• 25 Aprel 2024
logo
“Azərbaycan ilə Türkiyə arasındakı sıx münasibətlər qardaşlıq nümunəsdir”

“Azərbaycan ilə Türkiyə arasındakı sıx münasibətlər qardaşlıq nümunəsdir” - Fuad Hüseynzadə

“Azərbaycan Türkiyə ilə eyni kökdəndir və eyni bir dildə danışır. Hər iki ölkə həmişəki kimi bu gün də bir-birinin yanındadır. Bu tendensiya isə bütün dünya tərəfindən xüsusi maraqla izlənilir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında “Diasporun Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib. Onun sözlərinə görə, Ermənistan rəsmiləri hər zaman etiraf edir ki, Azərbaycan və Türkiyə arasındakı möhkəm dostluq və əlaqələr heç vaxt bir başqa dövlətlə Ermənistan arasında olmayıb və bundan sonra da olacağına inanmırlar: “Eyni zamanda Ermənistan, ümumiyyətlə Qərb və ABŞ bu iki qardaş dövlətin dostluğundan rahatsız olublar. Onlar ümumi olaraq türk xalqlarına qarşı irqçi savaş açır və haqlarını tapdalayırlar.
Yeri gəlmişkən, dünya erməniləri Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsini həzm edə bilmirlər. Eyni zamanda qardaş Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi erməni lobbisini kəskin şəkildə aqressivləşdirib. Amerika Erməniləri Milli Komitəsinin (ANCA) idarəçiliyi ilə dünya erməniləri, xüsusən ABŞ-dakı erməni lobbisi anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətini planlı şəkildə davam edirlər.
Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” telekanalına müsahibəsində Türkiyə ilə Azərbaycanın dostluğu və qardaşlığı məsələsinə xüsusi toxunub: “Mən dəfələrlə demişəm ki, bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Əgər axtarmaq istəsəniz, tapa bilməzsiniz, yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Mən hər zaman deyirdim ki, ölkələr arasındakı münasibətlər əməldə olmalıdır. Çünki yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı çıxışlar edə bilər. Amma ağır gündə sən gəl yanında dur. Necə ki, Türkiyə İkinci Qarabağ savaşında bizim yanımızda durdu. Mən tam əminəm ki, Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir”.
Türkiyədə bu yaxınlarda baş vermiş təbii fəlakətin aradan qaldırılmasında Azərbaycanın verdiyi hərtərəfli dəstək Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının mahiyyəti bir daha ortaya qoydu. Bütün bunlar Türkiyə-Azərbaycan birliyinin əməldə öz əksini tapmasının bariz nümunəsidir. İki dövlət arasındakı bu münasibətlər bütün dünyaya örnəkədir, qardaşlıq və dostluq nümunəsdir”.

Əli Zülfüqaroğlu