Nurlan Qələndərli: “Bəzi xarici şirkətlər Ermənistanla birlikdə hüquqi məsuliyyət daşıyırlar”
“Ermənistan uzun illər ərzində işğal altında saxladığı ərazilərimizdə təkcə tarixi-mədəni abidələri dağıtmayıb, eyni zamanda, ekoloji terror törədib. Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi də bu cinayətlər sırasında yer alır. İşğalçı ölkənin dağ-mədən şirkətlərinin fəaliyyəti faktiki olaraq Oxçuçayda fəlakətli vəziyyət yaradıb”. Bu fikirləri xalq cəbhəsi.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Politoloqun sözlərinə görə, bəzi xarici şirkətlər Ermənistanla birlikdə bu ekoloji terror fəaliyyətində iştirak ediblər və buna görə hüquqi məsuliyyət daşıyırlar: “Bu prosesdə Almaniyanın CRONIMET Holding GmbH şirkətinin yaxından iştirak etməsinə dair konkret faktlar mövcuddur. Bu illeqal fəaliyyət Azərbaycan ictimaiyyəti tərəfindən haqlı narazılıqla qarşılanıb. Lakin Almaniya hökuməti beynəlxalq hüquq normalarına zidd olan bu fəaliyyətlə bağlı faktlardan diqqəti yayındırmaq məqsədilə qara piar kampaniyası təşkil edib ki, bu da birmənalı şəkildə yolverilməzdir. İnsan hüquqlarını, demokratik dəyərləri və humanizm prinsipini üstün tutduğunu iddia edən bir ölkənin hökumətinin illeqal fəaliyyətdən diqqəti yayındırmaq üçün çirkin təbliğat aparması, manipulyasiya etməsi, sadəcə olaraq, siyasi riyakarlıq nümunəsi və beynəlxalq hüquq normalarına tamamilə zidd haldır”.
Əli Zülfüqaroğlu