• 7 Oktyabr 2024
logo
“Cəzaları ağır olacaq”

“Cəzaları ağır olacaq”

Qüdrət Həsənquliyev: “Mafioz qüvvələr dayanmalı, kənara çəkilməli, indiyə qədər etdiklərinə görə Allahdan bağışlanmalarını istəməlidirlər”

- Qüdrət bəy, bildiyiniz kimi “fit müxalifəti” yenidən mitinq təyin edib. Dğrudanmı onlar bu yolla nəyəsə nail olacaqlarını düşünürlər?

- Heç nəyə nail olmayacaqlarını bilirlər. Amma “fit çalınıb”, komanda verilib və icra etməlidirlər. Hansı mənəvi-psixoloji vəziyyətdə olmalarından asılı olmayaraq asılılığın səviyyəsi ən absurd əmrlərin icrasından belə imtinanı mümkünsüz edir.

- 19 oktyabr aksiyasından sonra, sadə məntiqlə əmr verənlər də dayanmalı idilər. Yəni öz əlaltılarının bu qədər iflasa uğramasında onlar da maraqlı olmamalıdırlar. Əslində nə baş verir?

- İqtidar partiyası hakimiyyətdə olduğu dövrün ən çətin günlərini yaşayır. Heç vaxt indiki səviyyədə komanda daxilində dəyişikliklərə müqavimət olmamışdı. Köhnə komandanın bəzi üzvləri əvəzlənmək və ya mövqelərini itirmək istəmirlər. Ona görə də birləşib son patronlarını da atmağa, saman çöpündən də yapışmağa hazırdılar. Görünür ki, uğur qazanmayacaqları halda tərk etdəcəkləri gəmini batırmağa da cəhd edəcəklər. Yadellilərin məqsədi isə bu işə dəstək verməklə, mümkün olarsa vətəndaş müharibəsi törədib bizi bir-birimizə qırdırmaq, Qarabağı azad etməkdən, güclü dövlət qurmaq istiqamətində hər hansı addım atmaqdan bizi çəkindirməkdir. Məhz bu səbəbdən, onlar bəzi tərbiyəsiz ünsürlərə ölkələrində sığınacaq verib onların dili ilə cəmiyyətdə parçalanma yaratmaq, düşmənçiliyi gücləndirmək istəyirlər ki, insanlarımız hakimiyyət uğrunda bir-birinin başını kəsməyə belə hazır olsunlar. Ermənipərəst xarici dairələrin istəyini başa düşüb onlara istifadə üçün bu cür mənfur elementlər göndərən daxildəki mafioz qüvvələr onlarla təbii müttəfiqə çevriliblər və onlardan yararlanıb siyasi məqsədlərinə çatmaq istəyirlər. Bütün bunları gördüyümdən dəfələrlə “demokratiya” uğrunda mübarizə apardıqlarını deyən qüvvələrə üzümü tutub deyirəm ki, siz mafiozların tapşırıqlarını yerinə yetirməklə, onlardan aldığınız qəpik-quruşla heç nəyə nail ola bilməzsiniz, siyasi mübarizənin düşmənçilik və qeyri -əxlaqi müstəviyə keçməsini istəmirsinizsə söyüş söyənləri qınayın və lənətləyin. Onların sizlərdən olmadığını və imkanınız olacaqsa onları cəzalandıracağınızı bəyan edin. Onlar isə həmin adamları özlərini təbliğ edən kanallarda xalqımıza az qala qəhrəman kimi təqdim etməkdədirlər. Öz çirkin əməllərinə haqq qazandırmaq üçün bəyan edirlər ki, iqtidar trolları da bizi söyür. Anlamırlar ki, əgər eyni mübarizə formasını özünüz üçün məqbul sayırsınızsa, onda sizin onlardan üstünlüyünüz nədədir? Əgər qarşındakını düşmən elan etmisənsə, öz cəsarətin çatmırsa və başqalarının vasitəsilə rəqibini ən namussuz formada təhqir etdirirsənsə, onda gərək rəqibindən də tərs sillə alanda ağlamayasan və təəccüblənməyəsən ki, bu niyə baş verir.

- Qüdrət bəy, bəzi məsələləri dərindən başa düşməyib, amma səmimi olaraq dəyişiklik istədiyi üçün aksiyaya çıxanların taleyi necə olsun? Son nəticədə onlar da bizim vətəndaşlarımızdır.

- Səmimi olaraq ölkəmizin xoşbəxt gələcəyi üçün hətta, razılaşdırılmamış aksiyaya çıxan insanlar qanunları pozsalar da hörmətə layiqdirlər. Amma təəssüf ki, onların vətənpərvərliyindən namərdcəsinə sui-istifadə edildiyinin fərqində deyillər. Həm də onun da fərqində deyillər ki, qarşıdurma zamanı polis üçün çətindir müəyyənləşdirsin ki, kim təxribatçıdır, kim vətənpərvər. Bunun üçün onlar gərək alternativ informasiya almaq naminə bizim müsahibələri də oxusunlar və soyuq başla təhlil etsinlər. Aşılanmış nifrət və şəxsi narazılıq insanlarımızı sağlam düşüncədən məhrum etməməlidir.

- İqtidar daxilndəki pozucu qüvvələrə qarşı aparılan mübarizə Sizi qane edirmi?

- Çətinlikləri başa düşsəm də qətiyyən, qane etmir. Xalqımız islahatların sürətləndirilməsini istəyir, həmin qüvvələr isə əsas maneədir. Hansısa ədalətsiz, yaxud uğursuz qərarın ola bilmə ehtimalından belə çəkinmədən sürətli kadr islahatları həyata keçirilməlidir. İslahatlar keçirilərkən səhv qərarların ola bilməsi təbiidir. Tərəddüdlər həm islahatlara inamı azaldır, həm də təxribatçıları ruhlandırır və təxribatların miqyasını genişləndirir.
Əvvəllər də demişəm, bir daha deyirəm, kimsə düşünürsə ki, bu cür aksiyalarla Prezidenti qorxuda bilər, ciddi surətdə yanılır. Mən təşkilatçıları və sifarişçiləri Allahdan qorxub, sadə insanları qarşıdurmaya çağırıb mərhumiyyətlərlə üz-üzə qoymamağa çağırıram. Mafioz qüvvələr dayanmalı, kənara çəkilməli, indiyə qədər etdiklərinə görə Allahdan bağışlanmalarını istəməlidirlər. Əks halda cəzaları ağır olacaq.

- Qüdrət bəy, rusiyalı siyasi ekspert Yevgeni Mixaylov bildirib ki, Rusiya Azərbaycana KTMT-də müşahidəçi statusla təmsil olunmağı təklif edib və bu Qarabağ probleminin həllində “real irəliləyiş”in əldə olunmasına kömək edə bilər. Siz necə düşünürsünüz?

- Mən KTMT-də müşahidəçi statusla təmsil olunmaqda heç bir problem görmürəm. Bizim NATO-da da səfirimiz var və əməkdaşlıq edirik. Amma Rusiya bizə torpaqlarımızı azad etməkdə mane olmasa biz KTMT-nin tam hüquqlu üzvü də ola bilərik. Ona görə dəfələrlə söyləmişəm ki, Qarabağın azadlığı üçün biz Ermənistanla yox, Rusiya ilə danışıqlar aparmalıyıq.