• 4 İyun 2023
logo
Azərbaycan beynəlxalq tərəfdaşlığın güclü aktorudur

Azərbaycan beynəlxalq tərəfdaşlığın güclü aktorudur

“Qoşulmama Hərəkatına üzv dövlətlərin Azərbaycana Hərəkata əlavə 1 il sədrlik etmək barədə müraciətləri ölkəmizin beynəlxalq siyasi nüfuzunun getdikcə artmasının, dövlətimizə dünyada etimadın daha da möhkəmlənməsinin göstəricisidir. Prezident İlham Əliyevin siyasi əzmi və iradəsi, ərazi bütövlüyümüzün bərpası, dünyanın aktual sosial-siyasi problemlərinin həllinə fəal iştirak və tərəfdaşlıq bu müraciəti şərtləndirən əsas amillərdəndir. Dövlət başçısı müvafiq təşkilatın rəsmi tədbirlərində dəfələrlə bütün iştirakçı dövlətlərin maraqlarını, mənafelərini yüksək səviyyədə ifadə edən mütərəqqi təkliflər, müsbət təşəbbüslərlə çıxış edib, Azərbaycanın lideri, layiqli təmsilçisi kimi, böyük təşkilatçılıq və idarəçilik potensialını ortaya qoyub”.

Bu fikirləri “Xalq Cəbhəsi”nə eksklüziv açıqlamasında siyasi ekspert Nail Cəlil səsləndirib.

Tanınmış politoloq müraciəti şərh edərkən bildirib ki, Azərbaycanın dünyada diplomatik-siyasi müstəvidə fəal əməkdaşlığı, beynəlxalq hüququn təməl prinsiplərinə sadiqliyi, hər zaman qlobal məkanda sülh və tərəfdaşlıq mövqeyindən çıxış etməsi Azərbaycanın beynəlxalq münasibətlərin bərabərhüquqlu aktoru kimi təsirini, xüsusi çəkisini əhəmiyyətli dərəcədə artırıb: “Pozitiv nəticə, gözlənilən müsbət beynəlxalq reaksiya özünü çox gözlətməyib. Bu, beynəlxalq tərəfdaşlıq münasibətlərində Azərbaycanın çoxsaylı uğurlarının davamıdır”.

Nail Cəlil onu da vurğulayıb ki, Azərbaycan bununla sivil dünyanın rifahına böyük töhfələr vermək potensialını ortaya qoyur: “Bütün bunlar qlobal siyasi-iqtisadi prosesləri dinamik, effektiv reaksiyanın, maraqları düzgün və səmərəli uzlaşdırmanın, dərin düşünülmüş, dəqiq ölçülüb-biçilmiş, çoxvektorlu, strateji xarakterli siyasətin nəticəsidir”.

Cavid