“Bizə hazırda yeni seçki lazımdırmı? Son günlər bu müzakirə gündəmdə özünəməxsus yer tutur.
Mediada, sosial şəbəkələrdə referendum, parlament seçkisi ilə bağlı müxtəlif fikir və rəylər çoxalır. Müxtəlif platformalarda müzakirəyə çıxarılır, ekspert rəyləri öyrənilir. Bununla da cəmiyyətdə bir anlıq fikir yaranır ki, seçki, referendum artıq "qapımızı kəsdirib".
Bunu “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru Rəfail Becanov deyib. O bildirib ki, hər birimiz, xüsusən maraqlı tərəflər seçkinin dinamika olduğunu bilir:
“Seçki cəmiyyətin inkişafına, demokratik dəyərlərin möhkəmlənməsinə, oturuşmasna, siyasi güclərin və fikirlərin legitimlik qazanmasına təkan verən amillərdən ən birincisidir. Lakin zaman o deyilsə... Azərbaycan Vətən müharibəsindən qalib çıxmış ölkədir. Qalib ölkələrdə tələsik seçki, yaxud referendum olmur. Məğlub ölkələrdə isə bu adi taktika və tendensiyadır. Yəni bu, məğlub ölkələrə xas siyasi prosesdir.
Müharibəni uduzan qüvvə mandatını uzatmağa, opponentləri isə bu məğlubiyyətdən bəhrələnib mandat almağa çalışırlar. Ermənistan məhz məğlub olduğu üçün erkən parlament seçkiləri keçirdi. Azərbaycan isə qalibdir. Qaliblərin strategiyası olur, tələsik və erkən seçkiləri yox”.
Baş redaktor bildirib ki, bizim ölkə olaraq hazırda qarşımızda duran bir sıra mühüm məsələlər var:
“Qarabağın bərpası, düşmənin təxribatlarının qarşısının tam alınması, sərhədlərin delimitasiyası və s. İndi dövlət siyasəti bu yöndə qurulur. Seçki, yaxud referendum üçün zamanımız olacaq... Təbii ki, Azərbaycan qalib ölkə olduğundan hansısa strateji yol xəritəsi qəbul edə, onu reallaşdıra bilər. Bütün bu gedişlər isə yeni dövrün, yeni situasiyanın tələbələrinə uyğun olmalıdır”.