• 20 Yanvar 2022
logo
Azərbaycan işğaldan azad olunan torpaqları cənnətə çevirəcək

Azərbaycan işğaldan azad olunan torpaqları cənnətə çevirəcək

İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun zəfəri ilə yekunlaşandan sonra işğaldan azad edilən ərazilərdə aktiv şəkildə quruculuq və bərpa işlərinə başlanıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu ərazilərə mütəmadi səfərlər edir. Onun tez-tez Qarabağ ərazisinə getməsini öz əzəli və tarixi sahibinə qayıdan torpaqlarımıza verdiyi yüksək dəyərin nümunəsi saymaq olar. Dövlət başçısı azad edilmiş torpaqlarımıza 10 dəfədən çox səfər edib.
Prezident və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərimizə növbəti səfəri isə bu günlərdə Kəlbəcər və Laçın rayonlarına oldu. Səfərlər zamanı Prezident artıq başlanmış quruculuq bərpa işləri ilə birbaşa tanış oldu, bölgənin perspektivi ilə bağlı planların real tətbiq imkanlarını öyrənərək, yeni tapşırıqlar verdi.
Ölkə başçısı Qarabağa yaxın rayonlara səfərləri zamanı da azad olunmuş ərazilərlə Azərbaycanın digər ərazilərini bağlayacaq infrastruktur-nəqliyyat layihələrinin icrasına nəzarət etdi, müvafiq göstərişlər verdi. Daşkəsən və Goranboya son səfərlər zamanı Prezident Kəlbəcərə yolu asanlaşdıracaq layihələr barədə də məlumat vermişdi.
Ümumiyyətlə Kəlbəcər və Laçının bərpası istiqamətində ciddi işlərə başlanılıb.
Bir maraqlı məqamı da qeyd edək ki, “CNN Türk” kanalına müsahibəsində açıq mesajlar verən Prezident İlham Əliyevin iki gün sonra Laçın və Kəlbəcərə səfər etməsi Bakının mövqeyinin və atacağı addımların birbaşa yerindən bəyan edilməsidir. Səfər həm erməni faşizminin və hamilərinin ifşası, həm sərhədlə bağlı yaranmış vəziyyətə dair Azərbaycanın mövqeyinin ifadə olunması, həm də Zəngəzur dəhlizi, məskunlaşdırma və quruculuq işləri ilə bağlı aydın mesajlarla yadda qaldı.
Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, bu istiqamətdə işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı işlər həyata keçirilib. Hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənir. Kəlbəcər rayonunun elektrik enerjisi ilə təchizatı üçün bunun çox böyük əhəmiyyəti var və cəmi altı ay ərzində bu yarımstansiya ərsəyə gəldi.
Prezident yol infrastrukturunun qurulması barədə danışarkən maraqlı fikirlər də səsləndirdi. O qeyd etdi ki, Basarkeçərdən Kəlbəcərə getmək üçün Laçın dəhlizinə asfalt yol çəkilməsi qanunsuz idi. Azərbaycan buna zamanında etiraz etmişdir. İndi həmin yoldan isə biz istifadə edirik. “Düşməni torpağımızdan qovduq və indi bu yoldan istifadə edirik. Ona görə bu yolu da hərbi qənimət saymaq olar”,-Prezident deyib.
O da maraqlı məqamdır ki, azad olunmuş ərazilərdə su elektrik stansiyalarının sayı tədricən 20-yə çatdırılacaq. Qarabağ və Şərqi Zəngəzur isə “yaşıl enerji” zonası kimi yaşayacaq. Cəmi 7-8 ay ərzində bu qədər işin görülməsi bizim gücümüzü, əzmkarlığımızı, güclü siyasi iradəni göstərir.
Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin də təməlini qoydu ki, bu da mühüm addım sayıla bilər. Bütün Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır.
Azad edilmiş torpaqların investisiya proqramı tutulanda Prezident İlham Əliyevin göstərişi ilə məhz tunellər də bu layihələrə salınmışdır ki, Şuşaya gedən yolda da tunellər çəkilir.
O ki qaldı hava limanı ilə bağlı məsələlərə, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Əvvəla aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Aeroportdan Laçın şəhərinə məsafə 30 kilometr, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çox, Şuşa şəhərinə məsafə isə 70 kilometrə yaxındır. Gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq. Bütün növ təyyarələr, o cümlədən ən ağır yük təyyarələri də bu hava limanlarına enə biləcək. Beləliklə, azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların bu zonaya qaytarılması üçün yeni imkanlar açılacaq.
O da diqqət çəkən məqamdır ki, bu hava limanını inşa edən Azərbaycan şirkəti olacaq.
Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq. Hava limanları sərnişin, yükdaşımaları və hərbi məqsədlər üçün istifadə ediləcək.
Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəlinə istismara tam hazır olacağı bildirilir. Zəngilan Hava Limanının istifadəyə verilməsi tarixi isə, 2022-ci il üçün planlaşdırılır. Azərbaycanla bərabər böyük layihələrdə qardaş Türkiyə şirkətlərinin də fəal iştirakı təqdir olunası haldır.
Prezidentin səfərləri zamanı etdiyi çıxışlarda yaxın tariximizin mühüm məqamlarına da toxunması diqqət çəkir. O çıxışlarında qəhrəmanlıq tariximizlə yanaşı, torpaqların itkisinə səbəb olmuş xəyanətlərin, kobud siyasi səhvlərin də unudulmamasına çalışır.
“Hər kəs bilir ki, Şuşa və Laçının işğala məruz qalması AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş vermişdir” deyən İlham Əliyev bu cütlüyün nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışdığını və onların nəzarəti altında olan bəzi qüvvələr, bəzi satqınların Şuşanı ermənilərə təhvil verdiklərini xatırladıb. AXC-Müsavat cütlüyünün xəyanətkar, satqın, antimilli hakimiyyəti Kəlbəcərin də işğalını şərtləndirib.
“AXC-Müsavat hakimiyyəti ordu quruculuğuna fikir vermirdi, orduda heç bir islahat aparılmırdı. Əksinə, ordumuzu zəiflətmək üçün hər vasitədən istifadə edirdi”,-deyə dövlət başçısı bildirib.
Prezident hər zaman Erməni faşizmi və mifləri haqqında da söz açıb. İkinci Qarabağ müharibəsi ilə erməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyuldu. Erməni əsgərinin “cəsur” olması və istənilən müharibədə qalib gələ bilməsi haqda mif də darmadağın edildi. Həqiqətən də erməni əsgəri fəraridir, qorxaqdır. Onlar özləri etiraf etdilər və bu da sübut olundu ki, müharibə dövründə Ermənistan ordusunda 10 min fərari olmuşdur. Azərbaycan Ordusunda isə bir nəfər də olsun fərari olmadı. Bundan başqa, Azərbaycanlıların öz torpaqları uğrunda vuruşmayacağı, vəziyyətlə barışdıqları haqda mif dağıdıldı. “Xocalı cəlladları Koçaryan, Sarkisyan, Ohanyan müharibə zamanı Qarabağa soxulmuşdular, orada idilər. Amma görəndə ki, müzəffər Azərbaycan Ordusu öz torpaqlarını qəhrəmancasına azad edir, qaçdılar, gizləndilər”-Prezident çıxışında bildirib.
Doğrudan da biz onların dırnaqarası “qəhrəmanlarını”, olmayan “Artsax” qəhrəmanlarını məhv etmişik. Onlar bu damğa ilə əbədi yaşayacaqlar. Zaman dəyişir, erməni faşizmi dəyişmir və dəyişməyəcək. Heç kim bunu unutmamalıdır. İndi onların bəzi hallarda göndərdikləri yaltaqlıqla dolu sözlərinə inanmaq olmaz.
O ki qaldı işğal dövründə, təbii sərvətlərimizin də talan olunmasına kömək edən xarici şirkətlərə, onların indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər.
Prezident Ermənistana və hamilərinə də açıq mesaj verdi. Azərbaycan sərhədlərini möhkəmləndirmək üçün ciddi addımlar atıb. İndi sərhədçilərimizin yerləşdiyi ərazilər Azərbaycan torpaqlarıdır, yeni sərhədlər də oradan keçəcək. Bakı İrəvana və qeyri-adekvat fikirlər səsləndirən havadarlarına mövqeyini nümayiş etdirdi: geri çəkilmə olmayacaq, reallıq qəbul olunmalıdır, lazım olarsa Azərbaycan sərhədçiləri hazırkı mövqelərdən də irəli gedə bilərlər.
Prezident İlham Əliyev dedi: “Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq”. Bir sözlə ölkə başçısının işğaldan azad olunmuş torpaqlara növbəti səfəri və burada verdiyi mühüm mesajlar biz gəncləri, ümumilikdə cəmiyyətimizi qürurlandırdı.

Xəzər Rayon İntellektual Gənclər və Vətənpərvərlik klubunun sədri

Ümüd Həsənli