• 19 Fevral 2025
logo
Türkiyə-Azərbaycan strateji tərəfdaşlığının yüksəlməsi tarixi hadisədir

Türkiyə-Azərbaycan strateji tərəfdaşlığının yüksəlməsi tarixi hadisədir

Bu ilin ən yadda qalan mühüm hadisələrindən biri də iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanmış bəyannamə oldu. Bu sənədi Türkiyə ilə ikitərəfli münasibətlərin keyfiyyətcə yeni inkişaf mərhələsini rəsmiləşdirən strateji təşəbbüs kimi qiymətləndirirlər. Şuşa Bəyannaməsi, eləcə də Türkiyə Respublikasının Şuşada baş konsulluq açmaq qərarı Azərbaycanın Qarabağ bölgəsi üçün yeni imkanlar açır. Bu imkanlar həm Şuşaya qayıdacaq şuşalılar, həm ətraf rayonların sakinləri, həm də Qarabağda yaşayan ermənilər üçün də firavan gələcək vəd edir. Şuşa Bəyannaməsinin imzalanması əlbəttə ki, ümumilikdə region üçün mühüm tarixi hadisədir. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə (siyasi, iqtisadi, ideoloji, humanitar) davamlı inkişafını təmin edir, eyni zamanda, müttəfiqliyin geostrateji əhəmiyyətini artırır.

Bu gün sirr deyil ki, artıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün də unikal imkan yaranıb. Təbii ki, bu əlverişli imkanı yaradan səbəblər var. Əvvəla, Ermənistanda vəziyyət sabit deyil. Ölkə əhalisi bütün problemlərini birbaşa və ya dolayı yolla Qarabağ erməniləri ilə bağlayır. Qarabağ ermənilərinin isə erməni cəmiyyəti içərisində marginallaşması artır. Ermənistanda yaşayan və erməni diasporunda təmsil olunan bəzi nüfuzlu şəxslər (sabiq Prezident Levon Ter-Petrosyan, onun sabiq xarici siyasət müşaviri Jirayr Liparidyan) Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olduğunu bildirirlər. Blogger İşxan Verdyan, hüquq müdafiəçiləri Vartan Arutyunyan, Georgiy Vanyan, Edqar Xaçatryan müharibə ritorikasının perspektivsizliyini və qonşularla dinc yanaşı yaşamağın əhəmiyyətini xalqa izah edirlər. Bununla bağlı sosial şəbəkələrdə onlarla videomüraciətlər də mövcuddur. Hətta iş o yerə çatıb ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyan da Azərbaycanla sülh müqaviləsinin imzalanmasına tərəfdardır. Bu ruhda olan çıxışlar isə sadə erməni xalqına daha yaxındır. Təbii ki, müharibədən sonra hər şeyin buna doğru gedəcəyi də gözlənilirdi.

Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərin tənzimlənməsinə ABŞ kimi super gücün də münasibəti maraq doğurur. 2021-ci il iyunun 8-də ABŞ Senatının xarici əlaqələr komitəsində Prezident Baydenin 2022-ci maliyyə ili ilə bağlı dinləmələri zamanı bir neçə senator, xüsusilə də Nyu Cersi ştatını təmsil edən demokrat Bob Menendes Dövlət Departamentini Azadlığa Dəstək Aktına 907-ci düzəlişi dayandırmaqla Azərbaycana “yaşıl işıq” yandırmaqda günahlandırdı, erməni əsirlərin isə qanunsuz saxlanıldığını bildirdi. Senatorlar Bred Şerman (demokrat-Kaliforniya) və Barbara Li (demokrat-Kaliforniya) də 907-ci düzəlişin qüvvədə saxlanılmasını tələb etdilər. Dövlət katibi Entoni Blinken suala hazır idi və “bu və digər detallar üzərində iş getdiyini” deməklə kifayətləndi. Dinləmələrdən əvvəl Amerikanın Erməni Milli Komitəsinin (ANCA – Armenian National Committee of America) icraçı direktoru Aram Hamparyan vəd edirdi ki, 907-ci düzəliş yenidən qüvvəyə minəcək və “amerikalıların ödədiyi vergidən 1 dolların belə silah alınıb Azərbaycana göndərilməsinə yol verilməyəcək.” Beləcə Senatdakı dinləmələrlə bağlı erməni cəmiyyətinin gözləntiləri özünü doğrultmadı.

Bundan başqa iyunun 14-də NATO Sammiti çərçivəsində ABŞ Prezidenti Türkiyə Prezidenti ilə görüşdü. Görüşdən sonra Bayden “əminəm ki, Türkiyə və Birləşmiş Ştatlar münasibətlərdə əsl tərəqqiyə nail olacaqlar” bəyanatını verdi. Ərdoğan görüşü “məhsuldar və səmimi” kimi xarakterizə etdi. O, fikirlərinə bunu da əlavə etdi ki, “münasibətlərdə həll oluna bilməyəcək mövzular yoxdur və əməkdaşlıq sahələri problemlərdən daha böyük və zəngindir”. Bu görüşdən əvvəl də erməni toplumu ümid edirdi ki, Bayden Ərdoğana, daha sonra isə Ərdoğan İlham Əliyevə ciddi reaksiya göstərəcək. Baydenlə görüşdən dərhal sonra Ərdoğanın Şuşaya gəlməsi Ermənistanın ümidlərini tamamilə məhv etdi.

Artıq regionda yeni geosiyasi mənzərə yarandı. Bu gün NATO Türkiyənin timsalında regiona daxil olur. Bu isə o deməkdir ki, Rusiyanın Cənubi Qafqazdakı təsir imkanları Qərb dövlətləri tərəfindən tədricən azaldılır. Rusiyanın istər Əfqanıstanda, istər Liviyada, istərsə də Suriyada hərbi kontingent saxlaması daxili iqtisadi vəziyyətin çətinləşməsi ilə müşayiət olunub. Azərbaycan ərazisində rus hərbçilərinin saxlanılması da zəif rus iqtisadiyyatı üçün kifayət qədər xərc tələb edən avantüradır. Erməni toplumu anlayır ki, rus sülhməramlılarının bölgədən getməsi onları azərbaycanlılarla üz-üzə qoyacaq. Belə olan vəziyyətdə azərbaycanlılarla ya savaşmaq, ya da dostluq etmək lazım gələcək. Hər halda savaş intihara bərabərdir...
Yəni sülh Ermənistanın yeganə çıxış yoludur. Mövcud şəraitdə Ermənistan ciddi miqrasiya problemləri də yaşayır. Qarabağda isə miqrasiya problemi daha qabarıqdır. Demoqrafik böhran yaşayan ölkə həm də işçi qüvvəsi, istehsal qüvvəsi, müdafiə qüvvəsi çatışmazlığı ilə üzləşəcək. Deməli, erməni toplumu savaş yox, sülh imkanları axtaracaq.

Yeni münasibətlərin formalaşmasına səbəb olacaq iqtisadi amillər də mövcuddur. Əraziyə yeni sərmayə qoyuluşu gözlənilir. Bu isə o deməkdir ki, bir neçə ildən sonra Şuşa ilə Xankəndinin inkişaf səviyyəsində ciddi fərqlər aydın görünəcək. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları yaranacaq. Beləcə əhalinin durumundakı fərqlər, ticarət imkanları, iş yerləri Azərbaycanı ermənilər üçün daha cazibədar edəcək.

Bir daha Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətinə qayıdaraq xatırlatmaq istərdim ki, bəyannamə 13 oktyabr 1921-ci il tarixində imzalanmış Qars müqaviləsinə iki dost və qardaş ölkənin sadiqliyinin təcəssümüdür. Şuşa Bəyannaməsi 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin davamıdır.
İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan və Türkiyə arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıran Bəyannamə xalqların mənafelərinə bundan sonra da xidmət edəcək. Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsini ehtiva edən sənəd ölkələrin gələcək inkişafına və xalqların rifahına təminat verir.
Bəyannamənin strateji əhəmiyyətini dəyərləndirən mütəxəssislər də qeyd edirlər ki, Azərbaycan və Türkiyənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə qarşılıqlı yardım əməkdaşlığın prinsipial istiqamətidir.

Məsələn diqqət çəkən amillərdən biri tərəflərin məsuliyyətini və Bəyannamənin statusunu müəyyən edən Strateji Əməkdaşlıq Şurasıdır. Bəyannaməyə əsasən tərəflər xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirir, həmçinin bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərir.
Beynəlxalq təşkilatlar müstəvisində qarşılıqlı dəstək amili diqqət çəkir. Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və BMT, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.Bundan başqa beynəlxalq hüquqla qorunan hərbi tərəfdaşlıq nüansı da diqqətdən yayınmamalıdır. Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır.

Bu gün fəxrlə deyə bilərik ki, Ankara ilə Bakı arasında olan sıx münasibətlər dünyada analoqu yoxdur. Bütün bunlar əlbəttə ki, dərin köklərə bağlıdır. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri xalqlarımızın birliyini milli-mənəvi dəyərlər müstəvisində təmin edir. İki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlər siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinə şərait yaradır.
Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycana Türkiyənin mənəvi-siyasi dəstəyi əvəzolunmazdır. Bu gün Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynayır.

Xəzər rayon Gənclər və İdman İdarəsinin aparıcı-məsləhətçisi Natiq Süleymanzadə