“Regionların tarazlı sosial-iqtisadi inkişafı prioritet olaraq qalmaqdadır. Biz bilirik ki, 2020-ci ildə Qlobal Pandemiya nəticəsində dünya ölkələrində iqtisadiyyatlar tənəzzülə uğrayıb. O cümlədən, Azərbaycan iqtisadiyyatı da -4% geriləmişdi”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, Azərbaycan dünya ölkələrindən fərqli olaraq, qələbəmizlə nəticələnən 44 günlük Vətən Müharibəsi aparıb: “Müharibənin aparılması böyük xərc tələb edir. 2021-ci ildə də pandemiya davam edir. Ölkəmiz həm pandemiyanın törətdiyi fəsadların aradan qaldırılmasında mübarizə aparır, həm də işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində böyük layihələr icra edir. Yəni qeyd demək istədiyim odur ki, dövlət büdcəsi qarşısında yeni reallığa uyğun böyük məsrəflər yaranmasına baxmayaraq regionların inkişaf etdirilməsi ilə əlaqədar nəzərdə tutulmuş bütün proqramlar icra olunur. Cənab Prezidentin Qərb regiona səfəri çərçivəsində açılışları edilmiş bir çox layihələr də bunun əyani sübutudur. Səfər çərçivəsində ölkə başçısı İdman kompleksinin, uşaq bağçasının, su və kanalizasiya sistemlərinin, avtomobil yolunun, sanatoriyanın açılışını edib. Ərsəyə gələn bütün layihələr insanların sosial vəziyyətinin yaxşılaşmasına, ölkəmizin qeyri-neft sektorunu inkişaf etdirməklə iqtisadi gücünün artmasına xidmət edir. Prezident İlham Əliyevin düşünülmüş uzaqgörən siyasəti Azərbaycanı yaxın zamanlarda dünyanın inkişaf etmiş ölkələrinin sırasına çıxardacaq”.
Əli Zülfüqaroğlu