Əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığımız siyasəti birmənalı şəkildə dəstəkləyir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə çıxışı zamanı deyib.
Azərbaycan Prezidenti bildirib:
“Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Bu hesabat bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır. Hesabatda bəzi məqamları mən sizin və Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. Burada bildiyiniz kimi, rəqabətqabiliyyətliliklə bağlı bir çox meyarlar mövcuddur, həm ictimai-siyasi vəziyyət, həm cinayətkarlığa qarşı mübarizə, iqtisadi islahatlar, sosial islahatlar, infrastruktur və digər.
Beləliklə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə Azərbaycan dünyada 18-ci yerdədir. Deyə bilərəm ki, bu hesabat dünyanın 141 ölkəsi arasında keçirilən tədqiqat nəticəsində dərc edilmişdir. Polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə Azərbaycan 30-cu yerdədir. Mülkiyyət hüquqlarının qorunması sahəsində bizim yerimiz 37-cidir. Hökumətin, yəni, dövlətin və rəhbərliyin uzunmüddətli strategiyaya görə Azərbaycan, fikir verin, dünya miqyasında 10-cu yerdədir. Yəni, bu, onu göstərir ki, düşünülmüş uzunmüddətli siyasət Azərbaycanda ən yüksək səviyyədə həyata keçirilir. Rəhbərliyin dəyişikliklərə, yəni, islahatlara meyillilik səviyyəsinə görə biz dünyada beşinci yerdəyik. Nəqliyyat infrastrukturuna görə 31-ci yerdəyik. Yol infrastrukturuna görə 27-ci yerdəyik. Biz keçən hesabatda 34-cü yerdə idik, indiki hesabatda 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Dəmir yollarının səviyyəsinə görə 34-cü yerdəyik. Nəqliyyat xidmətlərinin səmərəliliyinə görə 12-ci yerdəyik. Elektrik enerjisinin əlçatma əmsalına görə biz dünyada ikinci yerdəyik. Son illərdə bu qədər elektrik stansiyalarının, yarımstansiyalarının, ötürücü xətlərin tikilməsi, bax, bizi dünya miqyasında ikinci yerə gətirib çıxardı. Fəal əhalinin rəqəmsal qabiliyyətinə görə 19-cu yerdəyik. Bu, xalqımızın istedadını və mütərəqqi meyillərə yaxın olduğunu göstərir. Biznesi başlamaq baxımından biz 8-ci yerdəyik və bu rəqəmlər əlbəttə ki, həqiqəti əks etdirir, çünki Ümumdünya İqtisadi, Davos İqtisadi Forumu dünyanın aparıcı beynəlxalq maliyyə qurumlarından biridir və çox mötəbər forumdur və bildiyiniz kimi, Azərbaycan prezidenti müntəzəm olaraq forumun iclaslarında iştirak edir.
Bütün bunlar əlbəttə ki, gördüyümüz işlərə verilən yüksək qiymətdir. Ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir və bu yaxınlarda aparılan sorğuya əsasən demək olar ki, əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığımız siyasəti birmənalı şəkildə dəstəkləyir. Əlbəttə ki, bu dəstək bizə güc verir və bizim iradəmizi artırır və biz islahatlara daha da böyük həvəslə, daha da böyük, deməli, imkanlarla öz meylimizi göstəririk və bu islahatları aparırıq”.