici siyasətimizdə dəyişiklər etməliyik”.
BAXCP sədri bildirib ki, biz xristian ölkəsi ilə müharibə vəziyyətindəyik. Ermənistan bundan çox məharətlə faydalanır. Qərb istəmir ki, xristan ölkəsinin işğal etdiyi torpaqlar yenidən müsəlman ölkəsinə qaytarılsın: “Dünyada çox güclü erməni diasporası mövcuddur, Qərbdə istənilən siyasətçiyə təsir etmək gücündədirlər. Azərbaycan təkcə Ermənistan və onun arxasında dayanan Rusiya ilə vuruşmur, həmçiin güclü Ermənistan diasporası ilə üz-üzədir”.
Qüdrət Həsənquliyev İranda yaşayan soydaşlarımızın hüquqlarının qorunması, rəsmi Tehranın Dağlıq Qarabağ məsələsində turduğu mövqeyə də toxunub. Bildirib ki, İran faktorunu neytrallaşdırmaq üçün Cənubi Azərbaycanla ciddi iş aparmalıdır: “Düzdür, orada iş aparılıb, milli özünüdərk prosesi gedib, amma isətdiyimi səviyyədə yox. Proseslər təbii yolla gedib, onları sürətləndirə, dəstək verə bilməmişik. Ona görə də bu gün İranın mollaları bizə meydan oxuyurlar. Son günlərdə Bakıya səfərində “Biz Azərbaycanın yanındayıq” mesajını verən İran prezidenti Həsən Ruhani Ermənistana gedəndə Paşinyanla qucaqlaşıb öpüşür, Bakıda verdiyi mesajdan on qat artığını Ermənistanda deyir. Ermənilərlə qardaş, eyni kökə malik olduğunu bəyanlayır”.
Millət vəkili vurğulayıb ki, İrana təzyiq göstərmək üçün əlimizdə yetərincə imkan olduğu halda bundan istifadə etmirik: “Cənubi Azərbaycanda 30 milyon soydaşımız yaşayır, dədə-baba torpaqlarında milli şüurun oyanışı gedir, amma biz bu prosesi lazım səviyyədə dəstəkləyə bilməmişik. Avropada Azərbaycan dilində yayımlanan televiziya kanalları, radiolar açmalıyıq. Azərbaycanda iki telekanal saxlayıb qalanlarına xərclənən vəsaitlə dünyada ingilis dilində yayımlanan “Əl Cəzirə” kimi bir telekanal aça bilərik. Biz bir çox məsələlərin həyata keçirməsində çox yubanmışıq. 25 ildə çox, böyük işlər görə bilərdik. Baxın, Rusiyada belə sağlam bir diaspor təşkilatımız yoxdur. Moskva imkan vermədi ki, güclü və sağlam bir diaspora qura bilək. Rusiyada ermənilərlə özümüzü müqayisə aparanda nə dərəcədə geridə qaldığımızn fərqində olmalıyıq. Say etibarı ilə onlardan çox olmağımıza baxmayaraq, effektiv iş qura bilməmişik”.
Qüsrət Həsənquliyev sonda partiyanın məqsədinin islahat yolu ilə güclü Azərbaycan qurmaqd, güclü ordu yaratmaq, əhalinin sosial rifahını yaxşılaşdırmaq olduğunu bildirərək, bu istiqamətdə uğurlu nəticə əldə etmək üçün təbliğatı gücləndirməyin vacibliyini qeyd edib.
Sonda Ali Məclis 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edib.

Cavid