• 21 Yanvar 2022
logo
“Qardaşlarımızın köməyinə qaçmağımızın təməl səbəbi eyni millət olmağımızdır”

“Qardaşlarımızın köməyinə qaçmağımızın təməl səbəbi eyni millət olmağımızdır” - Sahib Alıyev

“Mübağiləsiz demək olar ki, Azərbaycanın hazırda yumşaq güc potensialı bizimlə eyni iqtisadi və digər göstəriciləri olan dövlətlərdən qat-qat çoxdur. Bu da ilk növbədə xalqımızın yardımsevər xarakterindən və dövlət başçımızın yeritdiyi siyasətdən doğur”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında millət vəkili Sahib Alıyev deyib. O, bildirib ki, koronavirus pandemiyası dönəmində dünyanın ən qüdrətli və imkanlı dövlətləri vaksin millətçiliyi edərkən, Azərbaycan Prezidentinin buna qarşı açıq mövqe ortaya qoyması, 30- dan artıq kasıb ölkəyə yardım göndərməsi bunun təsdiqidir: “Qardaş Türkiyəyə yanğınlarla bağlı köməyə gəldikdə, heç şübhəsiz ki, burada cənab Prezidentin müstəsna xidməti var. Fövqaladə Hallar Nazirliyini məhz o yaratdı. Məhz onun tapşırığı ilə həmən nazirlik fövqaladə hallara qarşı ən qabaqcıl texnikayla təchiz edildi ki, hazırda bunun nə dərəcədə vaxtında atılmış önəmli addım olduğunu daha aydın görürük”.
Millət vəkili əlavə edib ki, amma əli yalın da olsaq, biz, xalq və dövlət olaraq bu çətin günlərdə qardaşlarımızın köməyinə qaçmalıydıq, qaçdıq da: “Bunun təməl səbəbi eyni millət, vahid orqanizm olmağımızdır. Orqanizmin bir hissəsinə nəsə olduqda, digər hissəsinin bunu hiss etməməsi, duyarsız qalması mümkünsüzdür. Ona görə də, Türkiyədə zəlzələ olanda da Azərbaycan eyni addımı atmışdı. Böyük Atatürkün "Azərbaycanın acısı acımızdır" fikri hər iki tərəfə yanaşmada keçərlidir. Türkiyənin yanması Azərbaycanın da yanması deməkdir, həm də sözün hər anlamında. Bu baxımdan götürdükdə yanğınsöndürənlərimizin hazırda Türkiyədə etdiklərini kömək adlandırmaq düzgün olmaz. Bu kömək deyil, instinktiv reaksiyadır, sən yanırsansa, mən də yanıram deməkdir. Bu deməkdir ki, söhbət Azərbaycanla Türkiyədən gedirsə, burada "sən" və "mən" yoxdur, "biz" varıq...”.

Əli Zülüfqaroğlu