Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Kuba Respublikasının Xarici İşlər naziri Bruno Rodriges Parilya ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə həmsöhbətlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin kifayət qədər qədim tarixi köklərə malik olduğu qeyd edilərək müasir mərhələdə də qarşılıqlı faydalı şəkildə inkişaf etdiyindən məmnunluq ifadə edilib.
Azərbaycanla Kuba arasında həm ikitərəfli iqtisadi-ticari əməkdaşlığın həyata keçirilməsi, həm də qlobal təşəbbüslər çərçivəsində birgə səylərin vacibliyi vurğulanıb.
Tərəflər BMT və digər beynəlxalq təşkilatlarda qarşılıqlı əsasda göstərilən dəstəyin davam etdiriləcəyini bildiriblər. Eyni zamanda, BMT-nin 2030 il Gündəliyi çərçivəsində iqtisadi və humanitar inkişaf məqsədlərinə nail olmasının vacibliyi qeyd edilib.
Nazirlər qarşılıqlı qaydada edilən əvvəlki səfərləri yada salaraq, bu cür təmasların davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Nazir Bruno Rodriges Parilya Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə dair ümidi ifadə edib.
Nazir E.Məmmədyarov, həmçinin QH ilə G-77 arasında əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətinə diqqət yetirib.
Nazir Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumat verərək, işğalçı ölkənin qeyri-konstruktiv mövqeyi səbəbindən danışıqlarda irəliləyişin əldə olunmamasını bildirib. Belə yanaşmanın beynəlxalq hüquq norma və prinsipləri və BMT TŞ-nin müvafiq qətnaməlinə zidd olduğunu qeyd edib.
Görüşün sonunda Nazir Bruno Rodriges Parilya Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.