• 25 Sentyabr 2021
logo
Ürəklə ölçülən qardaşlıq

Ürəklə ölçülən qardaşlıq

Azərbaycan-Türkiyə dostluq-qardaşlıq münasibətlərini bu münasibətlərdən kənar bir müstəvidə olduğu kimi ifadə edəcək nə bir nümunə, nə də atalar sözü var. Nümunə varsa da yenə Azərbaycan-Türkiyə münasibətlərindədir. Mustafa Kamal Atatürkün və Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərinə ayna tutan deyimləri də bir millətin iki dövlətinin birliyindən, bütövlüyündən qaynaqlanır.

Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyimi Türkiyə-Azərbaycan qardaşlığının qarşılıqlı sevgi, könül bağı tərəfini ifadə edirsə, Heydər Əliyevin “Bir millət – iki dövlət” kəlamı Azərbaycan-Türkiyə qardaşlığının təməlində vahid milli iradənin dayandığını əks etdirir.

Azərbaycan-Türkiyə qardaşlığını simvolizə edən deyimlər o qədər içdən, o qədər səmimidir ki, onları başqalarına münasibətdə eyni səmimiyyətlə, eyni duyğularla ifadə etmək mümkün deyil.

“Qardaş qardaşa borc verməz”, “Qardaş dediyin “yardım edim” deyə soruşmaz, yardıma qaçar”... İndi gerçək insanların söylədiyi, gerçək tarixi faktlardan qaynaqlanan bu gözəl, sevgi dolu, qardaşlığın bütün gözəl tərəflərini əks etdirən bu deyimlərə, sözlərə uyğun gələn bir münasibət tap, görüm necə tapırsan... Mümkün deyil... Çünki bizim qardaşlığımız çörəklə deyil, ürəklə ölçülür.

...Türkiyədə baş verən yanğın, qardaş və bacılarımızın faciəli ölümü Azərbaycanda hər kəsin ürəyini yandırdı, ruhunu sarsıtdı. Kaş ki, aralıqda bu qədər məsafə olmayaydı... O zaman milyonlarla azərbaycanlı qaçaraq gedərdi qardaşlarının köməyinə... Çaylar, göllər, dənizlər qurusa, kirpiyində bir damla yaş aparardı hər kəs... Türkiyənin acısını uzaqdan seyr etmək olmur. Bilmirəm, bunun izahı nədir. Bu, qardaşlıqdan çox-çox üstdə dayanan bir münasibətdir, bir hissdir, bir dünyagörüşüdür. Bu sol gözün ağrısına sağ gözün yaş tökməsidir...

Yardıma qaçan qardaş....

Artıq Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyəyə Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar göndərilib.

Yanğınların söndürülməsi və fəsadlarının aradan qaldırılması üçün dövlətimizin və xalqımızın əlindən gələni əsirgəməyəcəyinəkimsənin zərrə qədər də şübhəsi yoxdur. Bu bir sınaq anıdır və hər zaman olduğu kimi bu sınaqdan da üzüağ çıxacağıq.

Azərbaycan və Türkiyə qardaşlığı bölgənin daşlaşmış reallıqlarını dəyişib, bir zamanlar işğalla, həsrətlə, ağrıyla anılan Şuşamızın adını biliyimizin simvolu olan tarixi sənədə daşıyıb və bu birliyin üzərindən Türk Dünyasının işıqlı sabahına körpü salıb. Gələcək bizimdir!

Heç bir yanğın, heç bir təbii, yaxud xain əlinin törətdiyi fəlakət bizim mənivi birliyimiz qarşısında duruş gətirə bilməz.

Necə ki, hiyləgər düşmən və onun himayəçiləri duruş gətirə bilmədi...

Elçin Mirzəbəyli