• 5 İyul 2022
logo
“Bir millət iki dövlət” prinsipi gələcəkdə də prioritet olacaq”

“Bir millət iki dövlət” prinsipi gələcəkdə də prioritet olacaq”

Arzu Nağıyev: “Biz, daim bir yerdə olacağıq”

“Şuşa Bəyannaməsi” artıq öz işini görməkdədir. Türkiyə və Azərbaycan arasında bağlanmış sazişə, Bəyannaməyə uyğun olaraq hər hansı bir dövlətin ərazisinə təhdid olarsa, digər dövlət onun yanında olacaq”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib. O, əlavə edib ki, təbii, burada qardaşlıqdan da söhbət gedir: “Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan dövlətinin Türkiyənin yanında olması bütün protokollara uyğundur. Eyni zamanda bu bir qardaşlıq köməyidir. Təsəvvür edin ki, hansısa dövlətlər bunu təmənna, təyyarələrin, yaxud helikopterlərin icarəsi hesabına edirsə, Azərbaycan isə əksinə bu addımı qardaşlıq borcu olaraq atır. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə əməliyyatlarında peşəkarcasına iştirak etməsi göz qabağındadır. Bildiyiniz kimi artıq üçüncü qrup qardaş ölkəyə göndərilir. Bəllidir ki, bu təhdidin baş verməsinin ciddi səbəbləri var. Hətta bir sıra terror təşkilatları da orada iştirak etdiyini qeyd edir. Bu məsələlərdə də müəyyən araşdırmalar və məlumatların əldə edilməsində də bir yerdəyik. Məhz Türkiyə prezidenti cənab Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürü, eyni zamanda, xarici işlər naziri Mövlud Çavuşoğlunun həmkarı Ceyhun Bayramovla görüşü zamanı da bu proseslərin bir qardaş köməyi olmasını qeyd etməsi çox ciddi münasibətlərdən xəbər verir”.
Millət vəkili əlavə edib ki, Azərbaycandan gedən 3-cü qrup da yanğınsöndürmədə iştirak edəcək: “Bu 40 yanğınsöndürən maşın və 150 personaldan ibarətdir. Bundan öncə də bizim helikopterlərimiz, amfibiya təyyarələrimiz orada iştirak edir. Azərbaycan daim “bir millət iki dövlət” prinsipi kontekstində hərəkət edir. Son hadisələr bunu bütün dünyaya bir daha göstərdi. Düşünürəm, gələcəkdə də bu prinsip prioritet olacaq və biz, daim bir yerdə olacağıq”.

Əli Zülfüqaroğlu