Suriya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.
Trend-in məlumatına görə, bunu Suriyanın Xarici İşlər nazirinin müavini Faysal Mekdad Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, Suriya münaqişənin sülh yolu ilə həllinin tapmasını dəstəkləyir:
"Terror dünya üçün böyük təhlükədir. Biz sərhəd tanımayan bu bəlanın qarşısını almalı, terrorizmə qarşı birgə mübarizə aparmalıyıq”.
Qeyd edək ki, oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü keçirilib. Görüşdə Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verilib. Beləliklə, Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.
Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılıb.w