Yaxud Şahidovun növbəti saxta hal şahidliyi
Vətən müharibəsindən bir neçə müddət öncə erməni lobbisinin Azərbaycanın ictimai rəyinə təslimçilik toxumu səpmək məqsədilə dövriyyəyə buraxdığı "Müharibəyə necə getməməli" adlı kitabın təqdimatında torpaqları işğal altında olan bir ölkənin vətəndaşı kimi tutduğu mövqedən utanmayaraq, "sülh göyərçinliyi" edən Əhməd Şahidov birdən-birə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə canını fəda edən igidlərimizdən birinin ailəsinin "qayğısına qalmaq" qərarına gəlib. Həm də Türkiyənin "Ulusal" kanalından... Çox əcəb. Olsun. Türkiyə qardaş dövlətdir, sevincimiz də, kədərimiz də eynidir. Amma ortalıqda gerçəkliklə yanaşı bir mənəvi haqq məsələsi də var. Həmin bu Əhməd Şahidovun "Müharibəyə necə getməməli" adlı kitabın təqdimatında səsləndirdiyi fikirləri təkrarən onun və dəyərli oxucularımızın diqqətinə çatdırmaqla, məsələnin "mənəvi haqq"la bağlı tərəfinə də ayna tutmaq niyyətindəyik. Beləliklə, sözügedən çıxışla bağlı çıxışında Əhməd Şahidov deyirdi ki, "Biz sülhün inşasına (sülh quruculuğu prosesinə) orta məktəblərdən başlamalıyıq. Çünki ola bilsin ki, babalarımız, atalarımız bir-biri ilə müharibədə olduqları üçün sülhü qəbul etmirlər, çünki qarşı-qarşıya döyüşdükləri günləri xatırlaya bilərlər. 10-20 il əvvəl biz ön cəbhədə necə bir-birimizi öldürdüyümüzü, müharibədə olduğumuzu xatırlaya bilərik, amma uşaqların düşmənimiz kim olduğu haqqında heç bir təsəvvürləri yoxdur, onlar günahsızdırlar, müharibə haqqında düşünmürlər və sülhlə yaşamalıdırlar. Buna görə də, bəlkə də biz bu çətin məsuliyyəti onlara ötürməliyik. Onlara sülhü, birgə yaşamağı öyrədərək. Buna görə də mən bu fikri – sülhü orta məktəbdən inşa etməyi dəstəkləyirəm. Biz bu ideyanı tətbiq etməliyik. Bəlkə də biz sülhü öytətmək üçün qanunlarımızı, təhsil sistemimizi dəyişməliyik. Amma reallıq budur ki, bizim məktəblərdə vətənpərvər, millətçi təhsil daha müntəsəm tədris olunur. Birinci sinifdən biz uşaqlarımıza öyrədirik ki, sənin düşmənin kimdir... Bu millət sənin düşmənindir, bu din sənin deyil, sən mütləq islama və ya xrisianlığa inanmalısan və bu yolla gələcəkdə sülhün əldə edilməsi yoluna maneələr qoyuruq". Qeyd edim ki, Əhməd Şahidovun bu yazıda kiçicik bir iqtibasla diqqətinizə təqdim etdiyimiz çıxışı 44 günlük Vətən müharibəsindən xeyli öncənin məsələsidir. Və bu çıxışda Şahidov təklif edir ki, biz Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsini qeyri-müəyyən müddətə və bəlkə də həmişəlik bir kənara qoymalı, təhsil sistemimizi, qanunlarımızı dəyişməli, uşaqlarımıza balaca Zəhraların necə qətlə yetirildiyini, Xocalı soyqırımı zamanı gözləri çıxarılmış korpələrimizi unutdurmalı, şəhid məzarlarını - vaxtilə bolşeviklər Çəmbərəkənd qəbirsanlığında uyuyan Vətən fədailərinin məzarlarının üzərini dəmir-beton konstruksiya ilə örtərək Kirova heykəl ucaltdıqları kimi yenidən və yenidən torpağın altına və daha dərinə gömməli, ermənilərin tarix boyu azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım siyasətini, dəhşətli, amansız terror aktlarını, ağlasığmaz hərbi cinayətləri, yurd yerlərimizin, tarixi abidələrimizin vəhşicəsinə dağıdılmasını tarix kitablarından silməliyik... İndisə bu adam Azərbaycan ailəsində, məktəbində vətənpərvərlik ruhunda yetişdirilən, düşmənin tanıyan və Vətəninin düşmən işğalına məruz qaldığını dərk edərək müqəddəs torpaqlarımızın azdlığı uğrunda canını fəda edən qəhrəmanımızın ailəsi ətrafında ajiotaj yaratmaqla, məğlub durumda olduğumuz zamanlarda qıldığı qələtləri qalib olduğumuz zamanda unutdurmağa çalışır. Əhməd Şahidovun hər birimiz üçün həssas olan məsələlər üzərindən ucuz reytinq qazanmaq və dünənini unutdurmaq cəhdlərinə şəhid anası, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi sədrinin Sona Allahverdiyeva cavab verib. Hesab edirik ki, Sona xanımın müraciətində yer alan bir sıra məqamlar Əhməd Şahidovun və bütün yalançı şahidlərin iddialarına aydınlıq gətirəcək: "Son vaxtlar sosial şəbəkələrdə rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin Qaxın igid oğlu, şəhid balamız Sadiq Məmmədovun ailəsinə etdiyi hörmətsizlik, şəhər bələdiyyəsinin sədri Eyvaz Orucovun şəhidin atasından torpaq almaq üçün rüşvət tələb etməsi ilə bağlı yayılan səs yazıları, materiallar marağımı çəkdi. Bir qaxlı kimi, şəhid anası kimi rayon İcra Hakimiyyətinin başçısı Muşa müəllimlə əlaqə saxlayaraq narahatçılığımı və şəhidin ailəsi ilə görüşmək istədiyimi bildirdim. Şəhidimizin atası Sadəddin mənim şagirdim olmub və bu ailə mənə doğmadır. ...Sadiqin anası məni xoş üzlə qarşıladı və gəlişimdən məmnun oldu. Söhbət zamanı aydın oldu ki, icra başçı haqqında deyilənlər, danışılan haqsız sözlər, bələdiyyə sədrinin torpağın alqı-satqısı ilə bağlı rüşvət istəməsi reallığı əks etdirmir. Hiss olunur ki, Türkiyənin "Ulusal" kanalının efirində Əhməd Şahidovun bunları səsləndirməkdə, populist çıxışında həmişə olduğu kimi "məkirli niyyəti" var. Söhbət zamanı şəhid anası bildirdi ki, onların ailəsi də digər şəhid ailələri kimi diqqət mərkəzindədir. Belə ki, şəhidin həyat yoldaşı Məmmədova Pərvanə Əhmədxan qızı mənzil növbəsinə götürülüb, şəhid valideynlərinə isə ev tikmək üçün həyətyanı torpaq sahəsi ayrılıb. Həmçinn "Yaşat Fondu" tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə ailəyə 10 000 (on min) manat məbləgində vəsait verilib". Sona Məmmədovanın müraciəti yazıya əlavə olunub və dəyərli oxucularımız müraciətin tam mətni ilə tanış ola bilərlər. Əlavə şərhə ehtiyac yoxdur...
http://www.baymedia.az/news/politics/7731.html