• 19 Fevral 2025
logo
“Terrorçu dövlət bu cinayəti tək törətməyib”

“Terrorçu dövlət bu cinayəti tək törətməyib”

Hikmət Babaoğlu: “Bu işdə Avropadan olan bəzi ölkələrin timsalında özünə cinayət ortağı da tapıb”

“Ermənistan uzun illər Azərbaycana qarşı ekoloji terror siyasəti həyata keçirib. Bu həm işğal altında saxladığı torpaqlarımızda həm də transərhəd çaylarımızda baş verib”. Bu fikirləri Xalqcəbhəsi.az-a açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, Ermənistan cəzasız qaldığı illər ərzində ekoloji terror siyasətini bir sistem halına gətirib və Azərbaycana külli miqdarda ziyan vurub: “Şübhəsiz ki, onun bu əməlləri öz hüquqi qiymətini alacaq və mütləq cəzalandırılacaq. Ancaq bu, məsələnin yalnız bir tərəfidir. Başqa mühüm bir tərəfi isə odur ki, terrorçu dövlət bu cinayəti tək törətməyib və bu işdə Avropadan olan bəzi ölkələrin timsalında özünə cinayət ortağı da tapıb. Məsələn Almaniyanın CRONIMET Holding GmbH şirkəti Zəngilan rayonu ərazisindən keçən Oxuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi işində Ermənistanın yaxın ortağı olub. Beləliklə iki ortağın dağ-mədən şirkətlərinin cinayətkar fəaliyyəti Oxuçayda fəlakətli vəziyyət yaradıb”.
H.Babaoğlu əlavə edib ki, başqa vaxt insan hüquq və azadlıqlarından həvəslə bəhs edən hətta zaman-zaman qərəzli olaraq Azərbaycanı bu məsələlərdə qınayan Almaniya mətbuatı və höküməti isə nədənsə ona aid olan şirkərin ekoloji terror fəaliyyətinə göz yumur: “Azərbaycan mətbuatının məsələ ilə bağlı çaldığı həyəcan təbilini eşitməzlikdən gəlir. Almaniyanın Azərbaycandakı səfiri sanki məsələni örtbasdır etməklə ilcimai gündəmdən çıxarmağa çalışır. Bu ölkənin Yaşıllar Partiyası isə ümumyyətlə mövzu ilə bağlı mövqe bildirməyə belə lüzum görmür. Deməli belə nəticə hasil olur ki, Almaniyada demokratiya da, insan hüquqları da, ekoloji siyasət də yalnız almanların mənafeyi baxımından lazımlı olanda əhəmiyyətli olur. Başqa digər hallarda isə Almaniyadan kənarda hətta belə cinayətlərə ortaq olmaq belə pis əməl sayılmır. Bu azmış kimi Almaniya mətbuatı Azərbaycana qarşıı çəkindirici vasitə kimi məsələni gündəlikdən çıxarmaq üçün hələ bir informasiya terroru da həyata keçirir. Bütün bunlar Qərbin riyakar siyasətinin bariz nümunələridir. Ancaq Azərbaycan mütləq belə hərəkətlərin qiymətləndirilməsinə və cəzalandırılmasına nail olacaq”.

Əli Zülfüqaroğlu