• 2 İyul 2022
logo
“Azərbaycanla əlaqələrin daha da möhkəmlənməsinə töhfələr verməyə hazırıq”

“Azərbaycanla əlaqələrin daha da möhkəmlənməsinə töhfələr verməyə hazırıq” - pakistanlı nazir

Qahirədə Ümumdünya Fətva Evləri və Heyətləri Baş katibliyinin təşkilatçılığı “Fətva evləri rəqəmsal texnologiyalar dövründə: İnkişaf problemləri və əməkdaşlıq mexanizmləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda iştirak edən Pakistanın dini işlər və vəqflər naziri Pir Nur-ul Həqq Misirdəki Azərbaycan diaspor təşkilatının rəhbəri, tədqiqatçı-alim Seymur Nəsirovla görüşüb. Bu barədə xalqcəbhəsi.az-a S. Nəsirov məlumat verib.
Pir Nur-ul Həqq bildirib ki, Pakistan və Azərbaycan xalqları qardaşdır və pakistanlılar 44 günlük müharibəni özlərinin ədalətli mübarizəsi kimi qiymətləndiriblər: “Qardaş ölkənin bu müharibədə böyük Zəfəri və öz torpaqlarını işğaldan azad etməsi də Pakistanda milli Qələbə kimi qarşılanıb. Bundan sonra Pakistan qardaş Azərbaycanla birlikdə həmin torpaqlarda quruculuq işlərinin aparılmasını, ermənilərin dağıtdıqları dini, tarixi abidələrin, məscidlərin bərpasını həyata keçirməyə hazırdır”.
Nazir əlavə edib ki, 15 il əvvəl Azərbaycana səfər edib və qardaş ölkədə pakistanlılara münasibətdə böyük ehtiram və sevginin şahidi olub. O deyib ki, Misirdə geniş fəaliyyət göstərən Azərbaycan diaspor mərkəzində pakistanlı tələbələrə göstərilən diqqət və qayğı da təqdirəlayiqdir: “Mən və rəhbərlik etdiyim nazirlik Azərbaycanla əlaqələrin daha da möhkəmlənməsinə töhfələr verməyə hazırıq, qardaş ölkənin müvafiq qurumları və ilahiyyatçı alimləri, din xadimləri ilə sıx əməkdaşlıq edəcəyik. Bu məqsədlə yaxın vaxtlarda Azərbaycana səfər etməyi də nəzərdə tuturam. Pakistan və Azərbaycan liderlərinin dostluq və qardaşlıq münasibətləri, xalqlarımızın bir-birinə yüksək ehtiramı ikitərəfli əlaqələrin daha da inkişafına zəmin yaradır”.