• 14 Fevral 2025
logo
“Çıxış üçün 30 dəqiqənin təyin olunması Quran ayəsi deyil”

“Çıxış üçün 30 dəqiqənin təyin olunması Quran ayəsi deyil”

Qüdrət Həsənquliyev: “Deputatları narahat edən məsələlərlə bağlı çıxış etmək üçün parlamentdə imkan yaradılmalıdır”

“Sahibə xanım, bu çox müsbət haldır ki, siz hər dəfə deputatların öz fikirlərini bölüşməsinə imkan yaradırsınız. Amma müşahidə edirik ki, bəzən çıxış üçün 20-30 nəfər yazılır, amma cəmi 10 nəfər çıxış edə bilir”. Bu fikirləri Milli Məclisin növbədənkənar iclasında çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib. Millət vəkili bildirib ki, ona görə də deputatları narahat edən məsələlərlə bağlı çıxış etmək üçün parlamentdə imkanlar yaradılmalıdır: “Çıxış üçün 30 dəqiqənin təyin olunması Quran ayəsi deyil və biz onu dəyişə bilərik, yaxud bu vaxtı artıra bilərik. Mən xatırlayıram, rəhmətlik Murtuz Ələsgərovun spiker olduğu dönəmdə biz, hər həftənin 2 və 5-ci günlərı toplaşırdıq. Milli Məclisdə hər kəs bilirdi ki, 2 və 5-ci gnlər müdəmadi olaraq iclas keçiriləcək. Yəni iclaslarımızın sayını artıra bilərik. Deputatlara imkanlar yaradılmalıdır ki, onları narahat edən məsələlər barədə danışa bilsinlər. Məsələn mən artıq ikinci iclasdır ki, çıxış üçün yazılıram, amma siyahıdakı ilk onluğa düşə bilmədiyim üçün çıxış edə bilmirəm. O zaman belə çıxır ki, mən ilk onluğa heç vaxt düşə bilməsəm, deputat olduğum dövrdə cari məsələlərlə bağlı çıxış etmək imkanım olmayacaq. Xahiş edirəm ki, bu məsələləri nəzərə alaq...”.

Xatırladaq ki, Milli Məcılisdə deputatların cari məsələlərlə bağlı çıxış etməsi üçün 30 dəqiqə vaxt ayrılır. Bu isə yalnız 10 deputatın çıxış etməsinə kifayət edir.

Əli Zülfüqaroğlu