• 27 Noyabr 2020
logo
Türkoloq: Xəzər xaqanlığı dövründəki Türk birliyini, Türk ədalətini yenidən ortaya qoymaq lazımdır

Türkoloq: Xəzər xaqanlığı dövründəki Türk birliyini, Türk ədalətini yenidən ortaya qoymaq lazımdır

Sovetlər Birliyinin dağılmasından sonra Azərbaycan-Türkiyə, eləcə də Azərbaycan ilə Qazaxıstan və Orta Asiya ölkələri arasında bir çox sahələrdə əlaqələr qurulub və inkişaf etdirilir.
Bunu AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, türkoloq, dosent Faiq Ələkbərov deyib.
O hesab edir ki, mövcud vəziyyətlə kifayətlənmək olmaz, qarşılıqlı əlaqələrin inkişafında daha çox iş görülməlidir.
Alim əlavə edib ki, 20-25 il bundan əvvəl türkdilli dövlətlər arasında zəif münasibətlərin olduğu sirr deyil. Lakin türk dövlətlərinin sammitinin təsisi mövcud əlaqələrin inkişafında getdikcə çox mühüm rol oynayır: "Daha sonra yaradılmış TÜRKSOY, Türk Şurası, Türk Xalqlarının Parlament Assambleyası türk dövlətləri arasındakı münasibətləri yeni bir mərhələyə qaldırmağa müvəffəq olub. Bunlar Azərbaycan ilə Türk dünyası arasındakı əməkdaşlığı da inkişaf etdirə bilib. Bütün bunlar olduqca əhəmiyyətli olsa da, onlarla kifayətlənmək olmaz, movcud vəziyyəti bir üst səviyyəyə qaldırmaq lazımdır. Xüsusilə, hərbi-siyasi sahədə əməkdaşlığın edilməsi mühüm əhəmiyyət kəsb edir".
Türkoloq alim bildirib ki, Türk birliyinin qurulmasında Türk dövlət başçılarının daha cəsarətli olması vacibdir: "Unutmayaq ki, Rusiya, ABŞ və Avropa Birliyinin maraqları Türk dövlətləri arasında əlaqələrin inkişafına ziddir. Amma bədgüman olmağa dəyməz. Belə ki, bütün çətinliklərə baxmayaraq, ötən dövrlə müqayisədə XX əsrin sonu-XXI əsrdə bu əlaqələrdə xeyli yeni müsbət irəliləyişlər var. Ancaq yetər ki, bununla kifayətlənməyək, yerimizdə durmayaq".
F.Ələkbərov əlavə edib ki, taleyüklü məsələlərdə Türk dövlətləri bir-birinə dəstək olmalıdır. Ancaq təəssüf ki, Qarabağ kimi problemdə bu birgəliyi görmürük: "Bir zamanlar Qazaxıstan bu məsələyə bir qədər həssaslıq göstərirdi, indi o da geri addım atmış kimi görünür. Bu da təsadüf deyil. Rusiyanın təzyiqi bu və ya digər şəkildə özünü biruzə verməkdədir. Ümumiyyətlə, siyasi məsələlərdə parçalanmaya yol vermək olmaz".
Alim ümid edir ki, Türk Şurasının Bakıda keçirilən növbəti toplantısı Türk birliyi yolunda uğurlu bir mərhələ olacaq. Onun sözlərinə görə, Bakıda Türk dövlətlərinin başçılarının birlik və bərabərlik, ortaq soy kök, ortaq tarix, ortaq dil təklifləri də təqdirəlayiq haldır.
F.Ələkbərovun fikrincə, bir zamanlar mövcud olan Hun imperiyasının, Xəzər xaqanlığının, Səlcuqların və başqa Türk dövlətlərinin dövründəki birliyi yenidən bərpa etmək zamanıdır: "Xüsusilə, Xəzər xaqanlığı dövründəki Türk birliyini, o cümlədən, Türk ədalətini, Türk hüququnu, Türk demokratiyasını yenidən ortaya qoymaq lazımdır.
Əgər Xəzər xaqanlığının mərkəzinin də Azərbaycan olduğu nəzərə alınarsa, onda hesab etmək olar ki, Türk Birliyinin varlığı yolunda Azərbaycanın müstəsna rolu olacaq".