Gürcüstan ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Ölkələrimiz birlikdə bir sıra önəmli iqtisadi layihələr həyata keçirib. Bu gün mədəniyyət sahəsi də daxil olmaqla, bir çox sahələrdə sıx əməkdaşlıq edirik.
Bunu Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşdən sonra jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, Azərbaycanın mədəniyyət nazirinin Gürcüstana səfəri qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu göstərir.
“Ölkələrimiz arasında münasibətlər bu gün də uğurla inkişaf edir və bu tempi saxlamaq bizim üçün çox vacibdir”, – deyə Zalkaliani vurğulayıb.
Nazir Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının yeni səviyyəyə yüksələcəyinə ümidvar olduğunu bildirib.