• 13 Noyabr 2019
logo
add image
XİN: Cənub Qaz Dəhlizi çərçivəsində inkişaf etdirilən layihələr Bolqarıstan üçün mühüm əhəmiyyət kəsb edir

XİN: Cənub Qaz Dəhlizi çərçivəsində inkişaf etdirilən layihələr Bolqarıstan üçün mühüm əhəmiyyət kəsb edir

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycana rəsmi səfəri çərçivəsində Bolqarıstanın Baş nazirinin müavini, xarici işlər naziri Yekaterina Zahariyeva ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, təkbətək formatda başlayan və daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam edən görüşdə nazirlər iki ölkə arasında bir çox sahələr üzrə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər və əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə ediblər.
E.Məmmədyarov 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı imzalanan Strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından başlıca konseptual sənəd olduğunu qeyd edərək, son illər ərzində onun yerinə yetirilməsi istiqamətində xeyli işlər görüldüyündən bəhs edib. Eyni zamanda, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin strateji əməkdaşlığımızın potensialına uyğun gəlmədiyini söyləyən nazir, bu xüsusda tərəflərin birgə addımları nəzərdən keçirilməli olduğunu söyləyib.
Görüş zamanı E.Məmmədyarov həmçinin Bolqarıstandan olan həmkarına Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm infrastruktur, enerji və nəqliyyat layihələri haqqında məlumat verib və Bolqarıstanın Cənubi Qaz Dəhlizi layihəsi çərçivəsində Yunanıstan – Bolqarıstan İnterkonnektoru vasitəsilə yaradılan bu şəbəkəyə qoşulmasını təqdirəlayiq hal kimi dəyərləndirib.
Azərbaycanlı həmkarının ötən ilin oktyabrında Bolqarıstana səfərini məmnunluqla xatırlayan nazir Y.Zahariyeva iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb. O, Cənubi Qaz Dəhlizi çərçivəsində inkişaf etdirilən layihələrin Bolqarıstan üçün ümdə əhəmiyyət kəsb etdiyini və ölkəsinin digər qonşu ölkələrlə mövcud və tikilməkdə olan interkonnektorlar vasitəsilə Balkan regionunda enerji tranziti üzrə mərkəz qismində çıxış etmək olduğunu bildirib.
İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından Şərq-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizləri, o cümlədən onların mühüm elementi olan Bakı-Tbilisi-Qars dəmir yolu, habelə Qara dəniz üzərindən bərə əlaqəsinin yaratdığı əlverişli perspektivlər barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Bakı-Sofiya istiqamətində olan birbaşa hava reyslərinin iki ölkə arasında turizm mübadilələrinin artırılmasına səbəb olduğu qeyd edilərək, bu istiqamətdə əlavə dinamikaya təkan verilməsi üzrə atıla biləcək addımlar müzakirə edilib.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında danışan nazir E.Məmmədyarov münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin zəruriliyini bildirib. Bu xüsusda, Bolqarıstanın Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə davamlı dəstək mövqeyi məmnuniyyətlə qeyd edilib.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi əməkdaşlığın və qarşılıqlı əsasda dəstək göstərilməsinin perspektivləri üzərində dayanaraq, bu istiqamətdə də səylərin əlaqələndirilməsinə sadiq qalacaqlarını bildiriblər.
Daha sonra tərəflər birgə mətbuat konfransı keçiriblər.