• 5 İyul 2022
logo
“Fransa, İran və Ermənistan ittifaqı formalaşmaqdadır”

“Fransa, İran və Ermənistan ittifaqı formalaşmaqdadır” - politoloq

“Nikol Paşinyan Ermənistanda baş nazir kimi seçilən kimi ilk rəsmi səfərini İrana etdi. Diplomatiyada yazılmamış qaydalardan biri də dövlət başçılarının ilk rəsmi səfəri kimi dost ölkəyə getmələridir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tural Əliyev deyib. O, bildirb ki, burada təəccüblü heç nə yoxdur, Paşinyan ona yad olan ölkəyə getməyib: “Paşinyanın ya Rusiya, ya da Fransanı seçəcəyi gözlənilirdi. Amma İrana getdi, adını da qoydular ki, İran prezidentinin andiçmə mərasimində iştirak edəcək. Hətta Azərbaycanda bəzi qüvvələr əsaslandırmağa çalışdılar ki, Azərbaycan da nüməyəndə heyəti göndərib, bu adi diplomatik addımdır. Təbii ki, belə deyil. İran balans saxlamağa çalışır, bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, ancaq işğal dövründə Ermənistanla bütün sferalarda əməkdaşlıq edirdi və edir. Bizim cəmiyyətdə də bəzi hallarda fikirlər haçalanır. İranın Ermənistanla olan münasibətinə başqa don geyindirmək istəyirlər. İran dövlətinin siyasi- ideoloji maraqları, onun dini və mədəni münasibətlərindən daha vacibdir və öndədir. Siyasi proses kimi normal baxılır, ikili oynamağa ehtiyac yoxdur.
Paşinyan getməmişdən iki gün əvvəl İranın Ermənistandakı səfiri Ermənistan- Azərbaycan sərhədinə, atəşkəsin tez-tez pozulduğu yerə gedib. Sual olunur, İranın səfiri orada nə axtarırdı? Kimsə deyə bilər ki, ondan qabaq ABŞ səfiri getmişdi. İndi Cənubi Qafqazda postmünaqişə dövrünü qısa da olsa təhlil edək”.
Ekspert diqqətə çatdırıb ki, ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi 10 noyabr üçtərəfli razılaşmadan narazı qalıblar: “Özlərini prosesdən kənarda hiss edirlər. Ona görə də onlar narahat görünürlər. Üstəlik, ABŞ və Fransa Zəngəzur dəhlizinin açılmasında maraqlı deyillər. Ama bu kontekstdə İranla maraqları üst-üstə düşür. İran da region dövləti olaraq üzdə rahat görünməyə çalışsa da gerçək olaraq diskomfortdur. Rəsmi və açıq deyilməsə də Fransa, İran və Ermənistan ittifaqı formalaşmaqdadır. Zatən Fransa İran münasibətləri heç də pis deyil, İnqilabdan sonra münasibətlər daha da istiləşib. Paşinyan İranda səfərdə olarkən Fransa prezidenti Makron Azərbaycan Prezindentinə telefonla zəng edib. Sizcə, təsadüfdürmü?! Əsla deyil. Özü də təşəbbüs Fransa prezidentindən gəlib. Regionda sabitlik və təhlükəsizliyin qorunub saxlanılmasına dair fikir mübadiləsi aparılıb. Fransa, İran və Ermənistan “üçlük” formatına qarşı regionda Azərbaycan, Türkiyə və Pakistan ittifaqı formalaşmaqdadır. Fransanın geosiyasi və əzəli rəqibi olan Böyük Britaniya Azərbaycan, Türkiyə və Pakistan birliyinə açıq dəstək verə bilər. Fransa Tovuz döyüşlərində və İkinci Qarabağ müharibəsi zamanı açıq-aşkar Ermənistanı dəstəkləyirdi. İran qonşuluq nöqteyi-nəzərdən balanslı siyasət yürütməyə çalışır,ancaq nəticə göz qabağındadır. İran, həmçinin tarixboyu olduğu kimi daxildən qorxur, Cənubi Azərbaycan faktoru İranın axsadığı yerdir.
Fransa və İran Türkiyənin Cənubi Qafqazda güc mərkəzi olmaması üçün Ermənistan kartından istifadə edir. Fransa hələ də Qarabağ münaqişəsinin tam həll olunmadığını deyir. Yadınızdadırsa, İran müharibənin gedişində belə bir açıqlama vermişdi, Dağlıq Qarabağda ermənilərin də yaşamağa haqqı var. Müstəqillik sözü işlətməsələr də nisbətən “yumşaq” ifadə seçmişdilər. Son günlər Azərbaycan- Ermənistan sərhədində baş verən gərginliyin haradan qaynaqlandığı sezilir. Fransa sərhədlərin delimitasiyası və demarkasiyasının ləngiməsinin tərəfdarıdır. Ola bilsin, əsas istəklərindən biri Rusiya ilə bərabərhüquqlu sülhyaratmaq missiyasında iştirak etməyə can atır. Zəngəzur dəhlizinin açılması Türk dünyasının əlaqələrinin möhkəmliyi deməkdir. İran da hər vəchlə çalışacaq ki, proses ya ləng getsin, ya da ümumi gərginlik hər zaman qalsın. Azərbaycan isə yeni reallıqda özünün dayaqlarını bərkitmək üçün bütün mümkün imkanlardan istifadə edir”.

Əli