• 29 Mart 2024
logo
İrəvan Azərbaycanla sülh danışıqlarına getmək məsələsində səmimi deyil

İrəvan Azərbaycanla sülh danışıqlarına getmək məsələsində səmimi deyil

“Üçtərəfli anlaşmaların əldə edilməsindən sonra da Ermənistanın Qarabağ və sərhəd istiqamətlərində atəşkəsi pozması onu göstərir ki, İrəvan Azərbaycanla sülh danışıqlarına getmək məsələsində səmimi deyil. Güman edirəm ki, Paşinyan yaxın perspektivdə də imkanlarının ona verdiyi reallıqlar şəraitində manevrlər etməyə çalışacaq. Paşinyanın əsas istəyi Qərblə bağlıdır. Çünki Rusiya indiki məqamda nə Ermənistanın ondan istədiyi kreditləri, nə də yüksək texnologiyaları ona vermək iqtidarındadır”.
Bunu politoloq Elşən Manafov bildirib.
Politoloq xarici diplomatların Şuşa səfərinə və Minsk qrupuna üzv dövlətlərin Bakıdakı səfirlərinin bu səfərdən imtina etməsi məsələsinə də toxunub: “46 ölkənin səfiri və nümayəndəsi Azərbaycan prezidentinin dəvəti ilə Şuşaya getdi. Münaqişənin nizamlanması ilə məşğul olan ölkələrin səfirlərinin bu səfərdən müxtəlif adlar altında imtina etmələri Azərbaycan cəmiyyətində suallar doğurur. Səfirlər bununla bağlı ünvanlanmış suallara diplomatik etiket qaydaları çərçivəsində cavab veriblər. ABŞ və Fransa səfirliklərinin cavabı bu oldu ki, onlar səfirlərin iş qrafikini açıqlamırlar. Belə ehtimal yaradırlar ki, səfirlər ya həmin gün Bakıda olmayıblar, ya da qrafikə görə Azərbaycan tərəfinin bu dəvətini yerinə yetirə bilməyiblər.
Rusiyaya gəldikdə, o, digər iki ölkədən fərqli olaraq, həm də bu münaqişənin həllində moderator kimi çıxış etdi. Məhz Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında iki anlaşma əldə edilib. Bu razılaşmalar Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını, sülh müqaviləsinin imzalanmasını, bölgədə nəqliyyat xətlərinin açılmasını nəzərdə tutur. Belə anlaşılır ki, hər üç ölkənin səfiri bu məsələdə yekdil mövqedən çıxış edir. Amma mən güman etmirəm ki, onlar arasında bununla bağlı yekdil bir mövqe var. Rusiya vaxtilə tərəflər arasında moderatorluq edib anlaşma əldə olunduqdan sonra bölgəyə öz sülhməramlılarını göndərdəndə bunlar ABŞ və Fransa ilə razılaşdırılmamışdı. Rusiya ABŞ və Fransanı fakt qarşısında qoydu. Təbii ki, bütün bunlar Fransa və ABŞ-da narazılıq doğurdu və bu müqavilələrin şərtlərinə yenidən baxılmasına cəhdlər etdilər. Hətta Azərbaycana da mesajlar ünvanladılar. Bütün bunlar onu göstərir ki, hər üç dövlətin bu eyni mövqedən çıxış etməsi mümkün deyil”.
E.Manafov səfirlərin davranışlarıyla bağlı deyib ki, bu, sadəcə bölgədəki yeni geosiyasi reallıqlardan irəli gəlir. Hesab edirəm ki, Rusiya Azərbaycanla ikitərəfli münasibətlərin əhəmiyyətini bilir. Putin son çıxışında da bildirdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin genişlənməsində maraqlı deyil, bölgədə sabitlik və təhlükəsizliyin təmin olunması üçün əlindən gələni edəcək. Bu onu göstərir ki, Rusiya üçtərəfli anlaşmaların yerinə yetirilməsində maraqlı tərəfdir. Buna görə də düşünürəm ki, Paşinyanın qərbpərəst olmasına baxmayaraq, Rusiya bu və digər formada Paşinyanın seçkilərdə qalib gəlməsindən məmnundur. Paşinyan anlayır ki, Rusiyanın bitərəf mövqedə durması Ermənistanın müharibədəki məğlubiyyətinin səbəblərindən biri oldu. Təbii ki, Ermənistanın məğlubiyyətinin əsas səbəbi, Azərbaycan dövlətinin bu müharibədə bütün parametrlər üzrə üstün mövqedə olması idi. Azərbaycan Ordusu Ermənistanla müqayisə edilməyəcək qədər güclüdür. Pakistan və Türkiyədən verilən dəstək də qələbəmizdə ciddi rol oynadı: “Dediyim kimi, Rusiya və KTMT-nin digər üzv dövlətləri bu müharibədə Ermənistana heç bir dəstək vermədilər. Bu da anlaşılandır, çünki Paşinyanın beynəlxalq hüquq normalarına zidd davranışları göz qabağında idi. Bütün bu amillər Ermənistanın məğlubiyyətinə səbəb oldu. Səfirlərə gəldikdə, ayrı-ayrı güclər arasında bölgədə gedən geosiyasi mübarizə yeni müstəviyə keçir. Nəzərə alsaq ki, Zəngəzur dəhlizi də Rusiya hərbi qüvvələrinin nəzarəti altında işləyəcək, bu da Fransa və ABŞ-ı məmnun etmir. Buna görə də güman etmirəm ki, Minsk qrupunda təmsil olunan dövlətlər birgə mövqe nümayiş etdirirlər”.
Politoloqun filrincə, ABŞ səfirinin son açıqlamasında belə anlaşılır ki, Vaşinqton bundan sonra da ATƏT-in Minsk qrupu çərçivəsində Moskva ilə əməkdaşlıq etməyə hazırdır. Digər iki ölkə də bunda maraqlıdır. Baş verənlər onu göstərir ki, hər üç dövlət “Dağlıq Qarabağ məsələsinin hüquqi həlli” ilə bağlı hansısa əlverişli fürsət və məqam gözləyirlər. Azərbaycan Prezidenti isə dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağın statusundan söhbət gedə bilməz. Rusiya Prezidentinin açıqlamasında da bu məqama diqqət çəkildi ki, indiki məqamda Dağlıq Qarabağın hüquqi statusu ilə bağlı danışıqlara lüzum görülmür. Bu açıqlamada “indiki məqam” vurğusu ona işarədir ki, Rusiya uzaq perspektivdə status məsələsindən imtina etmək fikrində deyil. Ümumiyyətlə, “Dağlıq Qarabağ məsələsi” bölgədə müstəqil siyasət yürüdən Azərbaycan və onun hakimiyyətinə qarşı təzyiq vasitələrini saxlamaq üçün adıçəkilən dövlətlər tərəfindən düşünülmüş geosiyasi layihədir. Güman edirəm ki, hər üç dövlət yaxın perspektivdə bu layihədən imtina etməyəcək.
Milli Məclisin deputatı Arzu Nağıyev isə qeyd edib ki, Şuşaya gedən diplomatik korpusun nümayəndələrinə Ermənistanın nota verməsi çox absurd və gülüncdür. Əvvəla, Ermənistanın XİN naziri yoxdur və XİN naziri olmayan bir dövlətdə notanı kimin verməsi özü sual altındadır.
Deputatın sözlərinə görə, nə qədər ki, Ermənistanda seçkilərdən sonra dövlət, hakimiyyət formalaşmayıb bu proseslər o zamana qədər davam edəcək: “Çünki naməlum şəraitdə revanşistlərin, eyni zamanda Sarksyan-Koçaryanın inhisarında olan qüvvələr hələ də var. Azərbaycanın ərazi bütövlüyünün bərpası fonunda kimin hara dəvət olunmasının Ermənistana və digər başqa heç bir ölkəyə də dəxli yoxdur”.
Arzu Nağıyev vurğulayıb ki, bu addımlar onu göstərir ki, ermənilər öz məğlubiyyətləri ilə barışmaq istəmirlər: “Bu məğlubiyyətlə barışmadıqlarına görə də gah sərhəddə, gah da diplomatik səviyyədə təxribatlar törədirlər. ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələrin səfirlərinin Şuşa səfərinə getməməsi və bu addıma ciddi izahat verilməməsi də bu problemə təsir edən əsas amillərdən biridir. Ermənistandakı bugünkü xaos nə zamana qədər ki, davam edir və seçkilərdən sonra dövlət formalaşmayıb, inaqurasiya mərasimi başa çatmayıb bu proseslər belə də qalacaqdır”.
Politoloq Qabil Hüseynli də deyib ki, Ermənistanın bu ilin 9 iyul tarixində Azərbaycanda akkreditə olunan ölkələrin səfirlərinin Şuşa şəhərinə səfəri ilə əlaqədar xarici ölkələrin Ermənistandakı diplomatik nümayəndəliklərinə nota təqdim etməsi siyasi həyasızlığın son həddidir. Bir ölkənin başqa bir ölkənin beynəlxalq hüquqla tanınan qanuni torpaqlarına o ölkədə akkreditə olunan ölkələrin səfirlərinin səfər etməsi ilə bağlı nota təqdim etməsi beynəlxalq hüquqa görə qanunsuzdur.
Q.Hüseynli qeyd edib ki, Ermənistanın bu addımı beynəlxalq hüquqa və ölkələrin ərazi bütövlüyünə hörmət etmədiyinin sübutudur:
“Rəsmi İrəvan bu davranışı ilə bir daha göstərmiş oldu ki, heç bir halda onunla uzlaşmaq mümkün deyil. Bu gün Azərbaycan və Türkiyə regional proseslərə Ermənistanın qatılmasında maraqlıdır. Regionda gərginlik, müharibə heç bir ölkə üçün müsbət gələcək vəd etmir. Lakin 44 günlük müharibədəki biabırçı məğlubiyyətdən sonra belə Ermənistan işğal siyasətindən əl çəkmir və Şuşaya səfər etdiyi üçün diplomatların təmsil olunduğu ölkələrə nota verir.
Rəsmi İrəvana heç bir məsələdə bundan sonra güzəştə getmək olmaz. Hətta bu davranışa cavab olaraq Laçın dəhlizi üzərindən rəsmi Ermənistana təzyiq edilməlidir”.
Şuşadan söz düşmüşkən, dünən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.
Jurnalist Elçin Alıoğlu deyib ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yarıtmaz fəaliyyətinin nəticəsidir ki, silahlı ermənilər mövqelərimizə qarşı təxribata əl atırlar.
Jurnalist erməni separatçılarının Şuşadakı mövqelərimizə qarşı əl atdıqları təxribata münasibət bildirib:
“Şuşa ətrafındakı mövqelərimiz atəşə tutuldu, hərbçilərimiz arasında həlak olan və yaralanan yoxdur. Banderloqların, bu məxluqatın avtomatlardan və pulemyotlardan atəş açmaları əslində Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yarıtmaz fəaliyyətinin daha bir göstəricisidir. Hadisənin niyə baş verməsinin cavabı da, Qarabağda rusiyalı sülhməramlıların müvəqqəti dislokasiya-nəzarət arealında erməni silahlıların hələ də asudə dolaşmasıdır. Çox rahat, sərbəst şəkildə hərəkət edirlər.
Qarabağlı banderloqlar tam tərksilah edilərsə, onların Xankəndində və hələlik rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdəki saylarının saxta və süni demoqrafik hesabatlar vasitəsilə “normal” göstərilməsindən vaz keçilərək real rəqəmlər açıqlanarsa, gerçək durum bəyan edilərsə, rusiyalı sülhməramlıların heç nəyə lazım olmadığı üzə çıxacaq.
Məhz ermənilərə az qala hamilik edən, “dinc yerli sakinlərin təhlükəsizliyinin təminatı” adı altında qarabağlı ermənilərin əməllərinə göz yuman, onların sarsaq və idiot xəyallara düşməsinə rəvac verən rusiyalı sülhməramlılardır. Əlbəttə “Dəmir yumruq” yerindədir, indi isə “dəmir təpik” başlaya bilər”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin fikrincə ki, Rusiya sülhməramlıları ermənilərə himayədarlıq etməklə məşğuldurlar:
“Ümumiyyətlə, əvvəldən sülhməramlı adlandırılan Rusiya hərbçiləri deyirdik, amma bu gün artıq Rusiya “erməniməramlıları” deyirəm. Çünki bunlar sülh məramı göstərmədilər. Artıq 8 aya yaxındır ki, heç bir sülhməramlı missiya yerinə yetirməyiblər. Faktiki olaraq vəzifələrinin öhdəsindən gəlmirlər, dəfələrlə səlahiyyətlərini aşıblar. Ermənilərə himayədarlıq etməklə məşğuldurlar. Onların məsuliyyət dairəsində olan ərazidən Şuşa atəşə tutulursa, bu, birbaşa Rusiya sülhməramlılarının məsuliyyətidir. Onlara çox ciddi xəbərdarlıq edilməlidir. Əgər belə hal davam edərsə, Azərbaycan Rusiya hərbçilərinin oradan birdəfəlik getməsini tələb etməlidir. Çünki bu cinayətkarlar təxribat və diversiya əməllərini davam etdirir”.
Partiya sədri əlavə edib ki, Azərbaycan bu məsələ ilə bağlı Rusiyaya ciddi xəbərdarlıq etməlidir:
“10 noyabr bəyannaməsinin 4-cü bəndində birmənalı şəkildə qeyd olunub ki, erməni hərbi birləşmələri o əraziləri təkr etməlidir. Tərk etməyibsə, artıq bəyanat pozulub. Bəyannamənin altında isə Rusiya Prezidentinin də imzası var. Deməli, Rusiya Prezidenti sülhməramlılara bilavasitə komandanlıq edir, ya da onun imzasına hörmət edilmir. Konkret olaraq Azərbaycan bununla bağlı ölçü götürməlidir. Biz gözləməli deyilik ki, Azərbaycanın ərazilərində hansısa hərbçimiz və ya mülki vətəndaşımız şəhid olsun. Konkret tələb qoyulmalı və bu məsələ çox ciddi şəkildə qabardılmalıdır”.

Cavid