• 4 İyun 2023
logo
“Ermənistan hər bir vəchlə delimitasiya məsələlərini arxa plana keçirməyə cəhd göstərir”

“Ermənistan hər bir vəchlə delimitasiya məsələlərini arxa plana keçirməyə cəhd göstərir” -Tural İsmayılov

“Ermənistan daim üçüncü tərəfləri Ermənistan-Azərbaycan arasındakı sərhəd məsələlərinə cəlb etməyə çalışıb. 2020-ci ilin iyulunda iki ölkənin dövlət sərhədində törədilmiş təxribat da bu məqsədlərə xidmət edirdi”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tural İsmayılov
deyib. O, diqqətə çatdırıb ki, dövlət sərhədində təxribatlar törətməklə Ermənistan eyni xətti inkişaf etdirməyə çalışır: “Ermənistan tərəfindən açıq şəkildə iki ölkənin dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə danışıqlardan imtina edilir. İki ölkənin dövlət sərhədində gərginlik və təxribatlar törətməklə Ermənistan hər bir vəchlə delimitasiya məsələlərini arxa plana keçirməyə cəhd göstərir.
İrəvanın müəyyən xarici dairələr tərəfindən qızışdırılması halları da istisna deyildir. Nəzərə almaq lazımdır ki, Rusiyanın təşəbbüsü ilə Moskvada sərhəd məsələləri üzrə görüşlərin keçirildiyi ərəfədə iki ölkənin sərhədində bu təxribat baş verir. Son dövrlərdə Fransanın Ermənistandakı səfirinin münaqişə hələ bitməyib, status məsələsinə baxılmalıdır kimi bəyanatları Ermənistandakı revanşist qüvvələri yenidən cəsarətləndirir. ABŞ-ın Ermənistandakı səfirinin iki ölkənin sərhədyanı ərazisinə səfərini çox güman ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi siyasi dəstək kimi qəbul edib.
Nikol Paşinyanın seçkilərdən əvvəl bəyan etdiyi kimi, Ermənistan bu yollarla əcnəbi silahlı qüvvələri Ermənistan ərazisinə yerləşdirmək üçün zəmin yaradır”.

Əli Zülfüqaroğlu