• 27 Noyabr 2020
logo
Bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyatı ilə bağlı seminar keçirilib

Bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyatı ilə bağlı seminar keçirilib

Mərkəzi Seçki Komissiyası (MSK) 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün müxtəlif istiqamətli layihələri davam etdirir.
Trend-in məlumatına görə, bu məqsədlə bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyatı prosedurlarına həsr olunan seminar keçirilib.
Seminarda MSK üzvləri və Katibliyin əməkdaşları tərəfindən bələdiyyə seçkilərində namizədliyin qeydiyyatı üzrə qanunvericiliyin tələbləri, həmçinin namizədliyin irəli sürülməsi və qeydə alınması prosedurlarına dair müxtəlif mövzularda çıxışlar dinlənilib, əyani vəsaitlərdən istifadə edilməklə keçirilən təqdimatlarda mövzularla bağlı ətraflı məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Həmçinin tanışlıq məqsədilə hər bir iştirakçıya MSK-nın bələdiyyə üzvlüyünə namizədlər üçün hazırladığı yaddaş kitabçası təqdim edilib.
Qeyd olunub ki, genişmiqyaslı maarifləndirmə layihəsi kimi gerçəkləşdirilən bu tədbir dairə seçki komissiyalarının məlumatının artırılması və bələdiyyə seçkilərində namizədliyin irəli sürülməsi və qeydiyyatı ilə bağlı onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.
Seminar iki gün davam edəcək və ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyalarını əhatə edəcək. Tədbirlərdə seçki keçirilən dairələrin hər birindən iki təmsilçi – sədr və bələdiyyə üzvlüyünə namizədliyin qeydə alınması üçün təqdim edilən imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə dairə seçki komissiyaları nəzdində yaradılan işçi qrupunun rəhbərləri olmaqla, ümumilikdə 250-yə yaxın aşağı seçki komissiyası rəsmisi iştirak edəcək.