• 5 İyul 2022
logo
Ermənistanın sərhəddə təxribatları məqsədlidir

Ermənistanın sərhəddə təxribatları məqsədlidir

Nail Cəlil: “Qarşı tərəf Minsk Qrupunu yenidən diriltməyə, sülh müqaviləsi imzalamaqdan yayınmağa çalışır”

“Ermənistanın son günlər sərhədin müxtəlif istiqamətlərində atəşkəsi vaxtaşırı pozması məqsədlidir və Azərbaycanın silahlı qüvvələrini təxribata çəkmək niyyəti güdür. Düşmən sözsüz ki, hər dəfə layiqli cavabını artıqlaması ilə alır. Ordumuz qarşı tərəfi anında, zamanında susdurur, təhlükəsizliyin təmin olunması üçün vacib olan bütün zəruri tədbirləri həyata keçirir. Erməni kütləvi informasiya vasitələrinin sərhəddə və sülhməramlarının nəzarət bölgəsində “şiddətli döyüşlərin getməsi” barədə dezinformasiya xarakterli, yalan məlumatlar yayması isə Minsk Qrupu üçlüyünü “yenidən diriltməyə” xidmət edir”.
Bu fikirləri Ermənistanla sərhəddə, eləcə də Kəlbəcər rayonu istiqamətində atəşkəsin Ermənistan tərəfindən pozulmasına münasibət bildirərkən, “Xalq Cəbhəsi”nə eksklüziv açıqlamasında politoloq Nail Cəlil söyləyib.
Siyasi ekspert vurğulayıb ki, rəsmi İrəvanın atəşkəsi pozması ABŞ, xüsusən, Fransanın regionda nüfuz dairəsini genişləndirmək, təsir rıçaqlarına malik olmaq istəyi ilə sıx bağlıdır: “Ermənistanın indiki siyasi rəhbərliyinin Qərbə meyilli olması, erməni lobbisinin cəfəng iddialarını həyata keçirməyə çalışdığı bəllidir. Digər tərəfdən, rəsmi İrəvan uğursuz bir şəkildə əsas beynəlxalq güc mərkəzləri sayılan ABŞ, Avropa Birliyi və Rusiya arasında manevr etməyə çalışır. İstisna deyil ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyan seçkidən sonra lokal savaşlarla siyasi möhtəkirlik etməklə daxili ictimai rəydə üstünlüyünü möhkəmləndirməyə çalışır: “Ancaq bu, müvəqqətidir və rəsmi İrəvan istənilən halda üçtərəfli 10 noyabr sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməli olacaq”.
Politoloq qeyd edib ki, sərhəddə vəziyyəti gərginləşdirməklə, təxribatlara əl atmaqla Ermənistan daha çox itirir, regionda özünü təcrid edir: “Ermənistanda bunu başa düşən, az-çox sağlam, rasional düşüncəsi olan qüvvələr yox deyil. Bununla yanaşı, erməni toplumunun müəyyən kəsimi hələ də qisasçılıq hissləri və revanş arzusu ilə yaşayır. Qərbdə müəyyən dairələr radikal kəsimin bu hissləri ilə manipulyasiya edərək, “ermənilərin müqaviməti” üzərindən geosiyasi maraqlarını həyata keçirməyə çalışırlar. ABŞ, Fransa, eləcə də Avropa Birliyi təmsilçilərinin bir sıra açıqlamaları və bəyanatları da ikili standartların bitmədiyini, hələ də davam etdiyini göstərir”.
Nail Cəlilin sözlərinə görə, əks halda, Azərbaycan ərazisinin 20 faizə qədərinin uzunmüddətli işğalına, ölkəmizə bu səbəbdən dəyən ziyana görə, 300 milyarddan çox təzminat ödəməli olan Ermənistana 2,6 milyard həcmində yardımın ayrılmasının başqa izahı yoxdur: “Qərbdə, Avropada yaxşı bilirlər ki, müharibə faktiki olaraq, Azərbaycan ərazisində gedib. İşğala, böyük dağıntılara, etnik təmizləməyə məruz qalan, nəhayət, 44 günlük müharibə nəticəsində erməni işğalından azad edilən məhz Azərbaycan torpaqlarıdır. Buna baxmayaraq, yardım Azərbaycana deyil, Ermənistana edilir. Azad edilmiş ərazilərimizin böyük hissəsinə ermənilər tərəfindən milyondan artıq mina döşənməsi faktının üzərindən də Qərbdə çox tez-tez sükutla keçirlər”.
Nail Cəlil hesab edir ki, erməniləri “cəsarətləndirən, hərəkətə keçirən” də məhz bu məqamdır. İşğala görə, 30 il ərzində cəzasız qalması, sanksiyalarla üzləşməli, təzminat ödəməli olduğu halda Qərbdən davamlı milyardlarla yardım görməsi məğlub Ermənistanı qeyri-adekvat addımlara vadar edən başlıca amildir: “Son günlər Ermənistan tərəfindən atəşkəsin davamlı olaraq pozulması bunu bilavasitə təsdiqləyir. Diqqəti çəkən odur ki, bütün bunların fonunda rəsmi İrəvan Azərbaycan və Türkiyə əleyhinə ritorikanı da kəskinləşdirməyə çalışır. Bunu labüd məğlubiyyətdən sonra erməni cəmiyyətində yaşanan postravmatik isteriyanın və hərbi-siyasi aqoniyanın təzahürü kimi də dəyərləndirmək mümkündür. Ola bilər ki, Paşinyan iqtidarı növbədənkənar seçkilərdə qələbədən sonra vəziyyəti bilərəkdən gərginləşdirir. Atəşkəsi pozmaqla həm Azərbaycanı sərt, qəti cavab tədbirlərinə təhrik etməyə çalışır, həm də ermənilərə 9 ay əvvəl faktiki kapitulyasiya aktına imza atdığını unutdurmaq istəyir”.
Politoloq qeyd edib ki, Ermənistanın vaxtaşırı sərhəddə vəziyyəti gərginləşdirməsi həm də 30 illik işğala görə, təzminat məsələsindən diqqəti yayındırmaq məqsədi güdür. Bu müddət ərzində işğalçı ermənilər tərəfindən Azərbaycana azı, 300 milyard dollardan artıq zərər vurulub: “Müstəqil ekspertlərin hesablamalarına görə, təkcə kənd təsərrüfatına dəyən ziyan 84 milyarddan çoxdur. Bu, ilkin hesablamalardır. Dəqiqləşdirmələr zamanı söylənilən rəqəmlərin iki dəfədən çox artması istisna deyil. İndiki halda Ermənistan sərhəddə vəziyyəti gərginləşdirməklə təzminat məsələsini yubatmağa çalışır. Məqsəd həm də Azərbaycan tərəfinin israr, təkid etdiyi sülh müqaviləsini imzalamaqdan yayınmaqdır”.
Nail Cəlil onu da vurğulayıb ki, ağır məğlubiyyətə baxmayaraq, rəsmi İrəvan daxili ictimai rəyin təzyiqi ilə diplomatik manevrlər etməyə, münaqişə vəziyyətini uzatmağa çalışır. Rusiyanın vasitəçiliyi ilə sərhəddə atəşkəş bir müddət bərpa olunsa da, Ermənistan vaxtaşırı onu pozmaqda davam edir. Bəlli olan odur ki, Ermənistanın sərhəddə atəşkəsi pozması, 44 günlük müharibənin nəticələrinə və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəlarına qətiyyən uyğun deyil. Siyasi ekspertin sözlərinə görə, əslində, rəsmi İrəvan elə ilk gündən 10 noyabr anlaşmasını pozmağa, öhdəlikləri icra etməkdən yayınmağa çalışıb, lakin buna müvəffəq ola bilməyib. Buna baxmayaraq, Azərbaycan hərbi-siyasi güc müstəvisində şərtləri diktə etməyi və bəyanatın əsas müddəalarının icrasını təmin etməyi bacarıb. Politoloq onu da bildirib ki, hazırda Azərbaycanın haqq işini fəal şəkildə dəstəkləyən ölkələrə - qardaş Türkiyəyə, Pakistana, Ukraynaya, hətta İsrailə qarşı müəyyən təxribatlar törədilir, qara piar aparılır. Başqa sözlə, Ermənistan və onu savaşa təhrik edən müəyyən dairələr regionda gərginliyi saxlamağa, bununla da prosesləri idarə etməyə, tərəflərə təsir imkanlarını qoruyub saxlamağa çalışırlar. Ermənistanın proseslərin pozulmasına xidmət edən yeni iddialarının başqa izahı yoxdur. Onlar tərəfindən cəfəng, yerinə yetrilməsi mümkün olmayan, 10 noyabr bəyanatına zidd tələblərin irəli sürülməsi də bunu sübuta yetirir: “Hazırda Türkiyənin regionda fəallığının azaldılmasına, neytrallaşdırılmasına yönələn səylər aşkar hiss olunur. ABŞ-da “Türk Demokratiya Layihəsi”nin (Turkish Democracy Project) işə salınması Türkiyəyə qarşı yönələn açıq təzyiqlərin nümunəsidir. Türkiyədə geniş ərazilərdə baş verən meşə yanğınlarının ekoloji terror olması, ölkə xaricində planlaşdırılması ehtimalı da kifayət qədər realdır. Beləliklə, Qərbdə anti-Türkiyə mexanizminin yenidən işə düşdüyünü söyləmək mümkündür. Məsələn, ABŞ-da prezidentin milli təhlükəsizlik müşaviri olmuş Con Boltonun timsalında “Türkiyənin Qarabağ münaqişəsinə müdaxiləsinin faydalı olmadığı”nı iddia edənlər də tapılır”.
Politoloq Nail Cəlil əlavə edib ki, Ermənistan sərhəddə mövqelərimizi vaxtaşırı atəşə tutmaqla, Azərbaycanı təxribata çəkməyə, ordumuzun təhlükəsizlik tədbirləri səbəbindən bu ölkənin ərazisinə daxil olmasına çalışır. Sərhəddə gərginlik yaratmaqla yanaşı, onlar beynəlxalq ictimaiyyəti aldatmağa yönələn əks təbliğatı da intensivləşdiriblər. İş o yerə çatıb ki, kimlərsə Azərbaycanı qoşunlarını Ermənistan ərazisindən geri çəkməyə çağırır: “Azərbaycan ordusu beynəlxalq səviyyədə tanınmış sərhədlərimizdədir. Əksinə, Ermənistan Azərbaycan ərazisinin müəyyən hissəsindən geri çəkilmək istəmir. Məsələn, Qazax rayonunun 7 kəndi, Naxçıvan Muxtar Respublikasının Kərki kəndi hələ də Ermənistanın işğalındadır”.
Vacib məqam odur ki, Azərbaycan tərəfi hər dəfə düşmənin layiqli cavabını verir. Azad olunmuş ərazilərdə, eləcə də Ermənistan sərhəddində möhkəmlənməkdə davam edir. Ermənistan belə təxribatlarla, atəşkəsi pozmaqla öz vəziyyətini pisləşdirir, daha çox itkilərə məruz qalır: “Qarşı tərəf hər dəfə həlak olanlar və yaralılar barədə rəsmi açıqlama verməli olur. Yəni, Azərbaycan Ordusu bu gün sərhədlərimizi qorumağa, ərazi bütövlüyümüzü təmin etməyə qadir, qalib, müzəffər ordudur. Düşmənin təxribat cəhdlərinin qarşısı, bu mənada, ciddi və qətiyyətli bir şəkildə alınır”.
Siyasi ekspertin fikrincə, fakt odur ki, Ermənistan regionda militarist, destruktiv mövqeyi ilə müstəqil, suveren dövlət deyil, forpost olmaqda maraqlıdır: “Bu ölkənin Rusiyanın forpostu olmaqla Azərbaycan torpaqlarını işğalda saxlamaq, hətta təkrar bizim ərazilərimiz hesabına yenidən genişlənmək səyləri fiaskoya uğrayıb. İndi onlar oxşar ssenarini əsasən, Qərb ölkələrinə, xüsusən, ABŞ-a, Fransaya “sığınaraq” həyata keçirmək istəyirlər. Hətta əhalisinin sayına görə, dünyada ikinci olan Hindistanda özlərinə dayaq axtarırlar”. Lakin hüquqi, hərbi-siyasi istiqamətlərdə olduğu kimi, diplomatik müstəvidə də Azərbaycan yetərincə güclüdür, qarşı tərəfin uğursuz əks-piarını dəf etməyi, həqiqəti bütün dünya ölkələrinə çatdırmağı bacarır.
Nail Cəlil belə bir fakta diqqəti çəkib ki, Azərbaycan hərbi-siyasi müstəvidə olduğu kimi, beynəlxalq münasibətlər səviyyəsində də Ermənistandan dəfələrlə fəaldır və güclüdür. Ölkəmiz bütün regional və transmilli problemlərin həllində BMT-nin sənədlərinə, beynəlxalq hüquqa istinad edir: “Məhz bunun nəticəsidir ki, Azərbaycan üçün hərbi-siyasi cəhətdən mürəkkəb, çıxılmaz vəziyyətdə belə, ölkəmiz BMT-nin Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarımızın qeyd-şərtsiz azad edilməsi ilə bağlı dörd ardıcıl qətnamə qəbul etməsinə nail olub. 44 günlük Vətən müharibəsində işğal faktının aradan qaldırılması zərurətini təsdiqləyən hüquqi əsas kimi bu qətnamələrə geniş istinad edilirdi. Bundan əlavə, Azərbaycan Ermənistandan fərqli olaraq, BMT-nin Təhlükəsizlik Şurasının müddətli üzvü seçilmiş ölkələrdəndir. Bir çox regional, beynəlxalq təşkilatlarda liderlik mövqeyi ilə seçilir, fəal aktorluq edir. Məsələn, Azərbaycan hazırda Bloklara Qoşulmamaq Hərəkatına sədrlik, ev sahbilyi edir, İslam Konfransı Təşkilatının bərabərhüquqlu üzvüdür, bütün qonşu dövlətlərə yaxşı münasibətlər saxlayır, ərazi bütövlüyü və suveren sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqdir. Ətrafında olan bütün dövlətlərdən kiçik, 2,5 milyonluq əhalisi olan Ermənistanın isə hətta onunla həmsərhəd olmayan Rusiyaya belə, absurd ərazi iddiası var. Rəsmi İrəvan bunu dilə gətirməsə də, erməni politoloqlar “Rusiya bölünərsə, onun bir neçə cənub-qərb şəhəri bizə düşür” ifadəsini açıq şəkildə səsləndirməkdən çəkinmirlər”.
Cavid