• 27 Yanvar 2022
logo
“Türkiyədəki yanğınlar dərin və hərtərəfli düşünülmüş bir iqtisadi hücumdur”

“Türkiyədəki yanğınlar dərin və hərtərəfli düşünülmüş bir iqtisadi hücumdur”

Turab Rzayev: “Bunun arxasında iqtisadi kəşfiyyat təcrübəsi olan dövlətlərin dayanması şübhəsizdir”

“Xarici Təhlükəsizlik Baş İdarəsi, (Direction Générale de la Sécurité Extérieure (DGSE)), Fransanın xarici kəşfiyyat təşkilatıdır. Fransa Müdafiə Nazirinə tabedir. Bir çox sahədə CIA və MI6-nın əsas rəqibidir. DGSE xüsusilə iqtisadi kəşfiyyat baxımından dünyanın ən hörmətli kəşfiyyat təşkilatlarından biri olaraq qəbul edilir.
Fransa iqtisadi kəşfiyyatı dünyada ən aqressiv istifadə edən ölkələrin ilk sıralarında gəlir. Bir çox analitiklərə görə Fransızlar bu sahədə ancaq Çin kəşfiyyatına uduzurlar”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında analitik Turab Rzayev səsləndirib. O, əlavə edib ki, Fransanın iqtisadi kəşfiyyat ilə bağlı uzun tarixi var: “Tarixə nəzər saldıqda Fransa merkantilist dövlət olub. XIV Lüdovikdən bəri dövlət və özəl biznes əl-ələ verərək fəaliyyət göstəriblər. Yəni kəşfiyyatdan iqtisadi məqsədlər üçün, xüsusilə ticari sirlərin və intellektual mülkiyyətin oğurlanması üçün istifadə Fransada yeni hadisə deyil.
Məsələn; Fransa Xarici Kəşfiyyat İdarəsi amerikalı biznesmenlərin otel otaqlarına daxil olur və əgər hiss eləsələr ki, onların noutbuklarında Fransaya faydalı ola biləcək texnoloji məlumat və ya rəqabət üstünlüyü olan məlumat ola bilər, tamamilə bilinməyən şəkildə o noutbukları yükləyirlər.
Türkiyədəki yanğınların arxasında PKK-ya ilə bağı plan, daha dəqiq desək, PKK-nın təşkilati strukturuna daxil olan "Ateşin Cocukları İnisiatifi" (ACİ) təşkilatının durduğu, bu qrupun meşə yanğınlarını öz üzərlərinə götürdüyü artıq Türkiyə mediasında geniş şəkildə tirajlanıb. Bu qrup daha əvvəl də bənzər yanğınlar törətmiş, hökuməti şantaj etmişdi”.

Türkiyənin turizm potensialını birdəfəlik məhv etməyə hesablanan layihə

Politoloq əlavə edib ki, ancaq nə ACİ, nə də daxil olduğu PKK bu dərəcədə dəqiq və peşəkar fəaliyyət həyata keçirə bilməzlər: “O təşkilatların bu miqyasda sabotaj üçün nə peşəkar əməliyyatçıları, nə texniki imkanları, nə də kəşfiyyat ağlı kifayət edir. Türkiyənin turizm potensialını birdəfəlik və başdan-ayağa məhv edəcək bu layihənin PKK sadəcə icrasında rol oynaya bilər. Bu qədər dərin və hərtərəfli düşünülmüş bir iqtisadi hücumun arxasında illərlə, hətta əsrlərlə iqtisadi kəşfiyyat təcrübəsi olan dövlətin/dövlətlərin dayanması şübhəsizdir.
Həddən çox aqressiv məna daşıyan bu məşhur sloqanda deyildiyi kimi: partout où nécessité fait loi. Yəni: zərurətin qanunu yaratdığı hər yerdə”.

Ərdoğanı yıxmaq planı?

Analitik digər versiyalarla bağlı da fikirlərini açqlayıb. O, əlavə edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı seçkidə məğlub edərək, hakimiyyətdən uzaqlaşdırmaq perspektivi yoxdur: “Ərdoğanı hərbi çevriliş ilə hakimiyyətdən salmaq mümkün deyil.
Ərdoğanın hakimiyyətdən getməsi üçün çox böyük xalq nifrəti, xalqın əsəblərinin gərilməsi lazımdır. Bəs bu necə ola bilər? Bunun üçün Türkiyənin çox pis şərtlər ilə qarşılaşması, xalqın çox pis şərait ilə üzləşməsi lazımdır.
Ən rahatı iqtisadiyyatın çökməsi, ağır iqtisadi böhrandır. Amma Ərdoğan hakimiyyətinin bu cür böhranlardan az zərər ilə çıxdığı görülür. Ancaq əhali yeməyə çörək tapmayacaq səviyyəyə gələrsə, bu Ərdoğanı yıxa bilər. O vəziyyətin yaradılmasına ümid azdır.
İkincisi, böyük bir təbii fəlakət, böyük bir zəlzələ, çox böyük bir sel və ya böyük yanğınlar. Kiçik deyil, çox böyük, Avstraliyanı başdan başa yandıran yanğınlardan. Ya da həddindən artıq insanın canını alacaq zəlzələ və ya sel fəlakəti baş verərsə.
Sonuncu və ən əsası, Türkiyənin hərbi məğlubiyyətə uğraması. Bir çox cəbhələrdə döyüşən türk əsgərinin fərqli yerlərdə, amma eyni vaxtda ağır şəkildə məğlub olması. Türk əsgərinin məcbur geri qayıtması, çox sayda şəhid verilməsi.
Əlbəttə ki, yuxarıdakılar konspirologiyaya da bənzəyir. Amma nəzərə alaq ki, bu proqnozlar meşə yanğınlarından aylarla əvvəl verilib”.

Əli Zülfüqaroğlu