• 20 Yanvar 2022
logo
Üçtərəfli anlaşmalar pozulur: Moskva Bakıdan nə istəyir?

Üçtərəfli anlaşmalar pozulur: Moskva Bakıdan nə istəyir? – Müsahibə

“Laçın dəhlizinə nəzarət bərpa olunmalıdır. Çünki indi Laçın dəhlizindən keçən maşınlara səthi baxış keçirilir. Bir-iki sual verilməklə bu maşınların Qarabağa gəlməsinə imkan yaradılır. Bu maşınlarda mülki geyimli diversantlar, terrorçular ola, eləcə də silah daşınmaları həyata keçirilə bilər. Bu isə Azərbaycanın mülki və hərbi vətəndaşlarına yeni təhdidlərin yaranması deməkdir”.
Politoloq İlyas Hüseynovun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirdi ki, bölgədə balansı qorumaq üçün Ermənistanı silahlandırmaqda davam edəcəklər. Bir tərəfdən Qarabağda sülhməramlı missiya yerinə yetirən Rusiya, digər yandan tərəflərdən birini silahlandırır. Bunu necə başa düşməliyik, Moskva Ermənistanı silahlandırmaqla nə əldə etmək istəyir?
- Rusiyanın məqsədi budur ki, Qafqazda silah yarışında balans yaratsın. Bu baxmından, tamamilə dağıdılmış və məğlub edilmiş Ermənistan ordusunun texniki təchizatı həyata keçirilməklə bu məqsədə çatmaq təşəbbüsləri reallaşdırılır. Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın son iki ayda Rusiyaya etdiyi səfəri zamanı bu ölkədən olan həmkarı Sergey Şoyqu ilə görüşlərində bununla bağlı razılaşmalar əldə olundu.
Artıq Karapetyana bir sıra əmrlər də verilib. Ümumiyyətlə, Rusiya tərəfindən Ermənistan ordusunun modernizasiyası və silahlı qüvvələrində islahatlar paketinin qəbul olunmasına göstərilən yardım heç bir vəchlə hərbi balansın qorunmasına xidmət etmir. Çünki biz Ermənistanın xislətini çox yaxşı bilirik. Əlinə düşən hər fürsətdə öz qisascıl və revanşist addımlarını həyata keçirməyə cəhd edir.
Biz hazırda bu prosesin artıq başladığını görürük. Ermənistan davamlı olaraq sərhəddə vəziyyəti gərginləşdirir. Eləcə də bölgədə yeni döyüş postları qururlar.
Azərbaycan Müdafiə Nazirliyinin son açıqlamalarından birində də bildirildi ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə döyüş postları qurulur. Bir sözlə, həmin ərazilərdə müəyyən fəallıq müşahidə olunur. Bu addımlar isə Qarabağda risk və gərginliyin yenidən artması deməkdir. Bunlar eskalasiyaya gətirib çıxara bilən addımlardır.
- Bunun qarşısını almaq üçün nə etmək lazımdır?
- Hesab edirəm ki, bunun üçün diplomatik və siyasi danışıqlar aparılmalıdır. Risklərin minimallaşdırılması ilə bağlı fəaliyyətlər müşahidə olunmalıdır. Bunun əksinə olaraq, Rusiyanın Ermənistanı silahlandırması, ordunun yenidən qurulması və radio-elektron mübarizə ilə bağlı səylərin birləşdirilməsi – bütün bunlar gərginliyin artırılmasına xidmət edir. Bunlar bölgənin rifahını sual altında qoymaqla yanaşı, həm də təhlükəsizlik, sülh və sabitliyə təhdidlər yaradır.
- Hazırda Ermənistan və Azərbaycan arasındakı məsələlərin həllinə mane olan tərəf kimi görünən Rusiya necə oldu ki, 44 günlük müharibəyə əngəl olmadı və ya ola bilmədi?
- Həmin dövrdə Rusiya Prezidenti Putinin Qarabağın Azərbaycanın ərazisi olduğunu vurğulaması, eləcə də tərəfləri beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməyə çağırması həm Moskvanı, həm Bakını, həm də bölgədə maraqları olan digər gücləri razı saldı. Amma 10 noyabr bəyanatının imzalanmasından sonra mövqelərdə müəyyən dəyişikliklər görünməyə başladı. Biz bunu Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətlərində də görürük.
Sülhməramlıların fəaliyyətlərindəki problemlər onların mandatının olmaması ilə bağlıdır. Digər tərəfdən, “qırmızı xətlər”in müəyyənləşdirilməsi çox önəmlidir. Sülhməramlılar tərəfindən müxtəlif humanitar aksiyaların keçirilməsi - erməni əsilli vətəndaşlar üçün evlərin tikilməsi, onlara yardımların göstərilməsi, eyni zamanda son günlərdə Xankəndi şəhərində yaranmış su çatışmazlığının aradan qaldırılması ilə əlaqədar göstərilən fəaliyyətlər müşahidə olunur.
Sual yaranır ki, sülhməramlılar su problemlərini həll etməlidirlərmi, evlərin tikintisi ilə məşğul olmalıdırlarmı? Bütün bunları aradan qaldırmaq üçün sülhməramlıların mandatı və həyata keçirə biləcəkləri fəaliyyətlər müəyyən edilməlidir. Hələlik bu yöndə addımlar atılmır. Sülhməramlılar da yaranmış boşluqlardan istifadə edirlər.
Eyni zamanda, Laçın dəhlizinə nəzarət bərpa olunmalıdır. Çünki indi Laçın dəhlizindən keçən maşınlara səthi baxış keçirilir. Bir-iki sual verilməklə bu maşınların Qarabağa gəlməsinə imkan yaradılır. Bu maşınlarda mülki geyimli diversantlar, terrorçular ola, eləcə də silah daşınmaları həyata keçirilə bilər. Bu isə Azərbaycanın mülki və hərbi vətəndaşlarına yeni təhdidlərin yaranması deməkdir. Bütün bunların qarşısının alıması üçün ikitərəfli və ya üçtərəfli danışıqların aparılması arzuolunandır.
- Durumun gərgin olduğu bir vaxtda Ermənistan Baş naziri Nikol Paşinyanın digər oyunçuları da bölgəyə cəlb etmək səyləri də diqqət çəkir. Bəs bunda məqsəd nədir?
- İndiki məqamda, eyni zamanda Ermənistan uğrunda gedən geosiyasi savaşı da görürük. Məsələn, Paşinyan seçkilərdən əvvəl ATƏT-in Minsk qrupuna üzv ölkələrin (Fransa və ABŞ) müşahidəçilərinin sərhəddə yerləşdirilməsində təkid edirdi. Digər bir təklif də budur ki, Fransa Ermənistan-Azərbaycan sərhədində sülhün təmin olunması üçün yardım əlini uzatmalıdır. Amma Paşinyan seçkidən sonra bu fikrin üstündə durdu ki, sərhədə KTMT öz müşahidəçilərini göndərməlidir. Bu məsələ KTMT-nin İrəvana səfəri zamanı da müzakirə olundu.
Paşinyan həm KTMT, həm də Minsk qrupu arasında var-gəl edir. Paşinyanın məqsədi budur ki, Rusiya ilə yanaşı, digər aktorları da bölgəyə cəlb etməklə beynəlxalq zəmanət alsın. Düşünür ki, Ermənistanın təhlükəsizliyi bununla daha etibarlı şəkildə təmin oluna bilər. Ermənistanın atəşkəsi davamlı pozması da prosesə qlobal don geyindirmək və həmin oyunçuları prosesə cəlb etmək istəyindən qaynaqlanır. Bölgəyə gəlmək istəyən qüvvələr elə bu səbəbdən Ermənistanın yanında dayanırlar ki, istəklərinə nail olsunlar.
- Digər yandan isə Paşinyan son çıxışında Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına dair müsbət mesajlar verdi. Bu açıqlamasında o, nə qədər səmimidir?
- Paşinyan bunu deyir, amma hər gün Azərbaycanın mövqelərinin Ermənistandan atəşə tutulmasının şühidi oluruq. Əlbəttə, bütün bunların fonunda danışıqlara başlamaq labüddür. Amma bunun üçün Ermənistan pozuculuq fəaliyyətlərini dayandırmalıdır. Belə bir durumda verilən açıqlama nə qədər səmimi ola bilər?
Ermənistan üçtərəfli işçi qrupunun fəaliyyətinin bərpasında maraqlı olduğunu deyir. Yanvrın 11-də təsis olunmuş işçi qrupu aprel ayınadək 6 görüş keçirdi. Amma Ermənistanda baş tutan seçkilər bunun fəaliyyətinə mane oldu. Bununla da Ermənistan bölgədə nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı gedən prosesə əngəl yaratdı.
Artıq seçkilər arxada qalıb, Ermənistanda yeni hökumət formalaşıb və işçi qrupunun konkret nəticələri dövlət başçılarına imzalamları üçün təqdim etmələri arzuolunandır.
Bildiyimə görə, işçi qrupunun fəaliyyəti zamanı mühüm qərarlar qəbul olunmuşdu. Amma sərhədlərin müəyyənləşdirilməsi yönündə yaranmış gərginlik bu qərarlara təsir göstərir. Əgər biz bölgədə davamlı sülhdən danışırıqsa, o zaman sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilməlidir.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməlidir, habelə Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır və bölgədəki kommuniyasiya və nəqliyyat xətləri açılmalıdır. Amma Ermənistan rəhbərliyi həm öz vətəndaşlarını, həm də bölgədə maraqları olan gücləri çaşdırmaqla məşğuldur. Üçtərəfli bəyanatlarda həm kommunikasiyaların açılması, həm də Qarabağdakı qanunsuz silahlıların çıxarılması ilə bağlı qeyd olunan müddəaları yerinə yetirməkdən boyun qaçırır.
Ermənistan bəzən nəqliyyat dəhlizlərinin Zəngəzurdan yox, Azərbaycanın qərb rayonlarından keçməsi ilə bağlı fikirlər səsləndirir. Bu da yanlışdır. Çünki nəqliyyat dəhlizinin məhz Zəngəzurdan keçəcəyi ilə bağlı konkret anlaşma var. Üstəgəl, Ermənistan dəhliz oradan keçəcəksə, buna irimiqyaslı dəhliz anlamının verilməməsində maraqlıdır. Bu prosesi yalnız dəmir yolunun çəkilməsi ilə məhdudlaşdırmaq istəyir, avtomobil yolunun çəkilməsi məsələsini gündəmdən çıxarmağa çalışır. Bu da qəbulolunmaz yanaşmadır. Çünki bu məsələdə irimiqyaslı layihənin tərkib hissəsidir.
- Ümumiyyətlə, hazırkı gedişatda müsbət məqamlar varmı?
- Müsbət məqam budur ki, Ermənistan ərazilərindəki dəmir yolları Rusiya şirkətinə məxsusdur. Buna görə də Azərbaycan birbaşa Ermənistanla yox, Rusiya ilə danışıqlar aparır. Buna görə də işçi qrupunun toplantılarında mütləq Rusiya dəmir yolları şirkətinin nümayəndəsi də iştirak edir. Yəni Azərbaycan öz istək və hədəflərinə çatacaq. 11 yanvar və 10 noyabr bəyanatlarının bütün müddəaları həyata keçirilməlidir.
İlk növbədə, Ermənistan və separatçıların Qarabağdakı qalıqları çıxarılmalıdır. Üçtərəfli bəyanatın dördüncü maddəsi də bunu deyir. Amma hələ də həmin qalıqlar Azərbaycan ərazilərindədir və onlar təhlükəsizliyə təhdidlər törədir, sülhü sual altında qoyurlar.
Kommunikasiyalara gəldikdə, bu xətlərin açılmasında birtərəflilik olmamalıdır. Yəni təkcə bu xətlərin açılması ilə bölgəyə sülh gəlməyəcək. Yalnız Azərbaycanın şərtləri yerinə yetirildikdən sonra sülh müqaviləsi imzalana bilər. Nəqliyyat və kommunikasiya xətlərlə bağlı danışıqların bərpa olunması bunun yalnız bir elementidir. Sülh sazişi üçün Ermənistan Azərbaycan sərhədlərini tanımalı və əsassız ərazi iddialarından imtina etməlidir.
- Qarabağdakı qanunsuz silahlı birləşmələr qalır: nə Rusiya, nə də Ermənistan bununla bağlı öhdəliklərini yerinə yetirir. Bakı bu məsələni necə həll edəcək? Son gəlişmələrin yaratdığı ehtimal isə budur ki, bunun qarşılığında Moskvanın Bakıdan istədikləri var.
- Zaman-zaman bununla bağlı müxtəlif, hətta ən ağlasığmaz fikirlər səsləndirilir. Belə bir absurd fikir irəli sürülür ki, Qarabağdakı sülhməramlıların fəaliyyətinin normallaşması və ya qanunsuz birləşmələrin Qarabağdan çıxarılması üçün Azərbaycan KTMT-yə üzv olmalıdır. Yaxud belə bir fikir deyilir ki, Azərbaycan Avrasiya Birliyinin üzvü olandan sonra bölgədəki qanunsuzluqlara son qoyulacaq. Bunlar absurddur və düşünülmüş şəkildə ortaya atılmış tezislərdir. Azərbaycan KTMT-yə üzv ola bilməz. Azərbaycan xarici siyasətdə heç bir hərbi bloka qoşulmamaq strategiyasını müəyyən edib, üstəgəl, Qoşulmama Hərəkatının üzvüdür. Hazırda da bu təşkilata sədrlik edir.
Əgər Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlıq, ticarət dövriyyəsi inkişafdadırsa və dövlət başçıları arasında dostluq münasibətləri varsa, niyə bu əlaqələr başqa bir müstəviyə keçirilməlidir?
Azərbaycan Avrasiya Birliyi olmadan da bu birliyə üzv digər dövlətlərlərlə münasibətlərdə müsbət nəticələr əldə edir. Bu baxımdan, həmin birliyə üzvlük bir məna daşımır. Bir sözlə, Rusiya və Azərbaycan arasındakı münasibətlər yüksək səviyyədədir. Yüksək səviyyədə qarşılıqlı səfərlər həyata keçirilir, danışıqlar aparılır və s. Bu münasibətlər mehriban qonşuluq prinsipləri əsasında davam edir. Buna görə də düşünmürəm ki, Rusiyanın Azərbaycandan qeyri-adi istəkləri var. Çünki bu münasibətlərdə hər şey açıqdır.
Rusiya-Azərbaycan münasibətlərini pozmağa çalışan tərəf Ermənistandır. Ən kiçik detalı belə bu münasibətləri pozmaq üçün şişirdirlər. Rusiyanın özündə də belə qüvvələr mövcuddur. Rusiya siyasətində ermənilərin lobbiçiliyini edən siyasətçilər var. Belə addımlar Rusiya hökuməti tərəfindən diqqətlə nəzərdən keçirilməlidir.