• 27 Oktyabr 2021
logo
Soltan Məmmədov: “Jirinovski kimilərin qeyri-peşəkar açıqlamaları əslində Rusiyanın öz maraqlarına qarşı yönəlib”

Soltan Məmmədov: “Jirinovski kimilərin qeyri-peşəkar açıqlamaları əslində Rusiyanın öz maraqlarına qarşı yönəlib”

"Azərbaycan-Rusiya münasibətlərini tarixi amillər və mövcud geosiyasi reallıqlar kontekstindən qiymətləndirmək lazımdır. Emosional yanaşmalar, reallıqları nəzərə almayan dəyərləndirmələr bu münasibətlərin əsl mahiyyətini, iki ölkə arasında əlaqələrin məğzini düzgün başa düşməyə mane olur".
Bunu APA-ya açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda”ya müsahibəsi haqqında fikirlərini bölüşən Milli Məclisin deputatı Soltan Məmmədov bildirib.
Deputat qeyd edib ki, bu gün Azərbaycan və Rusiya prezidentləri arasında olan qarşılıqlı inam və etimad iki ölkənin strateji tərəfdaşa çevrilməsini şərtləndirən başlıca amil kimi çıxış edir. S. Məmmədov Vladimir Jirinovskinin ciddi siyasi fiqur obrazını çoxdan itirdiyini qeyd edərək vurğulayıb ki, Azərbaycan ötən il 44 günlük Vətən Müharibəsində öz ərazi bütövlüyünü bərpa edib, beynəlxalq hüququn tələblərini yerinə yetirib: “Rusiya sülhməramlı kontingentinin bu gün Azərbaycan ərazisində yerinə yetirdiyi missiyanın məqsəd və mahiyyəti ilə Jirinovskinin açıqlaması arasında çox kəskin ziddiyyət var. Təəssüf ki, bu şəxs əslində vətəndaşı olduğu dövlətin strateji maraqlarını da dəqiq analiz edə bilmir. Hesab edirəm ki, Vladimir Jirinovski kimilərin bu cür lüzumsuz, məzmunsuz və qeyri-peşəkar açıqlamaları əslində Rusiyanın öz maraqlarına qarşı yönəlib. Çünki Azərbaycanın nəinki Cənubi Qafqazda, bütün dünyada ən etibarlı tərəfdaş olduğu hər kəsə məlumdur. Bizim Rusiya ilə münasibətlərimiz də məhz qarşılıqlı etimada əsaslanır”.
Deputat V.Jirinovskinin fikirlərinin regionda baş verən prosesləri primitiv baxış bucağından qiymətləndirmənin təzahürü olduğunu qeyd edib: “İctimai-siyasi fəaliyyətlə məşğul olan hər bir şəxs dövlətlərarası münasibətlərdə danışarkən ehtiyatlı və diqqətli olmağa məcburdur. Lakin Vladimir Jirinovskinin ictimai rəydə uzun illər ərzində formalaşmış məlum bir imici var. Onun hər yeni açıqlaması imicinə yeni müsbət olmayan çalarlar əlavə edir. Düşünürəm ki, bu cür insanların öz imicləri haqqında düşünməsi özləri üçün də, cəmiyyət üçün də başqa ölkələrin fəaliyyətinə qiymət verməkdən daha faydalı olardı”.