• 22 Yanvar 2022
logo
Deputat: “Azərbaycan Prezidenti Ermənistan və region ölkələrinə mühüm mesajlar verdi”

Deputat: “Azərbaycan Prezidenti Ermənistan və region ölkələrinə mühüm mesajlar verdi”

“Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində Ermənistana və region ölkələrinə mühüm mesajlar verdi”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.
M. İbrahimqızı deyib ki, Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin xarakteri, qətiyyəti, cəsarəti, vətənpərvərliyi bir nümunə oldu: “İşğalçı Ermənistan ardıcıl və məqsədyönlü şəkildə danışıqlar prosesini pozur, bu məqsədlə təxribatlar törədirdi. 44 günlük müharibədən öncə bu hal daha intensiv və açıq xarakter almışdı. Müharibə dövründə isə mülki əhali, şəhər və kəndlərimiz atəşə tutulur, müharibə cinayətləri törədilirdi. Dövlət başçısının da müsahibəsində qeyd etdiyi kimi, Vətən müharibəsinin ilk günlərində bəziləri düşünürdü ki, görən dayanacaqlarmı, dayanmayacaqlarmı, dayandıracaqlarmı, dayandırmayacaqlarmı, İlham Əliyev sona qədər gedəcəkmi, getməyəcəkmi. Amma müharibə davam etdikcə hər kəs gördü ki, öldü var, döndü yoxdur, sona qədər gedəcəyik. Azərbaycanı güclü dövlətə çevirməklə və ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzusunu yerinə yetirdi. Ali Baş Komandan qətiyyəti, cəsarəti, vətənpərvərliyi ilə nümunə oldu və Adi Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan xalqı üçün ən mühüm əhəmiyyət kəsb edən, taleyüklü problemin həllində Prezident İlham Əliyev prinsipiallıq, uzaqgörənlik, məqsədyönlü və düşünülmüş siyasət ortaya qoydu”.
Deputat qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə bütün infrastruktur dağıdılıb və talan edilib: “Bu da işğalçı Ermənistanın mahiyyəti göstərir. Ancaq Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq və abadlıq işləri nəticəsində işğaldan azad edilən bu ərazilər dünyanın ən cənnət məkanlarından birinə çevriləcək. Hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması ilə bağlı planlı şəkildə, maksimal sürətlə intensiv iş aparılır. Bərpa və yenidənqurma işlərinin başa çatdırılmasında isə əsas rəqib zamandır”.
Deputat qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, Zəngəzur koridoru başda olmaqla kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlanılması, digər məsələlərin həllinə maneə törədən yeganə səbəb Ermənistanın ya buna hazır olmaması, ya da bunun əleyhinə olmasıdır. Əsrlərlə, xüsusilə son 30 ildə Ermənistan cəmiyyətinə aşılanan radikal millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiyanın təsiri altında formalaşmış psixoloji durum və Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra Ermənistan cəmiyyətində ideoloji sütunun darmadağın olması göz önündədir: “Ancaq məsələyə rasional yanaşarsa, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalaması, Zəngəzur koridoru başda olmaqla, kommunikasiyaların açılması Ermənistanın özünün də maraqlarına cavab verir. Ermənistan müttəfiqi Rusiya, o cümlədən İranla da dəmir yolu əlaqəsinə malik olur. Zəngəzur koridorun açılması regional iqtisadi əməkdaşlığın inkişafı və region ölkələri arasında işgüzar əlaqələrin gücləndirilməsində mühüm əhəmiyyətə malik olacaq. Təsadüfi deyil ki, Avropa İttifaqı da bu məsələyə olduqca müsbət yanaşır. Digər tərəfdən, Zəngəzur koridorunun tam fəaliyyət göstərməsi üçün həm dəmir yolu, həm də avtomobil yolu yaradılmalıdır. Bu gün də bölgədə sülh dövlət başçısının irəli sürdüyü konsepsiya əsasında mümkündür. Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində də bölgədə davamlı sülh üçün Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, sülh müqaviləsi imzalamasının zəruri olduğunu bir daha bəyan etdi”.
M. İbrahimqızı Azərbaycan Prezidentinin “CNN Türk” televiziya kanalına müsahibəsində bu aspektdə toxunduğu iki məqama da diqqət çəkib: “Ermənistanın Laçın yolu vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə silah və hərbçilər göndərməsi yolverilməzdir və buna son qoyulması üçün ciddi tədbirlər görülməlidir. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycanın bu ərazilərdə baş verən prosesləri yaxından izləmək üçün bütün texniki imkanlara malikdir, hətta Ermənistandan həmin əraziyə gedən və qayıdan avtomobillərin, insanların dəqiq sayı bilinir. İkinci Qarabağ müharibəsi dərs olmalıdır və Ermənistan dərk etməlidir ki, bu siyasəti onun özü üçün çox ağır nəticələr verə bilər. Azərbaycanın region ölkələrindən gözləntiləri də bəllidir. Azərbaycan Prezidentinin də vurğuladığı kimi, Azərbaycan bölgədə xüsusi rolu olan Rusiyadan üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilməsini, Ermənistanın yaxın müttəfiqi kimi sülhün bərqərar olunması üçün səylərini daha da artırmasını gözləyir. Ermənistan cəmiyyətinin müharibənin nəticələrini qəbul etdiyi halda Rusiyanın Ermənistanı silahlandırmaqdan çəkinməsi və Rusiyanın Azərbaycanın narahatlıqlarını nəzərə alması zəruridir. İranda isə yeni seçkilər keçirilib, yeni hakimiyyətin formalaşması prosesi gedir. Azərbaycan rəsmi Tehranın Azərbaycan və Ermənistanla münasibətləri ilə bağlı öz siyasətini ortaya qoymasını gözləyir. Biz inanırıq ki, İranın yeni hakimiyyəti bu ölkənin bəzi şirkətlərinə məxsus yük maşınları ilə Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərinə qanunsuz yük daşımasının da qarşısını alacaq. Qardaş Türkiyə isə hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bu dövlətin yüksək vəzifəli rəsmiləri Vətən müharibəsinin ilk anından Azərbaycana birmənalı siyasi və mənəvi dəstəklərini ifadə ediblər. Məhz Türkiyənin birmənalı və qətiyyətli mövqeyi işğalçıya dəstək vermək niyyətində olan bəzi dövlətləri çəkindirdi. Vətən Müharibəsi dövrü Azərbaycan üçün həm də dostlarını, həm də dost olmayanları daha yaxından tanıması üçün bir imkan yaratdı. Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu yenə də zamanın sınağından çıxdı. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Türkiyədə bu yaxınlarda baş vermiş meşə yanğınlarının qarşısının alınmasında Azərbaycanın verdiyi hərtərəfli dəstək və yardım Türkiyə-Azərbaycan birliyinin əməldə də öz əksini tapmasının növbəti bariz nümunəsi oldu”.